Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Qaddafi futbolçunu Benqaziyə komendant qoydu...


İsveçrə ilə problem yaradan Hannibal Qaddafi
İsveçrə ilə problem yaradan Hannibal Qaddafi

Benqazi şəhərində üsyan qalxanda şəhərə komendant kimi təyin etdilər? - Qaddafinin keçmiş futbolçu olan oğlu Sədini...

Liviya hakimiyyətində polkovnik Qaddafinin 6 oğlu və bir qızı mühüm rol oynayır.

Sədi

Qaddafi ailəsində futbolçu da var. Sədi 2003-cü ildən 2007-ci ilə kimi İtaliyanın Yuventus, Sampdoria, Udinese, Perugia klublarında oynayıb, ancaq meydana az-az çıxırdı.

Yeri gəlmişkən, Liviyadakı hadisələr Yuventus futbol klubunu bərk narahat edib. Çünki klubun səhmlərinin 7,5 fazi Liviyanın bir fondu vasitəsilə Qaddafi ailəsindədir.

Sədi bir müddət Liviya yığmasında da oynayıb.

Liviyanın futbol yığmasının keçmiş məşqçisi Francesco Scoglio İtaliyanın Corriere dello Sport qəzetinə deyib ki, o, bir gün Sədini yığmaya götürməyəndə, işdən qovuldu.

Sədi həm də ali təhsilli mühəndisdir və hərbi rütbəsi var. O keçən il Reutersə deyirdi ki, paytaxt Tripoli ətrafında azad iqtisadi zona yaradılması layihəsinin arxasında o durur.

Benqazi şəhəri keçən həftə ayağa qalxanda Sədi Qaddafi yerli radio ilə çıxış edib, dedi ki, onu şəhərə komendant təyin ediblər, hamı onun əmrinə tabe olmalıdır.

Benqazidən hökumət qoşunları və təhlükəsizlik qüvvələri qovulandan sonra Sədi paytaxt Tripoliyə gəldi. Burda Qaddafi tərəfdarlarının mitinqinə Sədi başçılıq edirdi.

Hannibal

Liviya ilə İsveçrə arasında diplomatik gərginliyi yaradan Hannibal olmuşdu.

2008-ci il iyulun 15-də İsveçrədə lüks hoteldə Hannibal iki işçi ilə kobud rəftar edəndə, onların şikayəti ilə polis Hannibalı və onun həyat yoldaşını tutub-saxladı. Ancaq onlar tezliklə buraxıldılar.

20 polis işçisinin onun və o vaxt hamilə olan həyat yoldaşının otağına girməsindən əsəbiləşən Hannibal atasına şikayət etdi və bir neçə gün ərzində Liviya İsveçrə banklarından milyonlarla dollar çıxartdı, İsveçrəyə neft ixracını dayandırdı.

Hannibal təchizat şirkətinin rəhbəridir. Liviyada iğtişaşlar başlayandan Hannibal haqda məlumat yoxdur. Ancaq bir insident onun harada olmasından xəbər verə bilər.

Bir Livan rəsmisi bildirib ki, Liviyadan olan özəl təyyarə Beyrutda yerə enməyə icazə istəyib. Təyyarədə 10 adam olub.
Beyrut təyyarəyə enməyə icazə verməyib, çünki təyyarədəkilər uçuş haqda heç bir məlumat vermək istəməyiblər.
Həmin rəsminin Reutersə dediyinə görə, Hannibalın həyat yoldaşı livanlıdır və həmin təyyarədə Hannibal və onun ailəsi idi.

Məhəmməd

Qaddafinin birinci həyat yoldaşından olan oğlu Məhəmməd Liviyanın Olimpiya Komitəsinin prezidentidir.

O həm də Liviyanın Poçt və Telekommunikasiya şirkətinin sədridir. Mobil telefon əlaqəsi bu şirkətin əlindədir.
Liviyada üsyan başlananda mütəmadi xaricə zəng edənlər bildirdilər ki, onların SİM kartları blok olunub.

Aişə

2004-cü ildə keçmiş İraq diktatoru Səddam Hüseyni müdafiə etmək istəyən vəkillər arasında Aişə Qaddafi də vardı.

Aişə ali təhsilli hüquqşünasdır. Xeyriyyə cəmiyyətinin rəhbəridir.
Cəmi bir neçə ay əvvəl o Sunday Telegraph qəzetinə müsahibəsində deyirdi: “Liviyanın gözəl gələcəyi var. Liviya beynəlxalq aləmdə layiqli yer tutur. Hamı bizimlə əlaqə yaratmaq istəyir.”


Seif əl–İslam

Londondakı məşhur İqtisadiyyat Məktəbini qurtarıb. Liviyada iğtişaşlar başlayandan hakimiyyətin sözçüsü hesab olunur.

Liviya hadisələrinə qədər bir çox Qərb hökumətləri Seif əl-İslamın hakimiyyətə varisliyini məqbul hesab edirdilər.

Seif əl-İslam Liviyaya qarşı sanskiyaların götürülməsində Amerika və Avropa ilə danışıqlarda mühüm rol oynayıb.

O, hakim ailədə islahatçı kimi tanınır.
Seif əl-İslam daha geniş media azadlığına, eləcə də islamçılarla barışığa tərəfdar olub.

Ancaq onun islahatçılığı hakim ailə və hakim elita daxilində müqavimətlə qarşılandı.

Son bir neçə ayda Seif əl-İslamın yaratdığı qəzetlərdə tənqidlər azaldı. Onun rəhbərlik etdiyi Qaddafi xeyriyyə fondu siyasətdən çəkildi.

Britaniyanın beyin mərkəzlərindən olan Quilliam Foundation hesab edir ki, Liviyada iğtişalar başlayanda Seif əl-İslam öz həqiqi simasını göstərdi.
O, islahatçılığı bir kənara atdı və atasının hakimiyyətinin müdafiəsinə qalxdı.

Mutassim

Seif əl-İslam islahatçı qanadı təmsil edirsə, Mutassim mühafizəkar qanadın lideri hesab olunur.
Hakimiyyətdə islahat ideyalarının qabağını alan Liviyanın milli təhlükəsizlik müşaviri olan Mutassimdir.
O, Liviyanın ordu rəhbərliyinə və təhlükəsizlik xidmətlərinə arxalanır.

Mutassimin güclənməsi bir neçə ay qabaq başlanıb. O, neçə illər keçəndən sonra atasını xarici səfərdə müşayət etməyə başladı.
Bu, Liviyada siyasi gücün ciddi əlaməti hesab olunur.
Liviyada Qaddafi kimə diqqət yetirirsə, o dərhal qabağa gedir.

Xamis

Ən qatı mühafizəkarların nümayəndəsi hesab olunur. Yüksək hərbi rütbəsi var.
Benqazi sakinlərinin dediyinə görə, onlara qarşı ən böyük qəddarlıq edən batalyona Xamis başçılıq edib.
XS
SM
MD
LG