Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:24

Türkiyəli azərbaycanlıların qurultayı apreldə keçiriləcək


Camal Məmmədxanoğlu
Camal Məmmədxanoğlu
«Qurultayımızda ancaq dəvətlilər olmayacaq, özünü Azərbaycan türkü hiss edən və yaxud başqa millətdən olub türk dostu sayılan hər kəs tədbirimizə qatıla bilər!».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Türkiyədən yayımlanan «CanAz TV»nin rəhbəri Camal Məmmədxanoğlu söylədi.

UYUYAN DİV?!


Onun dediyinə görə, Türkiyədə 3 milyondan çox Azərbaycan türkü yaşayır və bu köç ən aşağısı, 1870-ci illərdən başlayıb:

«İlk köçmənlər qonşu şəhərlər olan Amasiyaya, Sivasa, Tokata, Çoruma yerləşmişlər. Sonra Karsa, İqdıra, Vana, Muşa, ordan da böyük şəhərlərə keçmişlər. Yəni Türkiyədə 3 milyondan artıq uyuyan div var».

HEÇ BİR ARAYA GƏLMƏDİLƏR...


Camal bəy indiyə qədər onların bir araya gəlmədiyini bildirdi:

«Odur ki, Türkiyədə yaşayan Azərbaycan türklərinin öndə gələnlərini—daha öncə millət vəkili olmuş, partiyalarda, bələdiyyələrdə çalışmış şəxsləri, sənətçiləri, ədəbiyyatçıları, şairləri, həmçinin son 20 ildə köç edənləri toplayıb böyük bir qurultay düzənləməyi hədəfləyirik».

QURULTAY 23-24 APRELDƏ OLACAQ

Camal bəy İzmirin gözəl bir qəsəbəsi olan Çeşmədə 5 ulduzlu «Altun Yunus» otelində keçiriləcək qurultaya dünyanın hər yanından qonaqların da qatılacağını söylədi:

«Bakıdan da gələnlər olacaq. Müxtəlif ölkələrdəki diaspor dərnəklərinin fəalları da gələcək. Belçikadan Ayhan Dəmirçi, Hollandiyadan İlhan Aşkın, Nyu-Yorkdan Tomris Azəri, Strasburqdan Mustafa Alınca və b. iştirakı gözlənilir. Moskvadan, Qazaxıstandan, Özbəkistandan, Ukraynadan diaspor təşkilatlarının fəallarını, DAK-ın sədrlərini da dəvət edirik. Həmçinin, Diaspor Komitəsinin sədrini, Azərbaycanda diasporla əlaqəli şəxslər də çağırılacaq».

BİR-BİRİMİZDƏN XƏBƏRSİZ YAŞAYIRIQ

Qurultayı «demokratik, katılımcı və sivil toplum hərəkatı» –deyə qiymətləndirən Camal Məmmədxanoğlu bu işi Türkiyədən 15-dən çox Azərbaycan dərnəyinin ortaqlığı ilə başladıqlarını dedi:

«Rəhbərliyini və öncüllüyünü İzmir Azərbaycan Kültür Mərkəzi və «Can AzTV» yapdı. 12 nəfərlik təşkilat komitəsi qurduq. Ümid edirəm ki, gözəl bir qurultay olacaq. İlk məqsədimizə--Türkiyədə yaşayan Azərbaycan türklərinin bir-birini tanımasına, dünya azərbaycanlıları ilə ünsiyyətinə nail olacağıq».

İNSANLARI YEDİRİB-İÇİRMƏYƏCƏYİK

Qurultaya öz imkanları ilə qatılmanın şərt olduğunu deyən Camal bəy artıq İzmirdəki otellə ucuz qiymətə anlaşma yapdıqlarını da söylədi:
«Gününə 100 lirədən—50 manatdan ödəyəcəklər. Biz hökumətdən, sərmayə qrupundan yardım almırıq. Öz dostlarımızın kiçik imkanları ilə bu işi gerçəkləşdirməyi düşünürük. Təbii ki, bəzi maddi imkanı az olan dostlarımızın xərclərini çəkəcəyik. Amma tutaq ki, Diaspor Komitəsindən Nazim İbrahimovu dəvət etmişik, o, öz imkanları ilə təşrif buyuracaq. Sabir Rüstəmxanlını çağırmışıq, öz xərcinə gələcək».

SABAH MƏTBUAT KONFRANSI OLACAQ

Camal Məmmədxanoğlu sonda Azərbaycan mediasının təmsilçilərini sabah—martın 10-da Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək mətbuat konfransına dəvət etdi:

«Bizim xoşniyyətli işimizə dəstək versinlər».

--Camal Məmmədxanoğlu bu il dördüncüsü düzənlənəcək IV Novruz Festivalından nələr danışdı?

-- Festivalda gerçəkləşdiriləcək «Bakı Gecəsi» və «Təbriz gecəsi» ndə kimlər iştirak edəcək?

--Qonağımız aparıcının «Azərbaycan rəsmilərindən nə umursunuz» sualının cavabında nə dedi?

--Və nəhayət, «Can Azərbaycan» televiziyasında iyun ayında hansı yeniliklər olacaq?

«Can Bakı»nı dinləyin.

XS
SM
MD
LG