Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:48

"Məncə, Milli Kitab Mükafatını Natiq Rəsulzadə qazanacaq"


Rəşad Məcid (solda) və "Pen klub" proqramının aparıcısı İlqar Rəsul. Azadlıq Radiosunun Bakı studiyası, 10 fevral, 2011
Rəşad Məcid (solda) və "Pen klub" proqramının aparıcısı İlqar Rəsul. Azadlıq Radiosunun Bakı studiyası, 10 fevral, 2011
Azadlıq Radiosunun "Pen klub" proqramının qonağı Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məciddir.

AzadlıqRadiosu:

-Yazıçılar Birliyinin qarşıdan gələn qurultayından nə yeniliklər gözləmək olar?

Rəşad Məcid:

- Yazıçılar Birliyinin qurultayının bu qədər diqqət mərkəzində olmasını müsbət hadisə hesab edirəm.

Bu, ədəbiyyatın cəmiyyətin diqqətinə gəlməsinə bir göstəricidir.


"Onda Qismət də gərək deyəydi ki, Kəramət, sənin yazını Əkrəm Əylisli, Rafiq Tağı və digərlərinin tərifləməsinə baxmayaraq, bu adi inşa səviyyəsində yazılmış lağlağı bir şeydir. Bəzi AYO-çular ədəbiyyatı qeyri-ciddiləşdirərək bura gətirib çıxardıblar. Bu uşaqlar da baxıb elə bilirlər ki, belə yazmaq olar".
Qərara alınıb ki, qurultayqabağı məruzələr dinlənilsin, bu proses başa çatdıqdan sonra AYB-nin 12-ci qurultayı keçirilsin.

Bu da hesab edirəm yayın sonu, payız aylarına çəkər. İlk məruzə artıq olunub, gənc yazar Qismətin məruzəsi.

Bu günlərdə də yəqin ki, İlqar Fəhminin nəsr, Qulu Ağsəsin poeziya üzrə məruzələri dinləniləcək.

AzadlıqRadiosu:

- Bu “məruzə” sözündən sanki sovet qoxusu duyulmur?

Rəşad Məcid:

- Şübhəsiz ki, bu sözün özündə sovet dövründən gələn qoxu, sovet çərçivəsi var.

Bu baxımdan adının nə qoyulmasından asılı olmayaraq bu, qurultaylar arası görülən işlərin, yaranan əsərlərin qiymətləndirilməsidir.

Məruzəni hazırlayan bir nəfər olduğu üçün burada şübhəsiz ki, subyektivlik həmişə olacaq.

Məruzələrin əsasən gənclərə tapşırılması təklifini də Anar müəllim (AYB sədri - Oxu zalı) verdi. İlk qeyri-adi addım da gənclərin yaradıcılığı ilə bağlı məruzənin gənc yazar Qismətə tapşırılması oldu.

Qismətin yaradıcılıq uğurlarına rəğmən hesab edirəm ki, bu, düzgün addım idi.

AzadlıqRadiosu:

- Həmin məruzədə adı çəkilən yazarlardan biri - Aqşin Yenisey isə "Oxu zalı"na müsahibəsində Qisməti “25 yaşlı qoca” adlandırdı və onun belə bir məruzə hazırlamaq üçün hazırlıqlı olmadığını dedi.

Rəşad Məcid:

- Aqşin və onun yaşıdları son illər ədəbi gənclik sahəsində monopoliya yaratmışdılar.

Onlar artıq yaşları keçməsinə baxmayaraq hələ də özlərini yeni ədəbi nəslin, gəncliyin nümayəndələri kimi qələmə verirlər.

Amma zaman da öz işini görür. Yeni, istedadlı, mütaliəli gənclər gəldikcə artıq Aqşin və onun yaşıdları qocalmağa doğru gedirlər.

Özü də təəssüf ki, elə bir ciddi əsər qoymadan qocalırlar. Bu mənada Qismətin savadı, istedadı barədə kimsə diskussiya açarsa, bu qərəzli olar.

Çünki, onun ədəbiyyat sahəsindəki bilgiləri hörmətə layiqdir.

Amma təəssüf ki, Qismət məruzənin tənqidi qeydlər məsələsində çox xəfif tənqidə yol verdi.

Onun həmkarı, “gənc ədiblər” məktəbində birlikdə fəaliyyət göstərdiyi Kəramətin bu məruzə barədə yazısı və iddiaları mən hesab edirəm qərəzli idi.

