Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Dünyada ərzaq qiymətləri rekord səviyyəyə çatıb


Ərzağın qiyməti yüksək qalarsa, vəziyyət 2011-ci ildə daha da pis ola bilər
Ərzağın qiyməti yüksək qalarsa, vəziyyət 2011-ci ildə daha da pis ola bilər
Birləşmiş Millətlər Təşkilatının (BMT) fevralın 3-dəki hesabatında bildirilir ki, yanvarda dünyada ərzaqların qiyməti rekord səviyyəyə çatıb.

BMT-nin Ümumdünya Ərzaq Təşkilatı yeddinci aydır ki, qiymət artımı barədə ardıcıl məlumat hazırlayır. Analitiklərin fikrincə, qiymət artımı yaya qədər davam edəcək.

Təşkilatın iqtisadçı eksperti Abdolreza Abbassian deyir ki, bazarda qeyri-müəyyənlik qiyməti artıran yeni faktordur.

Qiymət artımı Yaxın Şərqdə püskürən üsyanlar və nümayişlərin heç də əsas səbəbi deyil. Amma ekspertlərin fikrincə, bu, hökumətlərə qarşı qəzəbi yönəldən faktordur. Misir 2008-ci ildə qiymət artımı ilə üzləşən 12 ölkədən biri idi.

YANVARDA QİYMƏT 3.4 FAİZ QALXIB


İxrac yönümlü 55 adda ərzaq məhsulunun qiyməti yanvar ayında 3.4 faiz artıb. Ərzaq idxalından asılı olmayan ölkələrə də qlobal dəyişikliyin təsiri az deyil. ABŞ-da bu il 3 faiz bahalaşma proqnozlaşdırılır.

Qiymət artımında dörd əsas faktor göstərilir: hava, artan tələbat, az məhsuldarlıq və məhsulun bioyanacaq istehsalına yönəldilməsi.

Dəyişkən hava bəzi yerlərdə məhsuldarlığa ziyan vurdu. Avstraliyada güclü yağışlar yüksək keyfiyyətli buğdanı zədələdi.

YAXŞI XƏBƏRLƏR DƏ QİYMƏT ARTIMINI DAYANDIRMIR

55 adda ərzaq məhsulunun qiyməti yanvar ayında 3.4 faiz artıb
Abdolreza Abbassian deyir ki, ən yüksək sorta malik Amerika buğdasına tələbat və qiymət artıb:

«Ötən il ABŞ-da soya (paxla) yığımı azalıb, son 50 ildə onların ehtiyatı ən aşağı həddə düşüb. Brokerlər gözləyirlər ki, ABŞ soya, buğda və pambıq arasında əkin sahələrini necə böləcək. Şəkərin də qiyməti son 30 ildə ən yüksək həddə çatıb. Dənli bitkilərin də qiyməti qalxır, amma hələ ki, onların qiyməti 2008-ci ildəki pik həddinə çatmayıb... Hətta Argentinada yağışların yağması və Afrikada yüksək məhsuldarlıq barədə yaxşı xəbərlər də qiymət artımına təsir edə bilməyib».

BAHALAŞMA VARLANMAĞIN NƏTİCƏSİDİR?

Dünya Bankının icraçı direktoru Nqozi Okonco İveala isə deyir ki, qida menyusunun dəyişməsi varlanmanın nəticəsidir, xüsusilə də ətə və taxıla yüksək tələbat olan Çin və Hindistan kimi ölkələrdə:

«2009-cu ildə varlı ölkələr söz vermişdilər ki, kasıb ölkələrə aqrar sahəni inkişaf etdirmək üçün 20 milyard dollar yardım edəcəklər. Ərzaq təhlükəsizliyi üçün 6 milyard dollar Dünya Bankı verdi. Ancaq vəd olunmuş məbləğin 925 milyon dolları ödənilib, çünki donor ölkələrin maliyyə problemləri var. Bu, öz nəticəsini göstərəcək, artıq 1 milyard adam gündəlik ərzaq çatışmazlığı ilə üzləşir».

Bəzi ekspertlər hesab edirlər ki, ərzağın qiyməti yüksək qalarsa, vəziyyət 2011-ci ildə daha da pis ola bilər.
XS
SM
MD
LG