Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:43

Rafiq Tağı: "İnqilab bilet alıb qatarla Azərbaycana gəlmir ki"


Rafiq Tağı (sağda) Azadlıq Radiosunun "Pen klub" verilişində. Bakı, 3 mart 2011
Rafiq Tağı (sağda) Azadlıq Radiosunun "Pen klub" verilişində. Bakı, 3 mart 2011
Azadlıq Radiosunun "Pen klub" verilişinin qonağı yazıçı Rafiq Tağıdır.


- "Avropa və biz" məqaləsində Şərqlə müqayisədə Avropa dəyərlərinə üstünlük verən Rafiq Tağı ərəb inqilabları haqda nə düşünür?..

Bir zamanlar inqilablar "tolstoylar"ın romanlarında yetişərdi, indi yazıçının cəmiyyəti dəyişmək imkanları nə qədərdir?..

- Vaxtilə inqilablar yazıçıların əsərlərində yetişərdi. Yəqin ki, indi də elədir.

Yazıçının borcu küçəyə çıxıb inqilab etmək, yaxud şüarlar qışqırmaq deyil. Yazıçı öz əsərlərində problemləri qoyur, kataklizmləri həll edir.

Əgər o əsl yazıçıdırsa, onun fikirlərinin cəmiyyətə təsiri olur.

Düşüncələr dəyişir və insanlar irəliyə addım üçün yeri gələndə inqilablar da edirlər. Düzdür, mən evolüsyon inkişafın tərəfdarıyam. Amma inqilablar da bəzən vacib olur.

Yaziçilar isə əsərləri ilə, insanların şüurunu dəyişməklə bu işə təsir etməlidilər. Birdən-birə “gəlin inqilab edək” deməklə iş olmaz.

İndi bizdə bəzi müxalifət nümayəndələri ərəb ölkələrində baş verən inqilablardan ruhlanaraq hərdən deyirlər ki, gəlin biz də küçələrə çıxıb inqilab edək.

İnqilabı situasiya yetişməlidir. Bu situasiyanın yetişməsində yazıçıların da rolu var. Çünki, kütlə kor varlıqdır.

O problemlərin içində çabalaya bilir. Siyasətçilər, yazıçılar onu istiqamətləndirir, müsbət stimul verirlər.

- Bəs yazıçı istiqamətləndirmir, müsbət stimul vermirsə?

- O yazıçı ki, cəmiyyətə müsbət stimullar vermir, mən onu yazıçı saymıram. Onun sentimentallığı da, xatirələri də lazım deyil. Cəmiyyət ancaq stimullaşmalıdır.

- Azərbaycanda yazıçı cəmiyyəti stimullaşdıra, ona nəsə verə bilirmi?

- Müsbət haldır ki, Azərbaycanda yazıya maraq artıb. Oxumaq bir kənara, insanlar həm də yazmaq istəyirlər.

Amma, hesab edirəm ki, bu yazarların çox az qismi insanları düşündürən problemlərə yaxın dura bilirlər.

Məsələn qlobal fikirlər söyləyən, insanların içindəki dünyada qlobal təbəddülat törədəsi sözlər deyən yazıçılar bizdə azdır.

Miqdar çoxdur, dərin, fəlsəfi fikirlər söyləyən yazıçılar azdır. Amma var və hesab edirəm, onlar zaman keçdikcə artacaq.

- Niyə qlobal fikir söyləyən yazıçılar azdır? Kim nə istəyir onu yazır, ya nədən yazmaq problemi var ortada?

- Bilirsiniz, yazıçılıq əsərdə elə “inqilab-inqilab” deyib durmaqla deyil.

Məsələn, Rusiyada, “Oktyabr inqilabı”nda hesab edirəm ki, Çexovun da rolu var. Halbuki, Çexov “inqilab” deyə qışqırmayıb.

O sadəcə həmişə kiçik insanların problemlərindən yazıb. O, kiçik insana daha yaxın idi. İnqilabı da törədənlər kimdi?

