Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:40

Dilin qoruyucusu kimdir- sən, mən, yoxsa dövlət?


Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli
«Aradan keçən illər ərzində ana dilimizlə bağlı heç nə dəyişməyib».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının dilimizlə bağlı açdığı müzakirəyə qatılan dilçi alim professor Fəxrəddin Veysəlli söylədi.

VƏZİYYƏT GƏRGİNDİR


Onun sözlərinə görə, dilimizin işlənməsi ilə bağlı problemlər yenə də əvvəlki kimi yığılıb qalıb. «Bəzi hallarda müəyyən işlər görülür. Məsələn, millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə Dil Qurumu yaranıb. Onlar mətbuatda gedən dil xətalarını ümumiləşdirib analiz etmək fikrindədir. Nazirlər Kabinetinin nəzdində Dil komissiyası var. Onlar da gözləyirlər ki. bayram olsun, öz fikirlərini desinlər, iş gördüklərini çatdırsınlar. Amma bütövlükdə götürəndə, fikrimcə, dilimizin işlənməsi ilə bağlı vəziyyət daha da gərginləşib».

DİL MÖVQEYİNİ İTİRMƏKDƏDİR?

Fəxrəddin Veysəlli müstəqilliyin ilk illərində bu sahədə bir irəliləyiş yarandığını da vurğuladı. «Xeyli adam bu prosesə qoşulmuşdu. İndi vəziyyət çətindir. Telekanallarda, radiolarda, qəzetlərdə, adi danışıqda dil öz mövqeyini itirməkdədir. Düzdür, dilimiz əvvəlki kimi möhtəşəmdir, hər yerdə ünsiyyət qabiliyyətini göstərməyə qabildir. Ancaq problemlərimiz qalmaqda davam edir».

MONİTORİNQİN NƏTİCƏLƏRİ ÜRƏKAÇAN OLMADI


Ötən ildən ana dilinin qorunması ilə bağlı monitorinqlər aparan Söz Azadlığını Müdafiə Fondunun Layihələr Üzrə Koordinatoru Nəzirməmməd Quliyev nəticələrin ürəkaçan olmadığını dedi: «Dövlət dilinin qorunması, dilin tələblərinə əməl edilməsi bərbad vəziyyətdədir. Özü də bu sahədə işlər pisləşməyə doğru gedir. Şəhərdə dilimizdə söz tapmaq müşkülə çevrilib. Əyalətdən gələn adam Bakıya düşsə, bilməz ki, o hansı şəhərdədir... Söhbət tanınmış brendlərin tərcüməsindən getmir. Sual edirəm: «Çəllək» yerinə «boçka» yazmağın nə əhəmiyyəti var? Bir halda ki, Azərbaycan dili haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndində birmənalı şəkildə deyilir ki, xarici adlar ancaq dövlət dilindən sonra və kiçik həcmdə yazıla bilər. Amma biz adların hətta Azərbaycan dilində qarşılığını tapa bilmirik.
Nəzirməmməd Quliyev
Məncə, bu yerli sahibkarların dilimizə hörmətsizliyindən qaynaqlanır».

DİLİN QORUYUCUSU DÖVLƏTDİR!


Araşdırmaçı jurnalist Ədalət Tahirzadə dilin yiyəsinin millət, qoruyucusunun isə dövlət olduğuna diqqət çəkdi. «Dünyanın aparıcı dövlətləri öz dillərini təbliğ etmək üçün milyonlarla vəsait sərf edir. Atatürk Dil Qurumunu yaratdı. Bunları bir qırağa qoyub, kiçik dövlətlərdən- qonşu Gürcüstandan danışacağam. İki dəfə Tiflisdə elmi ezamiyyətdə olmuşam. İnanın, əgər sən gürcü dilini bilmirsənsə, o şəhərdə heç yeri tapa bilməzsən. Çünki hər şey öz dillərində yazılıb. Heç onlar bizdə tələb olunan kimi- tərcüməsini də vermirlər. Onlarda dillərinə ilahi bir sevgi var».

