Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

«Tam ağlasığmaz əhvalat» Azərbaycan səhnəsində gerçək oldu


Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur
Fevralın 23-də Dövlət Musiqili Komediya Teatrı N.V. Qoqolun dünyaca ünlü «Evlənmə» («Jenitba») pyesini (tərcümə Sabit Rəhmanındır) tamaşaçılara təqdim etdi.

MƏŞHUR PYES İKİ TEATRIN AKTYORLARINI BİRLƏŞDİRDİ

Maraqlıdır ki, pyesə iki teatrın—Musiqili Komediya və Akademik Milli Dram Teatrının aktyorları cəlb olunmuşdu. Musiqili Komediya Teatrı təmirə dayandığından, tamaşa Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilirdi.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, musiqi tərtibatçısı Yalçın Adıgözəlov, rəssamı Nabat Səmədova, dirijoru Fəxrəddin Atayev, baletmeysterlər Zakir və Yelena Ağayevlərdir.

Əsas rollarda Məleykə Əsədova (Aqafya Tixonovna), Şükufə Yusubova (Fyokla İvanovna), Elçin Həmidov (Yaiçnitsa), Çingiz Əhmədov (Koçkaryov), Qurban İsmayılov (Podkalyosin), Arif Quliyev (Jevakin), Ramiz Məmmədov (Anuçkin), Emma Məlikova (Arina Pateleymonovna), Ülviyyə Əliyeva (Dunyaşka) çıxış edirdilər.

AKTYOR OYUNU MÜKƏMMƏL İDİ


Maraqlı səhnə quruluşu, musiqisi və rəqsləri ilə yadda qalan tamaşa mükəmməl aktyor oyunu ilə də diqqəti çəkirdi. Azərbaycan teatrında ilk dəfə gerçəkləşdirilən iki teatrın birgə işi təkrarsız bir tamaşanın ortaya çıxması ilə nəticələnib.

PYESİN AZ QALA 170 YAŞI VAR

Xatırladaq ki, böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol «Evlənmə»ni 1833-cü ildə başlasa da, «Müfəttiş» pyesinin yazılması səbəbindən ertələyib və 1841-ci ildə başa çatdırıb.

Pyes ilk dəfə 1842-ci ildə Peterburqda Aleksandrinski teatrında, 1843-cü ildə isə Moskvada Malı Teatrda tamaşaya qoyulub.

«Evlənmə» sovet dövründə iki dəfə ekranlaşdırılıb.

170 ildən çoxdur ki, müxtəlif teatrların səhnəsini bəzəyən bu pyesin süjetindən yazıçı İ. İlf və E. Petrov məşhur «12 stul» əsərində də istifadə ediblər.

TAM AĞLASIĞMAZ ƏHVALAT?!


Böyük yazıçı girişdə pyesi «iki hissədən ibarət tam ağlasığmaz əhvalat» adlandırsa da, XXI əsrin ikinci onilliyində də aktual səslənən tamaşa onun gerçək hadisələrə, real personajlara, əbədi münasibətlərə dayanan bir əsər olduğuna sübutdur.

Tamaşa bu gün (fevralın 24-də) saat 19-da Gənc Tamaşaçılar Teatrının binasında təkrar göstəriləcək.
XS
SM
MD
LG