Kiçik insanlar. Kiçik insanların problemləri belə əsərlərdə konsentrasiya olur və hansısa bir siyasətçinin dilinə gəlib çıxır.

Mən öz hekayələrimdə daha çox kiçik insanların problemlərindən yazmışam.

Bu problemlər, yazıçının dediyi sözlər yığışıb hansısa bir çövhərə çevrilir.

Əgər bu siyasətçi əsl siyasətçidirsə, sadəcə gövdəsilə siyasətdə deyilsə, yazıçının yazdığı o problemi tutur və onu siyasi dildə inkişaf etdirir.

Yəni, mitinq, piket, etiraz dilinə cevirir. Bizdə bu çox zəifdir.

Mən siyasətçılərə də demişəm ki, biz yazıçı olaraq onların işi, siyasi gedişləri, taleyi ilə daha çox maraqlanırıq, nəinki onlar yazıçıların içində gedən proseslərlə.

Maraqlanmırlar.

Gözə kül üfürmək üçün hərdən bəziləri bir-iki ad çəkirlər ki, filankəsləri oxumuşam.

Bəs mənası nədi, bilirsənmi, ya əyləncə kimi oxumusan? Bilirsiniz, siyasətçi yazıçınının əsərinə əyləncə kimi baxır.

Bu siyasətçinin bəsirətsizliyi, qüsurudur.

Böyük siyasətyçilər olub. Böyük ədəbiyyatla maraqlanıblar. Ədəbiyyatı siyasətə çeviriblər, siyasət yolu ilə cəmiyyəti dəyişə biliblər.

Bu cür insanlar olub. Və onlar da nümunədir. Axı bəşəriyyət biz doğulduğumuz tarixdən başlamır.

- Bəlkə, böyük siyasətçini yaratmaq üçün böyük ədəbiyyatın olması lazımdır?

- Sözsüz. Cəmiyyətdə hər şey birinci böyük ədəbiyyatdan başlayır.

- Varmı o böyük ədəbiyyat?

- Bizdə..... böyük ədəbiyyat... Cağdaş dövrün də, yəni ən yaxın tarixin böyük ədəbiyyatı hələlik olmadığına görə, görürsünüz, bizim bu siyasətçilərin inqilabları da “abortiv” alınır (gülür - İ.R.).

Abort, düşük şəkildə baş verir. Yəni atılırlar irəli, heç bir şey çıxmır. Adicə bir parlament seçkilərini ələ keçirə bilmirlər.

Amma heç olmasa, böyük ədəbiyyatda olanlarla bəhrələnsəydilər, müəyyən nailiyyət əldə edərdilər.

Bunlar ədəbiyyatla demək olar ki, maraqlanmırlar. Halbuki, lap elə ən yeni ədəbiyyatın da tərkibində siyasətçilərin irəli getməsi üçün nəlarsə var. Sadəcə ondan istifadə etməyi bacarmırlar.

Maraqlanmırlar. Mən siyasətçilərə tövsiyə edərdim ki, ədəbiyyatla maraqlansınlar. Hələlik olanların içərisində də böyük fikirlər var.

Düzdür, ciddi oxucular var. Məsələn bu yaxınlarda bir kitab təqdimatında mən İbrahim İbrahimlinin çıxışına heyran qaldım.

Gördüm ki. bu, Cənubi Amerika yazıçılarından tutmuş Rusiya yazıçılarının əsərlərinədək oxuyub.

Ozü də analız edərək, içindən keçirərək oxuyub. Yəni siyasətçılərimiz var, yox deyil. İsa Qəmbərin çağdaş ədəbiyyatı oxu dairəsi genişdir.

Sərdar Cəlaloğlunun oxu dairəsi çox genişdir. Amma özünü siyasətçi sayan tutaq ki, 500 adam varsa, onun 30-da belə hal görə bilərsən.

