Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:52

USUBOĞLU "Onda durnalar qayıtmışdılar" (Hekayə)


Allahın adı qədər gözəl bir gün idi.

Usta Qasım daşın dimdiyini qırandan sonra qaldırıb əlinə aldı və sol gözünü qıyıb sağ gözüylə daşın bu başından o başına bir usta baxışı baxdı.

Daş xoşuna gəldi. Öz-özünə- Bakının Gülbax daşı daş deyil , qızıldı- dedi.

Elə o cür də palçıq yaxdığı yerə, divarın üstünə mindirdi.

Daş divarda yerini alıb hörgüyə uydu. Malanin ucunda vedrədən palçıq alıb daşın arasına qoydu,cərgənin üstünə yaxandan sonra daşın dərzini aldı və dikəlib divara baxdı.

Gördüyü işdən ləzzət aldı.

Malanı divarın üstünə qoydu.

Qanrılıb həyətın aşağısındakı çinarlara tərəf baxdı.

Durnalar çinarın başındakı yuvalarında ”təmir işlərini” yəqin başa çatdırmışdılar. İndi bəlkə də ona görə qığıldanırdılar.

Quşlarin yuvası bu il də yenə çinarın lap başinda ıdi və bu da bu ilin də quraq keçəcəyindən xəbər verirdi.

Usta Qasım ayaqaltının üstündən atılıb yerə düşdü.

Divardan beş altı metr aralanib hörgüyə bir də uzaqdan baxdı. Öz -özünə-”Gərək divarda daş daşa uya,daş daşı istəyə, yoxsa zorla daşı daşın belinə mindirməklə divar hörmək olmaz.

Daşin divar olması üçün gərək daş daşı səsləyib çağıra, adama da -oranın daşı mənəm, ora mənim yerimdi, ora məni qoy- deyə.

Adam da day usta ola, ha... a, yoxsa gəndigəlmənin biri əlinə mala götürüb, xoruz tara tarranan kimi, divarın üstünə tarranmaya.

Adam gərək daşın daş dilini daş qədər bilə, adam kimi başa düşə ,amma usta kimi davrana daşla.

Yoxsa daşın daş pərsəngini pozsan, tikdiyin başına uçar- bütün bunları düşünə-düşünə usta Qasım əlini döş cibinə atıb bir siqaret çıxardı, damağına qoyub alişqanla odladı.

Dərin bir qüllab alıb tüstünü havaya püfüllətdi.

Yenə də üzünü çinarlara çevirib durnalara baxdı. Durnalar yuvalarinda idilər.

Çinarlı böyük kənd idi. Orta hesabla hər qapıda iki-üç çinar vardı və durub qapı-qapı düşüb gəzsən bütün kənddə bəlkə də min çinar saymaq olardı.

Amma bəlkə də çinarları saymaq çinarlıların ağlına gəlməmişdi.

Yoxsa kəndin adını Çinarlı yox, Minçinarlı qoyarmışlar.

Hər il Çinarlıya iki durna qonaq gəlir, usta Qasımın məhləsinin aşağısındakı qoşa çinar ağacının birində yuva qurur, yayı burda keçirir, sonra uçub gedirdilər.

Usta Qasım da, arvad-uşağı da, qonşular da elə kənd camaatı da durnalara öyrəşmişdilər.

Ona görə də bu il gəlmək vaxtlarindan on-on beş gün gecikən durnalar çinarlıları əməlli –başlı narahat eləmişdilər.

Amma durnaların gəlməyini ən çox gözləyən usta Qasımla arvadı idi.

Qasımın üç uşağı vardı. Üçü də çoxdan Rusiyada yaşayırdılar.

Çinarlı əhli “gözlərini açıb”Qasımın həyətini qoşa çinarlı, çinarları isə qoşa durnalı görmüşdülər.

Hətta kəndin icra başcısı da ailə tərkibi haqqında arayış yazanda, özünəməxsus mızıltılı gülüşlə -mzı..mzı..mzı..mza, a Qasım, bə durnaları neynəyək, üç uşaq, iki özünüz, iki də durnaların.. da.

Beş özünüzlə yeddi nəfər elər.

Sonra da bu il durnaların geçikməyini öz bildiyi kimi yozub, arada Qasımın bağçasına daş da atmışdı.

Üzünə durnalar gəlmədi, a Qasim, yoxsa əyrimi baxdırdın?

Əyri baxdırmaq – Çinarlı dilində -cızığından çıxıb, əyri yola düşməyə deyirdilər.

Amma hami da bilirdi ki Qasım əyri yolun adamı deyil. Xeyirdə-şərdə məclislərin baş mövzularından biri də usta Qasım və durnalar idi. Hamı heç kəsin baş tapmadığı bir sirri bilmək istəyirdi..