Halbuki, məncə Qismət Kəramətin romanı haqda müxtəlif yazıçıların dedikləri tənqidi fikirləri misal gətirməməklə onun üzərindən daha sakit keçmişdi.

O kimin əsərini tənqid etmək istəməyibsə, o barədə çox danışmayıb. Ona görə mən bu gənclərin bir-birinə qarşı yaxşı olmayan yazılarla mühiti korlamalarının da əleyhinəyəm.

Həmin məruzəyə başqa gənclərin də fikirlərini görürəm.

Və hesab edirəm ki, hələ yetişməmiş, bir normal cümlə yazmamış adamların bu cür iddia ilə çıxış etmələri gülüncdür.

AzadlıqRadiosu:

- O məruzəni əslində, Qismətin yox, sizin, Əsəd Cahangirin və digər kimlərinsə yazdığı barədə də fikirlər səsləndi...

Rəşad Məcid:

- Əvvəla mənim o məruzəni heç oxumağa da vaxtım olmayıb.

İlk dəfə orada dinlədim. Əsəd Cahanngir də AzadlıqRadiosuna müsahibəsində bu barədə mənim xoşuma gələn belə bir fikir deyib: “Kim nə deyir desin, özüm bilirəm ki, o məruzəni mən yazmamışam. Ola bilsin ki, Qismət Əsəd Cahangirdən hansısa məsləhətlər alıb, ola bilsin Əsəddən sitatlar çox idi, filan.

Amma bu o demək deyil ki, məruzəni Qismət yazmayıb.

Qismətin potensialını bilənlər onun buna qadir olduğunu da bilirlər.

Düşünürəm ki, yaxın vaxtlarda Qismət öz ədəbi tədqiqatlarını ortaya qoyandan sonra onu tanımayanlar da tanıyacaq.

AzadlıqRadiosu:

- Qurultaydan sonra yeni dərgilər, nəşrlər ola bilər?

Rəşad Məcid:

Düşünürəm ki, ortada olan ədəbi nəşrlərin səviyyəsini artırmaq lazımdır.

AzadlıqRadiosu:

- Nəşrləri səviyyəli etmək kimlərinsə dəyişilməsi, yaxud vəsaitin artırılması hesabına olmalıdır?

Rəşad Məcid:

- Dəyişikliklər yəqin ki, olmalıdır. Çünki AYB-nın bir sıra mətbuat orqanlarının rəhbərləri artıq xeyli vaxtdır işləyirlər.

Bu mətbuat orqanlarına yeni nəfəs, yeni ruh, yeni düşüncə tərzi gəlməlidir.

Maliyyə məsələsinə gəlincə, AYB-yə ayrılan vəsait çoxlarının yuxusunu qaçırdan bir məsələdir.

Amma bu elə böyük bir vəsait deyil. Hər halda hesab edirəm ki, ədəbiyyatın gerilədiyi bir vaxtda bu da qənimətdir.

AzadlıqRadiosu:

Sizə gələn SMS-lərdən birini diqqətinizə çatdırırıq. Vüqar yazır Bakıdan:

“Rəşad Məcid, sizin artıq kifayət qədər yaşınız var. İndiyə qədər yazıb ortuya qoyduğunuz bircə hekayəniz məlumdu ədəbi mühitə. Mən nə bir televizya verlişlərində, nə pen klublarda, nə də gənc ədiblərin yığıncaqlarında, ümumiyyətlə bir dəfə də olsun sizin ədəbiyyat söhbəti elədiyinizi eşitməmişəm və görməmişəm. Nəinki mən, heç kim görməyib. Siz hansı haqla Milli Kitab Mükafatının ekspertisiniz? Siz hansı haqla Yazıçılar Birliyində gənclərə rəhbərlik edirsiniz? Siz hansı haqla kimin yaxşı, kimin pis yazıçı olduğunu deyirsiniz?
Xahiş edirəm sualıma cavab verin”.


Rəşad Məcid:

- Gülməli sualdı. Mən 4 kitabın müəllifiyəm. Lap gənclik illərində “Hələ ki vaxt var” adlı şeir kitabım nəşr olunub.

Sonra “10 sentyabr” adlı qalın kitabım nəşr olunub ki, orada həm nəsr, həm poeziya, həm də ədəbi tənqidi yazı nümunələri var.

