Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:47

«Hakimiyyət daxilində inqilab təşvişi»


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzetində «HAKİMİYYƏT DAXİLİNDƏ İNQİLAB TƏŞVİŞİ» adlı məqalə çıxıb.

Qəzet yazır ki, Daxili Qoşunların ölkənin müxtəlif hissələrində yerləşdirilmiş bölmələri təlimlərə başlayıblar:

«Bu arada Daxili İşlər Nazirliyi də icazəsiz aksiyalara imkan verməyəcəyini bəyan edib. Artıq hakimiyyət gənclərin hökumətin istefa verməsi tələbi ilə etiraz aksiyalarına başlamaq çağırışlarına reaksiya verib. Bu tədbirlər çərçivəsində bir neçə fəal həbs olunub, hökumət yönlü KİV-lərdə sosial şəbəkələrə qarşı tənqid başlayıb. Eyni zamanda, hakimiyyət korrupsiyaya qarşı kampaniyaya başlayıb və bu ad altında bir neçə kiçik məmuru həbs edib.

Hökumətdəki mənbələr qeyri-rəsmi söhbətlərdə bildirirlər ki, hakimiyyət genişmiqyaslı etiraz aksiyalarının başlaması ehtimalından çox qorxur və onu ən çox islamçıların ənənəvi sağçı hakimiyyətlə alyansı qorxudur. Dünən həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri güc qurumlarını qanunsuz əmrləri yerinə yetirməməyə çağırıblar».

«Yeni Müsavat» qəzeti «QIŞ BULVARINDA» NÖVBƏTİ ETİRAZ DALĞASI» adlı məqalədə Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində yaşayan sakinlərin evlərinin sökülməsinə etiraz əlaməti olaraq növbəti aksiyasından yazır. Həmin ünvanlarda mənzilləri 60 kvadrat metrdən çox olan ev sahiblərinə yeni mənzillər veriləcək. Mənzilləri 60 kvadratmetrdən az olanlara isə hər kvadratmetr üçün 1500 manatdan kompensasiya ödənilməsi nəzərdə tutulub:

«Hər iki variantla razılaşmayan sakinlər Füzuli küçəsinə toplaşıb etirazlarını bildirdilər. Onlar deyir ki, veriləcək kompensasiyanın miqdarı mənzil bazarı qiymətinə uyğun deyil. O cümlədən, kvadratı çox olanlara təqdim olunacaq mənzillər şəhərin kənarında yerləşir. Üstəlik, mənzillərin kvadratının ölçülməsi zamanı qeyri-obyektivliyə yol verilir».

«Bizim yol» qəzeti isə yazır ki, Eynulla Fətullayevi həbsxanaya aparan maşına maskalılar soxularaq onu təhqir ediblər. Vəkil Anar Qasımov deyib ki, Eynullanı hələ belə bir vəziyyətdə görməmişdim. Vəkil E. Fətullayevin karserdə saxlanıldığını bildirdi:

«Eynullanın görkəmində olan mənfi dəyişiklik onunla bağlıdır ki, o, öz istəyinə uyğun olaraq karserdə saxlanılır. Eynulla Fətullayev mətbuatda Ədliyyə nazirinə məktub yazaraq bildirmişdi ki, iradəsinin ziddinə olaraq başqa cəzaçəkmə müəssisəsinə köçürülərsə, karserdə qalacaq və zonun ərazisinə çıxmayacaq. O, həqiqətən də 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karserdən çıxmayıb. Karserlər daxili intizam qaydalarını pozanların cəzalandırılması üçün və həyatına təhlükə olanların saxlanılması üçün nəzərdə tutulan bir adamlıq kameralardır».

A.Qasımov E. Fətullayev istintaq təcridxanasından köçürülərkən basqına məruz qaldığını da bildirib:

«Kürdəxanıda yerləşən istintaq təcridxanasından 1 saylı müəssisəyədək yarım saatlıq yol var. Lakin Eynulla Fətullayevi 3 saat ərzində Bakıda gəzdiriblər. Maşında tək olub. Yolun Eynullaya məlum olmayan hissəsində maşın dayanıb. Qapı açılıb, iki nəfər maskalı, hərbi geyimli şəxs maşına daxil olub. Eynulla Fətullayev bizə bildirdi:

«Onlardan soruşdum siz kimsiniz? Nə istəyirsiniz?» Dərhal Eynullanın üstünə «molçat» deyərək qışqırıblar və onu yerə yıxıblar. Həmin maskalılardan biri hətta ayağını Eynullanın boğazına dirəyib. Bu vəziyyətdə Eynullanı 1 sayı cəzaçəkmə müəssisəsinə gətiriblər».

«Azərbaycan» qəzetində çıxan «İKİNCİ REGİONAL İNKİŞAF PROQRAMI UĞURLA İCRA OLUNUR» adlı məqalədə yazılır ki, Azərbaycan neft sənayesinin inkişafından böyük həcmdə maliyyə resursları əldə edir:
«Dövlət qeyri-neft sektorunu inkişaf etdirmək üçün bu vəsaitdən səmərəli şəkildə istifadə etməyə qərar verib. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün qəbul edilən iki dövlət proqramı da bu məqsədə xidmət edir. 2004-2008-ci illəri əhatə edən ilk dövlət proqramı uğurla həyata keçirilib. Bu sahədə görülən işləri davam etdirmək üçün 2-ci sənəd – «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» qəbul olunub. Bu proqram da uğurla həyata keçirilir. İkinci dövlət proqramının qəbulundan sonra bölgələrdə bir sıra istehsal, emal və sənaye obyektləri, eləcə də sosial infrastruktur layihələri başa çatdırılaraq istismara verilib».
XS
SM
MD
LG