Qalanları maraq xatirinə. Vaxtını keçirmək üçün oxuyurlar. Yəni siyasətçi deyillər, hansısa gələcək məqsədlər güdürlər.

Yəni mən bunları siyasətçi saymıram. Xalqın bəlasıdılar. Yerindən durur, deyir gedək partiya açaq.

Açdı partiyanı, görürsən oturub söhbət etməklə məşğuldur. Heç olmasa siyasi ədəbiyyat oxusunlar. Yəni heç nə oxumurlar.

- Dinləyici Gürşad yazır ki, “Rafiq müəllim hamı sizin gözəl yazıçı olduğunuzu bilir. Amma bir dəfə Elnur Astanbəyli yazmışdı ki, Rafiq Tağıya siyasətdən yazmağı qadağan etmək lazımdır.

Çünki bilmədiyi məsələlərə diaqnoz qoyur, hamısı da səhv çıxır. Yazıçı-siyasət münasibətləri barədə nə deyə bilərsiniz ?”

- Dostumuz Elnur Astanbəylinin o fikri ilə razılaşmıram. Sadəcə mənim onun kimi düşünməməyimdən ona elə gəlir ki, siyasətdən bilmirəm.

Mən peşəkar siyasətçi deyiləm əlbəttə ki. Onun texnologiyalaranı nəzəri cəhətdən bilsəm də, tətbiqi siyasətlə məşğul deyiləm.

Düzü həvəsim də yoxdur ona. Məsələn, mən gedəm hansısa piket təşkil edəm. Onu bacarmıram. Amma mitinq, piket təşkil etməyi bacaranlara cox heyranlığımı bildirirəm.

Bəlkə də Elnur Astanbəyli bunu nəzərdə tutur. Doğrudan da bunları mən bacarmıram. Amma siyasi yönümləri bilirəm.

Nəyin düz, nəyin qəlp, saxta olduğunu bilirəm. Özümü müdrik adam saymıram, amma siyasəti bilmək elə budur də.

Siyasətdə necə iyrənc texnologiyalar işlədildiyini də bilirəm. Məsələn, bir partiya var idi. İstəyirdi 3 yerdə mitinq keçirmək barədə müraciət etsin.

Bir nəfər elmlər doktoru durub ayağa dedi ki, əgər, iqtidar bizim istədiyimiz bu 3 yerdə mitinq keçirməyə icazə versə, orada mitinq etməyək. (Gülür - İ.R.)

Durub dedim ay balam, bəs siz onda nə istəyirsiniz? Bu adam sadəcə istəyir ki, toqquşma olsun, kiminsə başı yarılsın.

Bir siyasi partiyanın üzvü həbsxanada ölmüşdü, bütün partiya onun ölümünü öz uğuru sayırdı. “Bizim nümayəndəmiz orada öldü.

Görün biz necə partiyayıq” deyirdilər. O da infarktdan ölmüşdü ey. Belə siyasət olmaz axı.

Mən bunları bilirəm. Elnur Astanbəyli hazırda siyasi proseslərlə aktiv məşğul olur. Halbuki, yazıçının siyasətlə bu dərəcədə aktiv məşğul olmağı çox da məqbul deyil.

Nə siyasətçi kimi siyasətçidir... Yazıçı kimi istedadlıdır. Amma siyasətçi kimi hərəkətlər edir və bu belə çıxır ki, kimlərinsə diqtəsi ilə gedir.

Məsələn AXCP-nin diqtəsi ilə. Elnur dostumuz əgər siyasəti bilirsə, onu da bilməli idi ki, yazıçı hansısa siyasi partiyanın diktəsi ilə hərəkət etməməlidir.

Deməli Elnur Astannbəyli yazıçı olaraq siyasəti çox da bilmir.

Yəni birinci o yazıçıdır. İkinci, bəlkə siyasətçi ola bilər. Onda da mənsub olduğu partiyanın fikrinə uyğun olmayan fiirlər də söyləyə bilər. Amma o elə fiikrlər söyləmir.

