Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Naxçıvanda taksilər niyə ancaq «Lifan» olmalıdır?


Naxçıvan Muxtar Respublikası Babək rayon sakinləri AzadlıqRadiosuna bildiriblər ki, yaşadıqları rayonda nəqliyyat qıtlığı yaşanır. Onlar bunu şəxsi taksilərin fəaliyyətinə qadağayla bağlayırlar.

Sakinlər deyir ki, rayon mərkəzinə və kəndlərə Naxçıvan şəhərindən gün ərzində bir neçə xırda tutumlu mikroavtobus işləsə də, bu, onların nəqliyyat problemini həll etmir. Ümid qalır taksilərə ki, onların da sayı çox azdı. Rayon sakini Sabir Vəliyev:

«Mən çox vaxt ictimai nəqliyyatdan istifadə edirəm. Həmin xırda nəqliyyat maşınları əhalinin hamısını götürə bilmir. Babək qəsəbəsiylə bərabər digər kəndlərin sakinləri də piyada qalır. Məcbur oluruq taksi nəqliyyatından istifadə etməyə. Qəsəbədə 4-5 ədəd göy rəngli nömrə nişanı olan taksi var ki, bu da tələbatı ödəmir».

«GET «LİFAN» AL»

Əvvəllər şəxsi avtomobilindən taksi kimi istifadə etmiş digər rayon sakini Qüdrət Kazımov bildirir ki, yenidən taksi fəaliyyətinə başlamaq onun üçün əlçatmaz olub. Çünki dediyinə görə, hal-hazırda Naxçıvanda taksi fəaliyyətiylə məşğul olmaq üçün göy rəngli xüsusi nömrə nişanı almaq tələb olunur. O deyir ki, həmin nömrələr Naxçıvan Muxtar Respublika Dövlət Yol Polisi İdarəsində 4-5 min manata vətəndaşlara satılır. Qüdrət Kazımov bildirir ki, bu azmış kimi yeni qaydalara görə, göy rəngli xüsusi dövlət nömrə nişanı yalnız Naxçıvan Avtomobil Zavodunda istehsal olunan Lifan avtomobillərinə verilir:


«4-5 min manat düzəltmişdim ki, göy nömrə alam. Getdim yol polisinə, orada dedilər ki, get «Lifan» al, sonra gələrsən sənə nömrə verərik. «Lifanın» qiyməyi 15 mindən bahadı. Bu qədər pulu haradan alım?»

NAXÇIVAN RƏSMİLƏRİ NƏ DEYİR?

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən dedilər ki, bir neçə gün sonra özləri bizimlə əlaqə saxlayıb bu haqda məlumat verəcəklər. Bir neçə gündən sonra əlaqə saxladıqda bildirdilər ki, yalnız Ali Məclisdən icazə alındıqdan sonra nazirlik bu məsələyə aydınlıq gətirə bilər.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat idarəsinin adının çəkilməsini istəməyən rəsmisi isə bildirdi ki, Babək rayonunda ictimai nəqliyyatın çatışmamasıyla bağlı deyilənlər həqiqətə uyğun deyil. Çünki, rayona ayrılan ictimai nəqliyyat növlərinin sayı kifayət qədərdir. İdarə rəsmisi həmçinin təsdiqlədi ki, şəxsi avtomobillərdən taksi kimi istifadəyə qadağa qoyulub. O, bildirdi ki, yalnız yeni istehsal olunmuş və komfortlu avtomobillər taksi fəaliyyəti göstərə bilər. Naxçıvanda istehsal olunan Lifan markalı maşınlar da bu standartlara cavab verir.

Naxçıvan Avtomobil Zavodundan bildirdilər ki, bu zavodda heç kimə müsahibə verilmir. Ancaq zavodun icraçı direktoru Polad Sadıxov bir müddət öncə «Trend» agentliyinə deyib ki, zavodda istehsal olunan «Lifan» markalı avtomobillər sayəsində muxtar respublikada taksi parkının dəyişdirilməsi və modernləşdirilməsi nəzərdə tutulur. Agentliyin digər məlumatına görə, «Lifan» markalı avtomobillərin satışı və servis məntəqələri Bakıda da var.

Naxçıvan avtomobil zavodu
Naxçıvan Muxtar Respublika Dövlət Yol Polisi İdarəsindən də məsələyə münasibət bildirmədilər.

Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə AzadlıqRadiosuna dedi ki, Naxçıvanda taksi fəaliyyəti üçün nəzərdə tutulan dövlət nömrə nişanlarının baha qiymətə satılmasıyla bağlı deyilənlər yalandı. Çünki, rəngindən asılı olmayaraq bütün dövlət nömrə nişanlarının rüsum qiyməti 18 manatdı. «Lifan»a gəlincə:

«ƏSLİNDƏ BU YAXŞIDI»

«Ola bilsin ki, orada tələb onadı ki, sərnişin nəqliyyatında işləyən avtomobillərin markası eyni olsun. Əslində bu yaxşıdı. Həm insan ölümünün qarşısı alınacaq (rəsmi köhnə maşınların qəza vəziyyətində olduğunu nəzərdə tutur- Y.Ə), həm də yeni avtomobillər taksi fəaliyyətində olacaq. Bu gün iyirmi ilin, otuz ilin istismarında olan avtomobillərdən taksi kimi istifadə olunur. Bu hərəkətə təhlükədən başqa bir şey deyil»

İqtisadçı-ekspert Məhəmməd Talıblı isə deyir ki, hansı markalı avtomobildən taksi fəaliyyətində istifadə etməsi həmin şəxslərin özlərinə aid olan məsələdi və bunu dövlətin administrativ orqanları müəyyənləşdirə bilməz:

AZƏRBAYCAN VƏ ALMAN REALLIQLARI


Məhəmməd Talıblı
«Heç kim müəyyənləşdirə bilməz ki, kim hansı maşını alsın. Azərbaycan reallıqlarını alman reallıqlarıyla qarışdırmaq düzgün deyil. Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların böyük gəlirə malik olmadığı aydındı. Onları faktla üz-üzə qoymaq başa düşülən deyil»

Məhəmməd Talıblı «Lifan» avtomobiliylə bağlı yaranmış mübahisələrin arxasında Naxçıvandakı bəzi məmurların iqtisadi maraqlarının durduğunu iddia edir.

Babək rayon sakini Sabir Vəliyev isə deyir ki, rayonda taksi çatışmazlığından onun kimi sıravi vətəndaşlar əziyyət çəkirlər.

«Xəstəmiz olur xəstəxanaya aparmağa, ailəvi tədbirlərimiz olur müəyyən yerlərə getməyə. Taksi sürücülərini axtarırıq, tapa bilmirik. Nəticədə qalırıq yollarda».
XS
SM
MD
LG