Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Mehriban Əliyeva Xəzər rayonunda obyektlər açıb


Mehriban Əliyeva
Mehriban Əliyeva
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 24-də Xəzər rayonunda bir sıra təhsil ocaqlarının yenidənqurmadan sonra açılışında iştirak edib.

AzərTAc xəbər verir ki, Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva turizm obyektlərində aparılan əsaslı tikinti və bərpa işlərinin gedişi ilə də tanış olub.

Şağan qəsəbəsində 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

1984-cü ildə inşa edilmiş internat evində əqli və fiziki cəhətdən qüsurlu olan 8-18 yaş arasında 138 uşaq yaşayır. Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinə 2010-cu ilin martında
başlanıb.

XÜSUSİ İNTERNAT MƏKTƏBİNİN AÇILIŞI

Daha sonra Mehriban Əliyeva Şüvəlan qəsəbəsində beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Məktəb Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqramı çərçivəsində ötən ilin martından başlanaraq təmir olunub. Məktəbin binası yenilənib, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınıb, üzgüçülük hovuzu, su anbarı inşa olunub, ağac və gül kolları əkilib. (AzərTAc)

180 yerlik məktəbdə 118 şagird təhsil alır. Mehriban Əliyevaya məlumat verilib ki, məktəblilərin bir qismi dərs və məşğələlərdən sonra evlərinə getsələr də, böyük əksəriyyəti məktəbin yataqxanasında qalır. Həmin uşaqların yaşayışı üçün yataqxanada hər cür şərait vardır.

GİMNAZİYADA APARILAN TƏMİR İŞLƏRİ İLƏ TANIŞLIQ

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada aparılan təmir işləri ilə tanış oldu.

Hazırda Şüvəlanda əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 7 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsindəki 119 nömrəli orta məktəbin 300 şagird yerlik,
Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbin 1040 şagird yerlik, Zirə qəsəbəsindəki 120 saylı orta məktəbin korpuslarının inşasına başlanıb.

QALA DİVARLARININ BƏRPASI İŞLƏRİ İLƏ TANIŞLIQ

Qala qəsəbəsində Heydər Əliyev Fondu qəsəbədəki gölün ətrafındakı ərazinin abadlaşdırılması layihəsini həyata keçirməyi nəzərdə tutur. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, bu ərazi uzun illər ərzində yığılmış neft tullantılarından təmizlənib.

Qala kəndində Mehriban Əliyeva qala divarlarının bərpası işləri ilə tanış olub. Bərpa işlərinə ötən ilin yayında başlanıb. Qala qəsri tam bərpa olunub. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərib.
Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevriləcək. Yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel, gizli yollar olub.

Qala kəndində «Qala» mis qablar və əntiq əşyalar muzeyinin inşası da aparılır. Muzeyin təməli ötən ilin iyununda qoyulub. Üçmərtəbəli muzey binası Şahid Həbibullayevin kolleksiyası əsasında qurulacaq.

Qala kəndi Abşeron yarımadasında turistlərin diqqətini çəkən məkanlardan biridir. Bu səbəbdən burada restoranın inşası zərurətə çevrilib. Mehriban xanım Əliyeva ərazidə tikilən restoran binasında inşaat işlərinin gedişi ilə tanış olub.
XS
SM
MD
LG