Amma tale elə gətirdi ki, 80-ci illərdən sonra jurnalistika, qəzetçilik daha çox önə çıxdı.

Bəlkə də həyat öz axarı ilə getsəydi biz daha çox şeir kitabları yazıb “komsomol” mükafatı almaq barədə düşünərdik.

Amma həyat dəyişdi və biz böyük bir imperiyanın dağılmasının, müharibənin, torpaqlarımızın işğalının şahidi olduq.

Və bu o vaxtkı cavanların taleyinə təsirsiz ötmədi. Bununla belə 90-cı illərin ortalarında, o qarışıq mühitdə –AYB–nin ədəbi orqanları çıxmadığı vaxt mən yazarları çap etmək və sair bu kimi məsələlərlə bağlı "525-ci qəzet"də az iş görmədim.

Orada indi bizim özlərini “andeqraund” adlandıran dostlarımızdan tutmuş, “isteblişment”in nümayəndələrinəcən – yəni bir tərəfdə Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi (Həmid uzun müddət bizim qəzertdə çalışıb), digər tərəfdə Anar, Elçin, Əkrəm Əylisli, Afaq Məsud, Ramiz Rövşən, hamısının yazıları “525”də çıxdı.

Qismət
Hətta o vaxt mənə deyirdilər ki, bununla qəzetin populyarlığı aşağı düşəcək.

Amma əksinə oldu və Azərbaycanın böyük ziyalı təbəqəsinin qəzetə marağı yarandı.

Ədəbi prosesin canlanması də məhz ondan sonra başladı.

Düzdü sonrakı dövrlərdə bizim bu gənclərin yaratdığı “Alatoran” jurnalı, müxtəlif saytlar, indi AzadlıqRadiosunun “Oxu zalı” çox böyük işlər görürlər.

Amma o Vüqarın dediyi haqqı mən o zaman-ədəbiyyata maraq azalanda gördüyüm işlərlə qazanmışam.

Mən Azərbaycanda bir istedadlı gənc görəndə çox xöşbəxt oluram.

Və sevinirəm ki. ona hansısa kömək etmək gücündəyəm.

Qaldı MKM və digər məsələlərə, mən heç zaman vicdanımı heç nəyə dəyişməmişəm.

Gördüyüm bütün bu ədəbi işlərdə də düşünürəm ki, obyektivəm.

AzadlıqRadiosu:

Daha bir neçə SMS. Anonim yazır Bakıdan:
Rəşad bəy, salam!
"Bir ədibiniz - II Qismət məruzə elədi, o biri ədibiniz - Kəramət Böyükçöl də onu tənqid elədi. Maraqlıdır, sizin tərbiyənizlə böyüyən bu sözəbaxan uşaqlar özlərini reklam eləmək üçün oyun oynuyur, yoxsa... ?"

Şem yazır:

"Yüz faiz deyəcək ki, ədəbiyyatın xeyrinədir bu gənc ədiblərin çaxnaşması. Onda soruşan gərək, ədəbiyyatdakı başqa məlum çəkişmələri niyə "ədəbiyyatın ziyanına, ədəbiyyatın 50 il geri düşməsi" adlandırırlar? :-))"

Rəşad Məcid:

- Əslində anonim yazanlar əsasən üz-üzə gələndə yaltaqlanan adamlardır.

Digər tərəfdən, mən heç vaxt ədəbi diskussiyaların əleyhinə olmamışam.

Sadəcə cavanların etik normaları pozub yaşlı yazıçılarımıza, artıq dəyərə çevrilmiş insanlarımıza sataşmalarının, onları təhqir etmələrinin əleyhinə olmuşam.

Kəramətə gəlincə, onun Qismətin məruzəsi ilə bağlı fikirlərində bolşevizm kimi epitetlərin işlənməsinə qarşıyam.

O əlbəttə öz fikrini bildirə bilər. Onda Qismət də gərək deyəydi ki, Kəramət sənin yazını Əkrəm Əylisli, Rafiq Tağı və digərlərinin tərifləməsinə baxmayaraq bu adi inşa səviyyəsində yazılmış lağ-lağı bir şeydir.

Bəzi AYO-çular ədəbiyyatı qeyri ciddiləşdirərək bura gətirib çıxardıblar.

