Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:21

Baş həkimin intiharı, böyük şirkətlər arasında maliyyə davası və...


Mətbuat icmalı
Mətbuat icmalı
MEHRİBAN ƏLİYEVA ÖZ ÇIXIŞI İLƏ FRANSIZLARI HEYRAN QOYUB

«Yeni Azərbaycan» qəzeti Fransanın saytlarından birindən sitat gətirərək yazır ki, «son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoyub».

Saytda «Azərbaycanın kəşfi» sərlövhəli yazının əvvəlində qeyd olunur ki, birinci xanım Mehriban Əliyeva iştirakçılara öz gözəl ölkəsinə sehrli mədəni səyahət bəxş edib:

«Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoydu. O, qonaqlara Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi barədə iftixar hissi il geniş məlumat verdi. Mərasim iştirakçıları Azərbaycanı xəyalən də olsa, kəşf etdilər».

GORANBOYDA KEÇMİŞ BAŞ HƏKİM ÖZÜNÜ ÖLDÜRDÜ

«Azadlıq» qəzeti yazır ki, fevralın 4-ü axşam saatlarında Goranboy rayonunda mərkəzi xəstəxananın sabiq baş həkimi Faiq Abdullayev intihar edib. O, özünü xəstəxananın üçüncü mərtəbəsindən atıb, hadisə yerində keçinib:

«Rayonda sabiq baş həkimi intihara Goranboyun icra başçısı Nizaməddin Quliyevin vadar etdiyi barədə xəbərlər yayılıb. Məsələ burasındadır ki, bir neçə ay əvvəl vəzifəsindən kənarlaşdırılan Faiq Abdullayevi icra başçısı təhdid edirmiş. Bir müddət əvvəl rayon icra hakimiyyətinə çağırılan Faiq Abdullayevə bildirilib ki, xəstəxananın təmirinə kömək etməlidir. Çünki onun vaxtında xeyli yeyintilərə yol verilib. Sabiq baş həkim bununla razılaşmayıb. Faiq Abdullayevin yaxınları deyir ki, həmin vaxt icra başçısı onu həbs etdirməklə hədələyib.

İntihardan əvvəl isə sabiq baş həkim mobil telefonla kiminləsə danışıb. Həmin vaxt Abdullayevin yanında olmuş tibb bacısının mərhumun yaxınlarına bildirdiyinə görə, həmin zəngdən sonra o, «mən artıq bezdim» deyərək, özünü üçüncü mərtəbədən atıb».

BÖYÜK ŞİRKƏTLƏR ARASINDA MALİYYƏ MÜHARİBƏSİ

«ARDNŞ və «İtron» smart-peyment şirkəti arasında maliyyə «razborkası» on minlərlə vətəndaşı qazsız qoydu. İtron» şirkəti «Azəriqaz»dan pulunu ala bilmədiyi üçün ölkə boyunca smart-kart ödəmə sistemini dondurdu...», - deyə «Bizim Yol» qəzeti yazır:

Qaz sayğacı
«Yeni smart-sayğaclar quraşdırıldıqdan sonra ARDNŞ əhaliyə kartların paylanmasını qəsdən süründürdüyünə görə artıq xeyli müddətdir ki, abonentlər qazsız qalıblar. Həmçinin, əhalinin ayağına uydurma borclar yazılır, kartların verilməsi üçün həmin borcların ödənilməsi tələb edilir, kommersiya qurumları əsassız olaraq cərimələnir və s. Yazmışdıq ki, «Azəriqaz»da 38 milyon manat pul «it-bata» düşüb. Sonradan başqa bir mənbə bu məbləğin bir qədər az olduğunu, amma yenə də milyonlarla manat həcmində olduğunu bildirdi. Məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə «Azəriqaz»ın sabiq prezidenti Əlixan Məlikov arasında «razborka» nəticəsiz qaldığına görə indi həmin pulların yerini camaatdan və kommersiya qurumlarından qanunsuz yolla toplanan pullarla doldurmaq istəyirlər. Son günlər ərzində çoxlu sayda kommersiya qurumu qanunsuz olaraq 10-20 min manat həcmində cərimələrə məruz qoyulub. İndi isə qarət olunmaq növbəsi əhaliyə çatıb».

İFRAT RADİKAL MÜXALİFƏTİN «DEMOKRATİYA» MASKASI

«Azərbaycan» qəzeti yazır ki, «bu düşərgə mənsubları antiazərbaycançı qüvvələrlə əməkdaşlığa gedərək iç üzlərini göstərmişlər»:

«İfrat radikal müxalifətə «dayı»lıq edən antiazərbaycançı şəbəkə də bu «siyasi qüvvələr»dən alət kimi istifadə edirlər. AXCP və Müsavat funksionerlərinin Azərbaycanda gedən pozitiv işlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri və nəzarət altında saxladıqları mətbuat səhifələrində sərsəm bəyanatlar səsləndirmələri onların idarə olunduqlarını bir daha sübuta yetirir. Bu məqamda Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin bir vaxtlar söylədiyi «maraqlarım naminə lazım gələrsə, şeytanla da əməkdaşlığa gedərəm» fikri yada düşür. Həqiqətən, bu ifrat radikal dairələr daim şəxsi maraqlarını partiya və ümummilli maraqlardan üstün tutublar».

ƏN BAHALI YUMURTA – BİZİM ÖLKƏDƏ

«Səbəb bahalı yemləmə və inhisarçılıq»dır. «Ayna» qəzeti yazır ki, Avropanın ən bahalı şəhərlərində yumurtanın qiyməti 10 qəpik civarındadır, amma Bakıda 23-25 qəpik:

«Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Avropa ölkələrində yumurta və quş ətinin Azərbaycandan ucuz olmasını təbii qarşılayır. Xaricdən alınan yem Azərbaycanda istehsalçıya çatana qədər qiymətlərdə 35 faiz bahalaşma olur. Bəlli olur ki, iki il əvvəl quşçuluq təsərrüfatları yemin bir tonunu 240 manata, hazırda isə 530 manata alır. Yem Azərbaycana gələnə qədər əlavə dəyər vergisi, gömrük rüsumu və nəqliyyat xərclərindən sonra 30-35 faiz bahalaşır».
XS
SM
MD
LG