Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:57

Dilqəm Əhməd "Azadlığın tərlanı" (Hekayə)


-

“Bu gün saat 3-də rejimə “YOX” demək üçün hər kəs Elmlər Akademiyasının önündə olsun”.
Tərlan dünəndən bəri bəlkə əllinci dəfə idi ki, “facebook”da bu “status”u yazaraq məsləkdaşlarını icra hakimiyyəti tərəfindən icazə verilməmiş aksiyaya çağırırdı. İndiyədək aksiyalarda çox döyülmüşdü, hər dəfə mitinqdən qayıtdıqdan sonra otağına qapanaraq güzgünün qarşısına keçir, məğrurluqla özünə baxaraq tarixə yazılmaq üçün az bir vaxtın qaldığını düşünürdü. Aynadakı əksinə baxanda Babəkdən tutmuş, Çe Gevaraya qədər bütün qəhrəman hesab etdiyi şəxslərin cizgilərini üzündə axtarır, inqilab tarixinə şərəfli bir ad yazacağına inanırdı. Əslində haqqı idi. Bütün aksiyalarda öndə olmuş, “azadlıq”, “rədd olsun iqtidar” kimi şüarlar bağırmaqdan səs telləri xarab olmuş, qollarında, başında polis dəyənəyinin əlamətlərini saxlamışdı. Dostlarına başına dəymiş dəyənəyin izini fəxrlə göstərir, əsl mücahid olduğunu sübut etməyə çalışırdı. Aksiyalardan sonra polis bölməsinə aparılarkən hər zaman siyahının birinci adamı olardı. Polislər zarafatla “bölmənin şərəf lövhəsinə şəklini asacağıq” deyərək onunla məzələnərdilər. Tərlan da həmçinin “başınızın üstündəki kişinin rəsmindənsə, mənim rəsmimi asmaq sizin üçün daha şərəfli olar” söyləyərək polisləri susdurmağa çalışardı.
Tərlan üçün partiya fərqi yox idi. Öz fəaliyyətini heç bir partiyaya, təşkilata sığışdıraraq kiçiltmək istəmirdi. Partiya qəzetlərində yazan müxalifətçi dostlarını potensial yaltaqlar olaraq dəyərləndirir, onların əsl məqsədlərinin gələcək padşahlarının karyerasına xidmət etmək olduğunu düşünürdü. Bu fikirlərinə görə, ona yaxşı münasibət göstərmirdilər. İqtidara işləməkdən tutmuş, Ettelaat kəşfiyyatçısına qədər hər cür adı ünvanına söyləyirdilər. Tərlan isə öz hərəkətləri ilə bu adlardan uzaq olduğunu göstərməyə çalışırdı.
Özünü anlayandan bəri siyasi proseslərə dəhşət marağı olan Tərlanı fələyin rüzgarı bu günkü mitinqlərin hakimi-mütləqi olmasına gətirib çıxarır. Ata yurdları Laçın, erməni işğalında olan Tərlanın ailəsi Bakıda uçuq-sökük bir daxmada yaşayırdı. Daxmanın kiçikliyinə baxmayaraq böyük ideallarla yaşayan Tərlan orta məktəbi bitirdikdən sonra BDU-nun fəlsəfə ixtisasına daxil olur. Bir az da bunun təsiri idi ki saç düzümünü əski filosoflarınkına bənzətməyə çalışır, üst-başından cin hürkürdü. On beş gündən bir üzünü qırxar, cibində saxladığı, haradansa ələ keçirdiyi Ermənistan bayrağı ilə ayaqqabılarını təmizləyərdi. Şəhərin ancaq meydan hissələrində gəzməyi xoşlayardı. Bəzən saatlarla oturub Azadlıq meydanına həsrətlə baxar, “necə də azadlıq qışqırmaq olar burdan”- deyə içindən köks ötürərdi. Tərlanın atası qaçqın məktəblərinin birində qapı gözətçisi idi. Əsas dolanışığı axırıncı dərslərdən qaçmaq istəyən şagirdlərdən aldığı haqq idi. Dəfələrlə Tərlanla atası arasında buna görə mübahisə düşürdü. Özünü korrupsiyalaşmış rejimlə mübarizəyə həsr etdiyini atasına başa salaraq onun bu hərəkətlərindən utandığını bildirirdi. Ac qalmağın belə hərəkətdən daha üstün olduğunu söyləyirdi. Bir neçə dəfə möhkəm dalaşandan sonra evi tərk edərək parklarda gecələmişdi. Belə vaxtlarda qəzəbli olurdu. Rüşvət onun ata ocağına da daxil olmuşdu, o isə bunun əsl səbəbkarları ilə savaşırdı. İçində tez-tez dəyərlərin mübarizəsi gedirdi. Ya başqa əlacı olmadığı üçün şagirdlərdən pul alan atasının hərəkəti ilə razılaşmalı, ya da həmin evdə yaşamaqdan imtina etməlidir. Üstəlik hər mitinqdən qayıtdıqdan sonra atasının zəhlətökən qınamalarından təngə gəlmişdi. Bir dəfə atasının kiçik qardaşını Polis Akademiyasında oxutmaq istəməsini eşidəndə Tərlan həmin günü ümummilli hüzn günü elan etmiş, səhərə qədər başını divara vuraraq Tanrıya üsyan etmişdi. Heç cür qafasına sığışdıra bilmirdi: Axı necə ola bilər, sabah aksiyalarda qardaşımla üz-üzə gəlsəm, gərək mən utancımdan öləm, yerin dibinə girəm. İki qardaşı fərqli cəbhəyə atan rejimə nifrət edə-edə Tərlan son qərarını verdi: Evi tərk edəcəkdi!