Bu uşaqlar da baxıb elə bilirlər ki, belə yazmaq olar. Bu cür ədəbiyyat yaradan adamlara vaxtında demək lazımdı ki. bu sənin işin deyil.

AzadlıqRadiosu:

-SMS. Anonim yazır:
"Bir adam ki, oturub Qaraqanı və onun kitablarını göyə qaldırır, onun peşəkar yazıçı olmasına şübhəm var. Ya da ki, peşəkar yazıçıdır, anlayır ki, reklam etdiyi məhsul keyfiyyətsizdir, sadəcə bizim bilmədiyimiz səbəblərə görə bunu edir".

Rəşad Məcid:

- Qaraqan barədə çox danışmışam. Boynuna məhsuliyyət də qoymuşam ki, 30 ildən sonra Azərbaycana nobel mükafatı gətirməlidir. Mən hesab edirəm onun oxucuları var.

Bizim ən çox satılan yazıçımızdır. Ədəbiyyatla ciddi məşğul olsa, Azərbaycanın çox dəyərli bir yazıçısına çevriləçək.

AzadlıqRadiosu:

-SMS. Cen yazir:
"Kitab müsabiqəsinin eksperti ola-ola Pərviz Cəbrayılın “Yad dildə” romanını necə tənqid edə bilirsiz? Belə ekspertlik ola bilərmi?"

Rəşad Məcid:

- Mən ekspert deyiləm, “jüri”nin üzvüyəm. Mən Pərviz Cəbrayılın “Yad dildə” romanını heç yarısınadək oxuya bilmədim.

Arxasında bir sistem olmayan xaotiklikdən ibarətdir o əsər.

Onun öz dostları istəyirlər desinlər "Pərviz yaxşı yazır" - bu başqa məsələ.

Mən demişəm ki, əgər onu mən yarısınadək oxuya bilməmişəmsə, o hörmətli Rüstəm İbrahimbəyov, Niyazi Mehdi və digər jüri üzvləri onu necə oxuyacaq?

AzadlıqRadiosu:

- Amma bu indidən jürini tənbəlləşdirib romanı oxumadan hansı qərarı qəbul etmək mesajı vermək deyilmi?

Rəşad Məcid:

- Yox. Nigar Köçərli də deyir ki, onlar öz sahələrində brend olan adamlardılar.

Hər halda onlar da iki səhifə oxuyandan sonra bilərlər ki, bu nə əsərdir. Amma oxusunlar da.

Əgər mənim rəyimi soruşsalar mümkün qədər obyektiv rəy verərəm.

Amma bu o demək deyil ki, Pərvizin əsəri çox dahiyanə əsərdir.

Biz qoymadıq, yoxsa birinci yeri tutacaqdı. O əsər birinci yeri heç vaxt tuta bilməz.

Çünki jüri üzvlərinin 90 faizi onu yarımçıq qoyub oxumayacaq.

Və yaxud Samir Sarının “X günü” əsəri. Demək olar ki, publisistikadır.

Məsələn orada Bill Klintonla Monika Levinskinin əhvalatını oxuyan hər hansı jüri üzvü sadəcə olaraq onu atmalıdır kənara ki, bu, ədəbiyyata qeyri ciddi münasibətdir. Elə bil ki, Ağcabədinin hansısa kəndində bir lağlağı sevgi əhvalatını bazar arvadları söhbət edirlər.

AzadlıqRadiosu:

- Olurmu ki, jüri üzvləri bir-birindən soruşsunlar ki, "əsəri oxumağa dəyər, ya yox" və belə qiymətləndirsinlər.

Rəşad Məcid:

- Bu ilk təcrübədir də. Məsələn, bildiyimə görə keçən il jüri üzvlərindən biri sadəcə informasiya almışdı bütün əsərlər barədə və onun əsasında da qiymətləndirmişdi.

İndi bu iş təkmilləşir getdikcə. Hər halda Azərbaycan, onun mənzərəsi budu də.

Tutaq ki, bu jüri üzvlərinin hamısını gətirək edək Əli Əkbər. Seymur Baycan, Rasim Qaraca, Rafiq Tağı, bunlar da seçib “Yad dildə”ni etsinlər birinci yer.

AzadlıqRadiosu:

- Anonimdən daha bir SMS :

"Sİzcə, bu il MK Müsabiqəsini kim udacaq? Qaraqanın yenə şansı var demək olar? Mən Bir milyon dolları oxudum A romanından da maraqlıdı".