Bilmək istəyirdilər ki, hamının qapısinda çinar ola-ola, kəndin Hacı İbrahimi, Məşədi Məmmədi, kərbəlayısı, seyidi ola-ola durnaları usta Qasımın həyətindəki çinarlara aparan nədir?

Usta Qasım siqaretini bitirib kötüyünü atdı.

Yerdəkı daşlardan təzə cərgə üçün beş-on daş seçib ayaqaltının üstünə atdı.

Elə özü də dırmaşıb çıxmaq istəyirdi ki, arxadan sədrin buyruqçusu Lül Əlpaşanın səsini eşitdi.

- A Qasım, sədri (Çinarlıda sədr sözünü - sədri kimi işlədirdilər.) deyir bir idarəyə gəlsin.

Qasım ayaqaltının üstünə çıxmaqdan vaz keçdi.

Əllərini yuyub qurulandı. Paltarını dəyişib, Lül Əlpaşanın arxasıyca idarəyə yollandı.

İdarə lap əvvəllərin,otuzuncu illərin idarəsi idi. Elə camaatin dediyi kimi, duruşundan Stalini xatırladırdı.

İçini təzədən suvayıb rəngləmişdilər.

Köhhə şəkil yerlərini təzələmişdilər. Amma bütün bunlar üzü üzlər görmüş bu divarın ab-havasını təzələyə bilməmişdi.

Əvəllər bu divara Leninin-Stalinin- Mir Cəfər Bağırovun, sonra Leninin- Xruşşovun-Vəli Axundovun, daha sonra isə Lenini caxlayıb Xruşşovla Vəli Axundovun şəkillərini çıxarıb yerinə Brejnevlə Heydər Əliyevin şəkillərini asmişdilar.

İndi isə tarix dəyişmişdi, Heydər Əliyevlə İlham Əliyevin şəkillərini yanaşı dururdu.

Üstəlik də iri hərflərlə divarın yuxarısına bir şüar da yapışdırmışdılar-“PİLOTUN VƏZİFƏSİ TƏYYARƏNİ YERƏ TƏHLÜKƏSİZ ENDİRMƏKDİR.”

Qasim ən əvvəl bu şüarı oxudu və özlüyündə fikırləşdi ki, daha pilotun özgə nə vəzifəsi ola bilərki?!

Sonra da fikrindən keçirdi ki, görəsən, pilotun bu ümdə vəzifəsinin Çinarlıya və vaxtı ilə kolxoza sədr olmuş, hələ də sədri dedikləri bu quldurbaşina və onun Stalinə oxşayan bu idarəsinə nə dəxli var. İkinci mərtəbəyə qalxdı.

Sədrin kabinetinin qapısı açıq idi. Sədr öz rəngi kimi qırmızı telefonla bağıra-bağıra danışırdı.

Polis sahə müvəkkili, kənd baytar həkimi və bir neçə başqa adamlar əvvəllərin sədrisi, indinin fermeri olan quldurbaşının qarşısındakı stolun sağ-solunda əyləşib ağızlarını ayırımışdılar.

Qasım bu Stalinə oxşayan idarəyə lap çoxdan – Sovet hökumətinin sağ və salamat vaxtında, hələ şəhərlərdə tramvayların üç, trolleybusların dörd, avtobusların beş qəpiyə getdiyi bir zamanda, dükanda qiymətlərin bu maaşdan o biri avansa, ya elə o biri maaşacan yüzdə yüz dəyişməyəcəyinə yüz faiz qarantiya olduğu vaxtda və bunun da ideal olduğu və ideallığı qədər də absurd olduğu (çünki idal şeylər absurda daha çox yaxın olur.) bir dövrdə gəlmişdi.

Həmin o ideallığı qədər absurd olan o dövrdə də sədr həmin bu qirmızı kişi idi və onda Qasim usta Qasım deyildi, Qasim müəllim idi və Çinarlı orta məktəbində öz dediyi kimi matematika müəllimi işləyirdi.

Onda da rüşvət vardı. Amma Qasım müəllim rüşvət almırdı.

Və bazburutundan qorxmayıb sədrinin dərs- məktəb və savad tanimayan oğluna onuncu sinfin imtahanında iki yazmışdı .

Buna görə də Sədri indiki kimi Lül Əlpaşanı məktəbə göndərib Qasım müəllimi idarəyə çağırıb əvvəl rüşvət təklif eləmişdi.

Bir nətiçəsi olmadıqda hədə qorxu gəlmişdi. Amma bunun da faydası olmamışdı.

