Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Jurnalist polis polkovnikinin onu döydüyünü deyir


“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov fevralın 12-də Prezident Administrasiyasının qarşısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşlarının onu döyüldüyünü deyir.

Həmin gün “Mur-Ay” MMC tikinti şirkətinin onları aldatdığını iddia edən payçıları etiraz askiyası keçirirmiş. Həmin hadisəni işıqlandıran jurnalist fotoaparatının, vəsiqəsinin alındığını bildirir. Sonradan əşyaları geri qaytarılsa da, Ramid İbrahimov döyülməsinə görə polisə müraciət edib.

POLİS JURNALİSTİN CİBİNDƏN.... BU DƏFƏ SAKİTLƏŞDİRİCİ DƏRMAN ÇIXDIĞINI DEYİR

“Əşyalarım 13.30-da alınmışdısa, 16.19-da aktla qaytarıldı. Aktda yazılmışdı ki, guya mənim cibimdən sakitləşdirici dərman çıxıb. Mən dedim ki, akta düzəliş olunmalıdır, sonra imzalayacam. Düzəlişdən sonra imza atmışam. Bu barədə Səbayel rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermişəm”.

Jurnalist fevralın 14-də məhkəmə-tibbi ekspertizasından keçib, ona bildiriblər ki, heç nəyin yoxdur, sağ-salamatsan. Baxmayaraq ki, Ramid İbrahimov hələ də ağrılar hiss etdiyini deyir.

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev müxbirin döyülməsini mediaya basqının davamı kimi qiymətləndirir:

DÜNYADAN XƏBƏRSİZDİRLƏR?

“Mən əmin deyiləm ki, belə məsələləri araşdırsınlar. Adətən bu təzyiqləri vəzifəli şəxslər, məmurlar göstərir. Hüquq mühafizə orqanları da məmurların hərəkətlərinə qiymət vermək istəmirlər. Bütün jurnalistlərə fiziki zorakılıqlarla bağlı belə olub, indi də fikrimcə, belə olacaq. Ancaq inanmaq istərdim ki, bu ənənəni pozacaqlar. Təəssüf edirəm ki, bu cür insanlar ölkədə və dünyadan nələrin baş verdiyindən xəbərsizdirlər.”

B. Həziyev jurnalistin döyülmə xəbərinin 2 gün gecikmə ilə yayılmasını hadisənin istirahət günündə baş verməsi ilə əlaqələndirdi. Onlar insidentlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Mətbuat Şurasına müraciət etməyə hazırlaşırlar.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə jurnalistin Səbayel rayon prokurorluğuna müraciət etməsini məsləhət bilir.

“DƏQİQ BİLƏSİNİZ Kİ, O, POLİS POLKOVNİKİ DEYİL”

DİN-nin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bildirib ki, Səbayel Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə daxil olan müraciət araşdırılır:

“Ancaq dəqiq biləsiniz ki, o, polis polkovniki deyil. Bilmirəm o necə müəyyənləşdirib ki, döydüyü deyilən şəxsin hansı “zvaniyası” var”.

BİR İLDƏ 110-DƏN ÇOX JURNALİST YUMRUĞA “QONAQ EDİLİB”


Media Hüquqları İnstitutunun məlumatına görə, ötən ildən bəri jurnalistlərə qarşı 100-dən çox təzyiq faktı qeydə alınıb. Döyülmələrin əksəriyyəti küçə yürüşləri, mitinqlər, aksiyalar zamanı müşahidə olunub. Onların təxminən yarısından hüquq-mühafizə orqanlarına şikayət olunsa da, yalnız bir iş üzrə təqsirli tərəf cəzalandırılıb.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı:

“Yalnız jurnalist Zülfüqar Xeyirxəbərin işində istintaq aparıldı və jurnalistə xəsarət yetirən fiziki şəxsə müəyyən cəza verildi. Qalan işlərdə, xüsusilə polis və mülki geyimlərin kütləvi etirazlar zamanı kobud rəftarları ilə baglı şikayətlər süründürülür. Məhkəmələr də təəssüflər olsun ki, yardım etmir”.

Bizim Yol qəzetinin əməkdaşı Ramid İbrahimov isə deyir ki,onu ötən il birinci dəfə “Qış Parkı” adlanan yerdə icra hakimiyyətinin işçiləri döyüblər. Ancaq hüquq-mühafizə orqanlarının cavabı onda da onu qane etməyib.
XS
SM
MD
LG