Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Kafedə partlayış, Vergilər nazirinə qarşı kampaniya və...


Mətbuat icmalı
Mətbuat icmalı
«ÖLKƏ PARTLAYA-PARTLAYA GEDİR»

Fevralın 16-da «Azadlıq» qəzetinin manşeti belədir. Qəzet ötən gecə Bibiheybət sanatoriyasının yanındakı «Bülbül» restoranında partlayış barədə yazır:

«Hadisə yerində olan yanğınsöndürənlər partlayışın qazdan törəndiyi versiyasını irəli sürüblər. Amma orada olan əməkdaşlarımız hadisənin qazdan törənmə ehtimalının çox az olduğunu söyləyirlər. Elə hadisə yerində əməkdaşımızla söhbət edən «Azəriqaz» qəza xidmətinin işçiləri də qazdan partlama ehtimalına şübhə ilə yanaşdıqlarını söylədilər. Bu şübhəni gücləndirən fakt da ortalıqda idi. Yanğınsöndürənlərin sürüyüb bir kənara qoyduqları iki qaz balonunun ikisi də salamat idi...Maraqlıdır, ölkədə bir-birinin ardınca partlayışlar baş verir. Amma bunlar barədə ya üstüörtülü danışır, ya hadisələri başqa səbəblərlə izah edir, ya da tamamilə gizlətməyə çalışırlar».

BAKIDA KAFE PARTLADILDI

«Bizim Yol» qəzeti isə yazır ki, partlayış baş verən obyektə əsasən dindarların yığışdığı iddia olunur:

«Kafedə qaz xəttinin olmadığı bildirilir. Şahidlər iddia edir ki, partlayış baş verən obyektdə əsasən dindarlar yığışırmış. Hadisə gecə saatlarında baş verdiyi üçün aidiyyəti qurumların münasibətini öyrənə bilmədik. Hadisə barədə verilən məlumatları isə dəqiqləşdirmək mümkün olmayıb. Versiyalardan biri kimi kafenin partladıldığını göstərmək mümkündür».

İLHAM ƏLİYEV «MİR»Ə MÜSAHİBƏ VERİB

«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev «Mir» Dövlətlərarası Teleradio Şirkətinə müsahibə verib.

Qəzet həmçinin, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin «The Washington Post» qəzetindəki məqaləsini dərc edib:

«Y.Əliyev məqalədə qeyd edir ki, beynəlxalq müşahidəçilərin rəylərinə əsasən, Azərbaycanda keçirilmiş və İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsini qazandığı 2008-ci il prezident seçkiləri ATƏT və Avropa Şurasının tələblərinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunmuşdur».

«VERGİLƏR NAZİRİ DƏ YOLA SALINIR»

«Yeni Müsavat» qəzeti korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində növbəti hədəfin Vergilər naziri olduğunu iddia edir:

«Son vaxtlar Fazil Məmmədova qarşı güclü kampaniya başlayıb. Hakimiyyətin iki güclü nazirinin tapşırığı ilə F.Məmmədov hər tərəfdən vurulur. Hətta öyrədilmiş adamlar tərəfindən şantaj olunur; özlərini yandırmaq təhdidi edən insanlar Vergilər Nazirliyinin qarşısına göndərilir və hər gün orada olay çıxarırlar...».
XS
SM
MD
LG