Rəşad Məcid:

- Bildiyimə görə Elxan Qaraqan bu il əsər təqdim etməyib. Amma istəyirsinizsə, mükafatçının adını deyə bilərəm.

AzadlıqRadiosu:

- Birinin “fatihəsini” vermisiniz təxminən, indi digərini mükafatlandırırsınız. Deyin görək o kimdi.

Rəşad Məcid:

- Fikrimcə Natiq Rəsulzadə MKM-də birinci yerini tutacaq.

AzadlıqRadiosu:

- Niyə bu fikirdəsiniz?

Rəşad Məcid:

- Müşahidələrim əsasında deyirəm.

AzadlıqRadiosu:

- "Jüri"də Rəşada hörməti olan adamlar qalibi bu fikrə əsaslanıb müəyyən etməzlər ki?

Rəşad Məcid:

- Mən yenə deyirəm o "jüri" gərək Rəşadın dediyi sözə qulaq asmasın...

AzadlıqRadiosu:

Natiq Rəsulzadə
- Müsəlmançılıqdı də, oldu.

Rəşad Məcid:

- Özü əsəri oxusun, qiymət versin. Mən bilmirəm heç ilk 10-luğa kim düşəcək.

Bunu sadəcə olaraq Natiq Rəsulzadənin həddən artıq fəallığına görə zarafatyana dedim.

Amma hər halda 10-luq müəyyənləşəndən sonra hansı əsərlərin ilk yerləri tuta biləcəyini təxmini demək olar.

Amma məsələn keçən il mən hesab edirdim ki. İlqar Fəhminin əsəri - “Bakı tarixindən kollaj” birinci yerə layiq idi, bizim ekspetrtlər onu 20-likdən 10-luğa keçirtmədilər ki. bu publisistikadı.

Hesab edirəm ki. MKM-da keçən il ən böyük haqsızlıq İlqar Fəhmiyə qarşı olub.

Onu da ekspertlər ediblər. Əgər o əsər 10-ğa düşsəydi mütləq birinci yer olardı. Hər halda mən keçən il olduğu kimi bu il də jürinin verdiyi balların açıqlanmasının, şəffaflığın tərəfdarıyam.

AzadlıqRadiosu:

- Rəşad bəy, niyə sevmirlər sizi?

Rəşad Məcid:

- Bilmirəm. Amma sevənlərim çoxdur. Əlavəyə ehtiyac yoxdur. Məsələn mənə elə şevgi mesajları gəlir ki, o sevməyənlərin hamısına dəyər.

AzadlıqRadiosu:

- Sevənlərin öhdəsindən gəlmək asandı, ya sevməyənlərin?

Rəşad Məcid:

- O sevməyənlər hardadı ki, onlarla heç rastlaşmıram. Orada-burada anonim yazırlar, amma özümü görəndə hamısı yaltaqlanır, sevgilərin bildirirlər.

AzadlıqRadiosu:

- Nəyə görə belə edirlər?

Rəşad Məcid:

- Mənə elə gəlir ki, qorxurlar. Bu qorxuya görə də MKM ilə bağlı mənim elə əcaib gücə sahib olduğumu, guya hər şeyi yönəltdiyimi deyirlər.

Üzə gülüb arxada nifrət etmək qorxudandı. Amma mən onlara deyirəm ki, qorxmayın.

Mən də adi insanam və sizin ağlınıza gəlməyəcək dərəcədə ədalətliyəm.

AzadlıqRadiosu:

- Bəlkə kimlərisə incitmisiniz, xəyal qırıqlığına uğramısınız, ümidlərin doğrultmamısınız, ola bilərmi belə?

Rəşad Məcid:

- Zəif olduğu üçün yazısını qaytarıb özümdən incik saldıqlarım da olub.

Amma “525-ci qəzet” bütün dövrlərdə az-çox ədəbi mühiti ehtiva edən yazıları əks etdirib öz səhifələrində.

Gənclərin də üzünə həmişə açıq olub bu qəzet. Hətta lap o bizim AYB-yə müxalif olan hansısa gəncin adını çəkə bilməzsiniz ki, ona “525”-də meydan verilməyə.

Qan Turalıdan tutmuş Seymur Baycana, mənə dost olan və nifrət edən digərlərinin hamısına yer verilib orada.