Belə çıxır ki, bir səngərə girib o səngərdən yazıçılıq edir. Belə olmaz, yazıçı ümumbəşəri olmalıdır.

- Yazıçının siyasətlə məşğul olması - yazıçılıqdan enmədi, ya qalxma?

- Birbaşa məşğul olmamalıdır. Müəyyən mənada enmədir. Məsələn, Rusiyada Eduard Limonov var.

Harada mitinq varsa, o oradadır. Harda aşdı, orda başdı. Fikri-zikri elə odur ki, polis bunu tutsun. Bundan nəsə şöhrətlənsin.

Bir fərli yazıçı da deyil. Amma sanki bu yazıçılar arasında inqilabçıdır. Məsələn, mənim kimi yazıçılar ona 5 ballıq sistemlə 2 qiymət verirlər.

Sən sözünlə yazıçı olmalısan ey. Elə söz de ki, onda titanık bir fiir olsun, mən o sözdən tutub gedəcəm, sənin işin yoxdur.

Səni tutub hasısa “kepeze”yə salacaqlarsa, buna görə mən sənə böyük yazıçı deyəsi deyiləm.

Yazıçının siyasətlə birbaşa məşğul olmağı, hesab edirəm ki, onun enməyidir.

- Ərəb ölkələrində məlum hadisələr başlayandan o prosesləri Azərbaycanda da gözləyənlər var. Hətta “İnqilab gələcək”, “inqilab yubanır” və sair bu kimi fiikrlər də eşidilir.

- (Gülür - İ.R.) İnqilab bilet alıb qatara minib gəlmir ki Azərbaycana. İnqilabi situasiya yetişməlidir.

Kütlənin içində o situasiya bəlkə də var ey. İnsanlar problemlərin içində çabalayırlar.

Hara baxırsan problemdir. Sadacə, Azərbaycanda bu siyasətlə kütlənin ölçüləri düz gəlmir.

Yəni siyasətçilər onunla məşğul deyillər ey elə bil. Məşğul olsa da bizim bu müxalifət özünü o qədər nüfuzdan salıb ki, xalq onlara inanmır.

Baxmayaraq müxalifətdə də mənim dostlarım var və onların hərəkatlarını da hardasa, bəlkə də dəstəkləyirəm.

Sadəcə bunlar bilərəkdən, bilməyərəkdən öz hərəkətlərində o qədər yanlışlığa yol veriblər ki, kütlə artıq onlara inanmır.

Kütlə problemlərin içində qalıb. Özünün içərisindən də yeni siyasətçi yetirmək qüdrətinə malik deyil. Sovet dövründə axı bizim xalqı uzun müddət belə işlərdən kənar saxlayıblar.

İnsanlarımız bu siyasi vərdişlərə son 20 ildə yiyələnməyə başlayıblar. Ona görə də birinci kim qabağa düşdü kütlə deyir elə mənim liderim budur. 1988-ci ildə də belə oldu.

Kütlənin sanki yetişdirdiyi liderlər hadisələrə adekvat olmadı. Kütlədə görmə qabliyyəti yoxdur. Ərəb ölkələrinə gəlincə, inqilablar ixrac olunmur, xalq özü onu yaradır.

İndi bəzən deyirik ki, gör nə gözəldi ərəb ölkələrindəki bu inqilablar. Amma mən orda heç gözəllik görmürəm. 42 il o Qəddafinin, o “psixopat”ın rejiminə dözən insanlara mən heç də yaxşı baxmıram.

Onlar sadəcə başqa bir ölkədəki nümunə ilə hərəkət etdilər. Ümumiyyətlə isə, ərəb ölkələrindəki bu inqilablar əslində onların içindəki gözəllik deyil.

Bu inqilablarda yenə mən Avropanın gözəlliyini görürəm.

Yoxsa bu İslam dini özü quldarlığa biganə yanaşıb. İndi Avropanın təsirindən dindəki o postulatlar da öz əhəmiyyətini itirir.

