Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

Bakıda əlvan, dəbə uyğunlaşan hicab bumu


«İndi bu cür rəngli baş örtüləri dəbdədir. Ona görə dəblə ayaqlaşmağa çalışıram. Həm də mənə nə yaraşırsa, o cür geyinirəm. Elə geyinirəm ki, həm müasir olsun, həm Allaha, həm də bəndəyə xoş getsin. Mən yaşıma uyğun geyinirəm».

Gödəkcə, cins şalvar, idman üslublu çəkmə geymiş, başına isə dini üslubda al-əlvan güllü yaylıq bağlamış 18 yaşlı Fəridə Əhmədova deyir ki, o özünü əsl müsəlman hesab edir. Həm də müasirlikdən və dəbdən geri qalmaq istəmir.

AL-ƏLVAN HİCABLAR


Son vaxtlar Bakıda dini üslubda geyinən qadınlar arasında Fəridə kimi rəngarəng baş örtüləri bağlayanlara, dəbə uyğun geyinənlərlə tez-tez rast gəlmək olur. Elə dini geyimlərin satıldığı mağazaların vitrinlərindən də başı örtülü olsa da parlaq rəngli paltar, kofta geymiş, rəngbərəng şərflər, paltarına uyğun çantalar taxmış manekenlər boylanır.

Belə mağazaların satıcılarından biri Bəxtiyar Hüseynov deyir ki, rəngarəng dini geyimlər əsasən Türkiyədən gətirilir. Alıcılar da son vaxtlar bu geyimləri alırlar:

«Bu paltarlar hamısı fabrik mallarıdır. İndoneziyadan, Pakistandan, ən çox Türkiyədən gəlir. Modelləri ən çox dəyişən Türkiyə modelləridir. Ancaq ərəb ölkələrini götürsək, onlarda modellər konkretdir. Çünki şəriətdə qadının geyimi barədə alimlərin konkret fikri var. Ona baxılsa, rəngarəng geyimlər sonradan ortaya çıxıb. Şəriətdə əsas şərt odur ki, əzalar bilinməməlidir. Yəni qadın diqqət cəlb etməməlidir. Rəngarənglik özü elə diqqəti cəlb edir. Ancaq gələnlərin çoxu bu cür geyimi üstün tutur. Biz də tələbatı nəzərə alırıq»

Satıcı Zülfiyyə Səfərova 6 il əvvəl dini geyimlər geyinməyə başlayıb. Ancaq deyir ki, baş örtüyündə muncuqlardan təzəliklə istifadə edir, o ki qaldı alıcılarına:

«Dini geyimlərdə dəbə uyğun geyinmək istəyi son vaxtlar yaranıb. Bu dəb hər fəsildə dəyişir. Hicabın müxtəlif - güllü, muncuqlu, qaşlı, müxtəlif üslubda bağlama formaları yaranır. Əvvəllər belə şey yox idi».

NƏ QARA, NƏ ƏLVAN


35 yaşlı Gülnarə Əliyeva deyir ki, o hicablı qadın olsa da daha çox sadəliyə fikir verir:

«Yəni nə klassik qara, nə də al-əlvan. Mənim üçün adi üslub daha yaxşıdır. Əsas qapanmaqdır. O da doğrudur ki, son vaxtlar cavan qadınlar fərqlənmək istəyir».

17 yaşlı Türkan Allahverdiyeva isə qara rəngdən istifadə edir:

«Daha çox qara istifadə edirəm. Ancaq al-əlvan geyinmək də yaxşıdır. Dində o da var ki, hicab geyinirsənsə, diqqəti cəlb etməməlisən».

Balabacı Dadaşzadə
60 yaşlı Balabacı Dadaşzadə isə al-əlvan dini geyimləri yolverilməz sayır:

«Uyğun deyil. Bunlar hamısı pul qazanmaq üçün satılır. Dəbdən də o qızlar istifadə edir ki, özlərini göstərsin, tez ərə getsinlər».

İDMAN ÜSLUBLU DİNİ GEYİM

Modelyer Fəxriyyə Xələfova isə bildirir ki, son vaxtlar dini geyimlərdə dəbin özünü göstərməsi normal qarşılanmalıdır. Ancaq modelyer də onu təəccübləndirən dini geyimə rast gəlib:

«Bir geyim görmüşdüm, tamamilə cins parçadan tikilmişdi. Üstündə də idman üslubuna aid elementlər vardı. Bu transformasiya, adaptasiya qaçılmazdır. Ona görə ki, həyat, zaman, insanın zövqü dəyişir. Belə fikirləşirəm ki, bu geyim transformasiyası hələ davam edəcək. Yeni modellər, yeni formalar yaranacaq».

İlahiyyatçı Elşad Miri isə deyir ki, hicabda dəb məsələsinə yanaşmalar, müsəlman alimlərinin fikirləri fərqlidir:

«Məsələn, buna Səudiyyə Ərəbistanında yaşayan bir başqa cür yanaşa bilər, İranda yaşayan bir cür, Türkiyədə yanaşanlar da tamam fərqli yanaşa bilər. Sadəcə bunun əsas qaydaları ondan ibarətdir ki, hər hansı bir insan islamın əsas prinsiplərində mövcud olan qarşı cinsə həmin bədən üzvlərini büruzə verməyəcək şəkildə olmalıdır. Əsas meyar budur».

Elşad Miri deyir ki, qalan digər meyarlar təfərrüatlardır ki, onlar da fərdə görə dəyişə bilər.
XS
SM
MD
LG