AzadlıqRadiosu:

- Onda, deməli onlar istedadlı olublar.

Rəşad Məcid:

Rəşad Məcid
- Əlbəttə. Qismən istedadı olanlardan söhbət gedir. Mən onları istedadsız saymıram ki.

Məsələn Seymuru, Əli Əkbəri, Turalı mən çox istedadlı cavanlar sayıram. Sadəcə onlar rəsmi qurumların obyektivliyinə inanmırlar. O da onların öz baxışlarıdır.

AzadlıqRadiosu:

- AYB-yə əks tərəfdə dayananlardan kimlər sizi daha çox valeh edir, əgər edirsə?

Rəşad Məcid:

- Günel Mövlud. Günel çox gözəl şairdi və demişəm ki, əgər o nəsr də yazsa, hamısından gözəl yazacaq.

O çox istedadlıdır. Sonra Əli Əkbər şüurlu şəkildə etdiyi dəlilikləri kənara qoysa, mövcud imkanlarını çəmləşdirib ciddi ədəbiyyatla məşğul olsa hesab edirəm ki, çox yaxşı əsərlər yarada bilər.

Seymur istedadlıdır, indi ola bilər nəfəsi romana çatmır, amma köşə yazılarında çox yaxşıdır.

Nərmin Kamal, düzdü romanı hələ yetişməmişdi, amma çox istedadlıdır.

Tural şübhəsiz ki, istedadlıdı və onların arasında ən savadlılarından biridir.

Aqşin şübhəsiz ki, istedadlıdır, amma heyif olub gedir. Onun mühiti və içində olan müəyyən neqativ məqamlar ona imkan vermədi və verməyəcək yaxşı yazıçı olmağa.

Bu günlərdə Sevinc Çılğının şerlər kitabını oxudum. Məncə o iddialıq şerlər deyil.

Bir neçə şeirdə müəyyən işartılar var, hiss olunur ki, onun bir poetik dünyası yarana bilər.

Amma indi yox də, hələ ki yox də. Buna görə Qisməti Sevinc Çılğının dahiyanə bir əsərini kənara qoymaqda qınamaq olmaz də.

Elə ən böyük hadisə o idi ki, Qismət həmin kitabın adını məruzəyə salmışdı.

AzadlıqRadiosu:

- Rəşad Məcid belə tam olaraq nə dərəcədə qiymətləndirmək məqamındadır?

Rəşad Məcid:

- Mənə elə gəlir ki, o məqamı çoxdan haqq etmişəm, yetişmişəm, və obyektliyimə də söhbət ola bilməz.

AzadlıqRadiosu:

-SMS-lərin sonuncusunda soruşurlar ki, yenə şeir yazırsınızmı?

Rəşad Məcid:

- Çoxdandı şeir yazmıram. Bu yay bir 50 esse yazmışam.

Nəsr əsərləri yazmağa böyük ehtiyacım var. Amma o nəsr əsərlərini yazmaq üçün küllü aləmdən tam təcrid olunmalısan. Mənimsə işlərim həddən çoxdur.

AzadlıqRadiosu:

- Öz şeirlərinizdən birini deyin.

Rəşad Məcid:

- Burdan əvvəl, burdan sonra
Bilə-bilə ki yol yoxdu
Havasızdı, işıqsızdı
Nə sağ yoxdu, nə sol yoxdu
Gedirəm, yenə gedirəm...
Ayrıldıqaca bu qismətin qucağından
Bir sarı kəndir yellənir gözlərimin qabağında
Gedirəm, yenə gedirəm

Birdən ağ nura büründüm
Hər şey apaydın göründü
Bilə bilə ki, ölümdü
Gedirəm, yenə gedirəm.......

AzadlıqRadiosu:

- Yekunlaşdırırq. Kimlərəsə sözünüz varsa deyin.

Rəşad Məcid:

- Anonim imzaların arxasında gizlənib qəhrəmanlıq etmək lazım deyil.

İstedadı olan bu işlə əzmlə, zəhmətlə məşğul olacaqlarsa, heç bir pis Rəşad Məcid onların qarşısını kəsə bilməyəcək.

Heç bir yaxşı Rəşad Məcid də onları layiq olduqları yerdən qabağa ata bilməyəcək.

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
XS
SM
MD
LG