İnsan qul ola bilməz. İtaət insan ləyaqətinə yaraşmayan bir şeydir. Sən niyə insandan itaət tələb edirsən? Sən ondanbir söz, əməl tələb elə.

- İtaət ləyaqətin antonimidir...

- Bəli. Deyir Allah səndən itaət tələb edir. Allah heç vaxt elə söz deməz. İnsan Allahın yaratdığıdır.

Allahın ona nə ehtiyacı var ki, hələ bir insan Ona itaət də eləsin. Bunun hamısı dindəki yanlışlıqlarıdır. İtaət insana yaraşmayan bir şeydir.

Allahı sevərlər. Şəxsən mən Allahın varlığını qəbul edən insanam.

Allahı da çox sevirəm. O məndən kölə kimi itaət etməyi yox, xoş əməllər tələb edir. Və mənə elə gəlir ki, o əməlləri də görürəm.

- Dinləyici Zema yazır ki, “Rafiq bəy səmimi cavab verin. Azərbaycanda kimə ziyalı demək olar. Rüstəm İbrahimbəyovu, yaxud da Çingiz Abdullayevi ziyalı sayırsınızmı?”

- Çingiz Abdullayev elan edir ki, o kommunistdir. Artıq kommunist olmağı ilə mən onu ziyalı saymamalıyam.

Çünki bu, 50 milyon insanın həyatına son qoymuş bir partiyanın varisi olaraq davam edir.

Yəni bir siyasi baxış olaraq. Amma ziyalılıq nə çox kitab oxumağa, nə çox kitab yazmağa bağlı olan şey deyil.

Xeyir. Ziyalılıq şərə qarşı mübarizə aparmaq məqamında ölçülür. Adicə çoban ola bilər ziyalıdı, akademik ziyalı deyil.

Mənim baxışım belədir. Məsələn akademikdi, hara deyirlər dön, dönür. Gəl buna boyun əy deyirlər, əyir.

Ona heç vaxt ziyalı demək olmaz. Amma çoban da var ki, lazım olanda qəhrəman olur.

Mənim 20 il əvvəl yazdığım bir hekayə də var. “Lazım gələndə əsgər olanlar”. Baxırsan üstü başı çirkli fəhlələrdi. Amma deyirəm lazım gələndə bunlar vətəni qoruyacaqlar.

Bax bunlıar ziyalı tipidilər. Elə akademiklər yox, bu cür insanlar Rusiyanı faşizmdən xilas elədilər də.

Hitler gəlib burada bərqərar olsaydı akademiklər ona etiqad edəcəkdilər.

Ən yüngül halda onlar konformist olurlar, şər mühitinə uyğunlaşıb qalırlar, qılaflaşırlar.

Qaldı ki. nə Çingiz Abdullayevin, nə də Rüstəm İrahimbəyovun gördükləri işləri də yerə vurmaq olmaz.

Rüstəm İbrahimbəyov çoxlu kommunist əhval-ruhiyyəli filmlərin yaradıldığı bir vaxtda komminist rejiminə zidd filmlər yaradıb.

O anlamda mən Rüstəm İbrahimbəyova ziyalı deməyə bilmərəm. Çingiz Abdullayevin də kitabları milyon tirajlarla çıxır.

Bu özü bir fenomenal bir şeydir. Amma mənə elə gəlir ki, o içində insanların, xalqın taleyinə biganədir. İndi hər halda bunlar Azərbaycanın üzdə olan adamlarıdır.

İndi biz bunlardan durub soruşsaq ki, de görək bu avtoritarizmə münasibətin necədir, bu da düz deyil. Amma ümumiyyətlə götürəndə, deyək ki, kataklizmlər ola, artıq millətin taleyinin həll olunası günlərin məsələsidir, bunlar orada iştirak edən deyillər...

PROQRAMI TAM ŞƏKİLDƏ BURADA DİNLƏ

Prodüsser Maarif Çingizoğlu
XS
SM
MD
LG