Sonra o ikini məktəb direktoru sədrdən rüşvət alıb düzəltmişdi. İndi o vaxtdan çox illər keçmişdi və sədrin

Qasım müəllimdən iki alan oğlu indi Çinarlıda məktəb direktoru idi.

Rüşvətlə APİ diplomu alib,elə rüşvətlə də məktəbə direktor gəlmişdi.

Qasım müəllim də buna etiraz olaraq müəllimliyi buraxmışdi, daha ustalıq eləyirdi.

Qırmızısifət sədri də, elə baytar da, polis və o birilər də Qasimı görən kimi üzlərini ona sarı çevirdilər.

Sədri də, baytar da, polis də dedilər ki, quş qripi deyilən xəstəlik var. Gərək Qasımın durnaları güllələnsin.

Sədr danışdiqca boynunun qırmızısı gah tündləşib tox qırmızı olur,gah da açılıb narıncıya çalırdı.

Ət içində itib-batmış çənəsinin yumrusu olmasaydı sifətlə boyunun sunurunu müəyyənləşdirmək müşkülə çevrilərdi.

Sifətinin əti ağzını bir yerə yığıb bapbalaca eləmişdi.

Və Qasim bədheybət sədrin belə balaca ağzı olduğuna çox təəcübləndi.

Qasım durnaların güllələnmək xəbərini öyrənib evinə qayıtdı. Arvadına – quş qripiylə əlaqəli məlumat verdi və üstəlik də sədrin dəstəsini faşist SS dəstəsinə bənzətdi.

SS dəstəsi axşam üstü gəldi. Dəstəyə sədr özü başçılıq edirdi. Polis sahə müvəkkili sədrin arxasiyca dabanbasaraq yeriyir - gödək boyu ilə Don Kixotun Sanço Pansasını xatırladırdı.

Polisin arxasiyca kənd baytar həkimi və başqa bir neçə adamlar gəlirdilər ki onlardan birinin əlində tüfəng vardı. .

Ən axirda isə Lül Əlpaşa idi. Yerişindən, duruşundan bəlli idi ki, Lül Əlpaşanın bu SS dəstəsinə bir qarışacağı yoxdur. Durnaların birini elə ilk atəşlə vurdular.

Əli tüfəngli SS-çi dəqiq nişan alib atdı və ağappaq quş qoşa çinarın dibinə düşdü.

Əlləri əlcəkli, ağızları sarıqlı digər iki nəfər ölü durnani kisənin içinə qoyub gözlədilər.

Gəzlədilər ki , o birisi durna da vurulsun və onu da kisəyə qoyub aparsınlar.

Qonşular Qasımın çəpərinin yanına yığışmışdılar.Yaltaq kişilər sədrə tərəf baxib irişir, yaltaqlanmağa məqam axtarırdılar.

Hündürdən danışır, sədrə təşəkkür eşitdirirdilər ki, bəs, quş qripindən kəndi xilas eləyir. Bu cür yaltaq adamlar kəndin əksəriyyətini təşkil edirdilər.

Əlitüfəngli SS-çi o biri durnanı üçüncü gülləyə vurdu.

Qasımın arvadı da bu səhnəyə baxırdı. İkinci durnanın ölümün görməsin deyə üzünü arxaya çevirdi.

O biri durna da çinarın dibinə düşdü və əlcəkli SS-çilər onu da kisəyə qoydular.Sonra da gəldikləri kimi də getdilər.

Camaat da evlərinə qayitdi.Qasım da adamlar gedəndən sonra arvadıyla evinə döndü. Gecə yariyadək televizora baxdılar. Əlbəttə televiziyada maraqlı bir şey yox idi.

Elə-belə gecdən –gec yatağa girdilər.

Yatmamışdan Qasım arvadına: - Qorxursan?-soruşdu.

Arvadı - yox dedi və sonra o da -durnaların bizim çinarlara gəlməyinin səbəbi nə idi? –deyə xəbər aldı.

Qasım - bilmirəm dedi və dodaqlarını arvadının saçlarına söykədi. Arvadının saçları süsən qoxuyurdu.

Bir azdan arvadı yuxuladı. Amma Qasım yata bilmədi. Özlüyündə düşündü ki, o özü – Qasım dedikləri adam yazıq bir adamdı.

O güllələnən günahsız quşlar da elə yazıqlığına görə gəlirmişlər Qasımın həyətinə.

Düşündü ki, o – Qasım dedikləri adam sədrin oğluna o vaxt üç yazmamaqda səhv edib.

Ümumiyyətlə səhv yaşayıb bu günəcən.

Və əgər Qasım da çəpərinin dibinə yığılıb durnaların güllələnməyini seyr edən o yaltaq, vecsiz adamlardan biri olsaydı, yaşamaq daha asan olardı.
XS
SM
MD
LG