DİLİMİZİ SEVMİRİK!

Ədalət bəy təəssüflə bildirdi ki, Ana dilimizə nə dövlət dilə yiyə durur, nə də ki millət- o dilin daşıyıcıları. «Biz anamızı, atamızı, ailəmizi sevirik, amma dilimizi sevmirik, qorumuruq».

QANUN QƏBUL ETMƏK AZDIR


Ə. Tahirzadə Qanun qəbul etməyin yetərli olmadığı qənaətindədir. «Qanunun icrasını yoxlamaq lazımdır. Baxaq, görək, o Qanun məişətdə, siyasi həyatda və s. işləyir, yoxsa yox?».

AY SAHİBKAR, AXI SƏN VƏTƏNDAŞSAN...

Şəhərdəki xidmət sahələrinin reklamlarında hər şeyin ayaq-baş yazıldığını deyən Ədalət bəy sahibkarlara müraciət də etdi: «Ay sahibkar! Axı sən vətəndaşsan. «Qaynaq» sözünü bilmirsənmi, mütləq «svarka» yazmalısan? Yadımdadır, «Azadlıq» qəzetinin yeni çıxan vaxtlarında yeni sözlər ortaya atırdıq - yetərsay, öncəgörmə və s. İndi hamı o sözləri işlədir...»

MƏTBUAT YENİ SÖZLƏRDƏN QORXUR


Ədalət Tahirzadə
Ə. Tahirzadə mətbuatın yeni sözlərdən qorxduğunu iddia etdi. «Bildir may ayında Bakıda Türk Dil Qurumu ilə birgə «Ortaq iletişim» terminləri yaratmaq üçün böyük məclis təşkil edildi. Bilsəniz Türkiyə bu sahədə nə qədər böyük işlər görür? Amma Azərbaycanda yeni söz yaramaq dəhşətli, qorxulu bir işdir. Hələ də sözləri rus dilindən tərcümə edib işlədirik».

BASMAQƏLİB ÜSULLA SÖZ YARADIRIQ

Fəxrəddin Veysəlli də söz yaradıcılığımızın basmaqəlib üsulla həyata keçirildiyini dedi: «Sözlər rus və ya ingilis dilindən götürülməklə yaranır. Amma söz yaratmaq sistemli şəkildə, ana dilinin xüsusiyyətləri nəzərə alınaraq problem kimi qoyulmalıdır və iş aparılmalıdır». Fəxrəddin müəllim sahibkarları qınayan Ədalət bəyin fikrinə irad da bildirdi: «Dilimizin bu kökə düşməsinin bir səbəbkarı bu sahəyə nəzarət edən qurumlardır. Sahibkarın təklif etdiyi adı qeydiyyatdan keçirən qurumlar var».

DİLİMİZ İNHİSARDADIR...

Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya Departamentindən başqa Qeyri Hökumət Təşkilatlarının da bu işlə məşğul olduğunu deyən Nəzirməmməd Quliyev işin inhisara alındığını söylədi. «Monitorinq vaxtı qəribə bir qısqanclığın şahidi olduq. Departament bizim fikirlərimizi araşdıran jurnalistlərə demişdi ki, onların monitorinq aparmaq səlahiyyəti yoxdur. Problem qaldı bir tərəfdə, bizim üstümüzə düşdülər. Yəni bu mövzu inhisar alınıb. İnhisara alan da bir iş görmür».

-Bakı Şəhər İcra Hakimiyyətinin bu işlə məşğul olan Bədii şurası varmı? Monitorinqlər zamanı hansı gülməli (bəlkə ağlamalı?) fakt üzə çıxdı?
-Fəxrəddin Veysəlli ölkə radio-televiziyalarındakı dil qüsurlarında nəyi günahkar saydı? Hansı KİV-ləri, nədə suçladı?
-Proqrama gələn çoxlu dinləyici suallarını qonaqlarımız necə cavablandırdı?
«Can Bakı»nı elə bu səhifədən dinləyin.

XS
SM
MD
LG