Bu qərara gələndə o artıq, universitetin sonuncu kursunda oxuyurdu. Universitetin həm rəhbərliyinin, həm də müəllim heyətinin, hətta beli bükülmüş qoca qaraçı sifətində olan qadının da qara siyahısında idi. Çünki hər dəfə o, liftdən çıxandan sonra həmin qaraçı qadın liftin qapılarına, divarlarına yapışdırılmış “Azadlıq”, “Gələcəyimiz üçün YOX deyək” kimi vərəqələri qopararaq onu əziyyətə saldığı üçün Tərlana qarğış və nifrinlər yağdırırdı. Rəhbərlik də yaxşı bilirdi ki, əgər qərəzli şəkildə onu imtahandan kəssələr, universitetin həyətini aksiya meydanına çevirəcək, yorğan-döşək salıb, Azadlıq radiosunu, RATİ-ni çağıraraq aclıq aksiyası keçirəcəkdi. Ona görə də yola verməyə çalışırdılar. Fakültə dekanı Tərlana diplom verildiyi gün bütün müəllimlərə qonaqlıq verəcəyini söyləmişdi. Çünki rektorun otağında saatlarla danlandıqdan sonra başı aşağı çıxması onun üçün faciəyə çevrilmişdi. Əlacı olsa, ona diplom işi də yazdırmaz, öz əli ilə diplomu təqdim edərək başından rədd eləyərdi.
Evdən ayrıldıqdan sonra Tərlan uzun müddət sərgərdan dolaşaraq qalmağa ev tapa bilmədi. “Aksiyadaşları” öz ailələrinin onu qəbul etməyəcəyini bildirərək üzrxahlıq etməyə çalışırdılar. Mitinqlərdə bir döyüldüyü, bölmədən birgə azad olunduğu dostlarının bu cür münasibətini heç cür başa düşə bilmirdi. Onları qorxaqlıqla suçlayaraq parklarda, bloklarda yatmağı daha şərəfli həyat hesab edərək özünə təsəlli verməyə çalışırdı. Mitinq təyin olunmayan günlərdə həyatı lap darıxdırıcı olurdu. Belə vaxtlarda dənizin qırağına gedərək qağayılar üçün azadlıq nəğməsi oxuyur, skamyalarda bir-birinə sarılaraq öpüşən gəncləri tüfeyli adlandıraraq tanımadığı insanlarla dava eləməyə başlayırdı. Hər dəfə üz-gözü yaralansa da, “Vətən sağ olsun” deyərək yeni zərbələr üçün ağrıları tez unutmağa çalışırdı.
Nəhayət mitinq günü gəlib çatdı. Aksiya saat 3-də olsa da, Tərlan kəşfiyyat aparmaq üçün iki saat əvvəldən ərazini izləyirdi. Polislərin yerləşmə nöqtəsini, hücum ediləcək cinahları ciddi-cəhdlə müəyyənləşdirəndən sonra öz taktikasını hazırlamağa başladı. “Facebook”dakı 2318 dostundan neçəsinin onun dəvətinə müsbət reaksiya verəcəyini düşünürdü. Beləcə düşüncələrə qapılarkən ata ocağı gözünün önünə gəldi. Anası hər mitinqdən qayıdandan sonra “can bala, görüm o polislərin əlləri qırılsın” deyərək ağlayar, fələyə söyməyə başlayardı. Əvvəllər heç olmasa, döyülsə də, ən azından axşamlar evə gələrdi, anasının gözünün qabağında olardı, indi isə oğluna tamam həsrət qalmışdı. Axırıncı dəfə bir qonşusu ilə rastlaşanda öyrənmişdi ki, atası yenə də şagirdlərdən pul alır, özü də məktəbdən qaçma haqqını 30-40 qəpik də yuxarı qaldırıb. Çünki atası artıq kiçik oğlunu hansı yollasa Polis Akademiyasına düzəltmişdi. Tərlan göz yaşları içərisində boğulsa da, “azadlıq üçün can fəda” deyərək bir daha o evə qayıtmayacağına söz vermiş, atasının Azadlıq, anasının isə Meydanlar olması qənaətinə gəlmişdi.
Elmlər Akademiyasından çıxan 23 nəfər gəncin ucadan şüarlar səsləndirməsi Tərlanı xəyallardan ayırdı. Park tərəfdən isə 18 nəfərin Hüseyn Cavidin heykəlinə doğru irəlilədiyini müşahidə etdi. Eyni vaxtda pusquda dayanmış polislər zühur edərək dəyənəklərini işə salmağa başladılar. Bir-bir yerlə sürüklənən cəbhədaşlarının bağırtısına dözə bilməyən Tərlan artıq illərdir yığılıb qalan hikkəsini heç olmasa bir nəfərdən çıxmaq üçün son qərara gəldi. Özü üçün yekəqarın bir polisi hədəf aldı. Yavaş-yavaş arxadan ona yaxınlaşmağa başladı. Əlini polisin boynuna atmaq istəyirdi ki, birdən qəfildən arxaya dönən polis dəyənəyi onun beyin nahiyəsinə vurdu. Zərbə o qədər möhkəm olmuşdu ki, bir anda başından açılan qan yerə uzanmış Tərlanın saç-saqqalından süzülərək qorxunc mənzərə yaratmışdı.
Tərlanın azadlığa qovuşacağı günü gözləyən gözləri Hüseyin Cavidin heykəlinin başına qonmuş göyərçinlərə baxa-baxa yumulurdu...

19.10. 2010
XS
SM
MD
LG