Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:07

ƏLABBAS "Mərənd ölüsü" (Hekayə)


-Təqribən axşam saat səkkizdə, binanın girəcəyində qarşılaşdıq onuynan, soruşdu ki, necəyəm? Dedim, necə olacam, hamı necə, mən də elə. Amma əlüstü hiss elədim ki, zarafatlıq halı yoxdu. Düzdü, son vaxtlar tez-tez belə bədbin gözə dəyirdi, amma bu vəziyyətdə gördüyüm heç olmamışdı. Soruşdum, nə məsələdi, heeç, deyib əlini yellədi. Necə heç? Uşaq-zadam mən?-qonşu Rəfael müəllim bu sözləri yasa gələnlərə demişdi,-hiss elədim ki, dərdi başqadı. Göz-gözə vurub bir azdan aradan çıxdı. Yanımda kənar yoldaşlar vardı deyin, ardınca gedə bilmədim. Yuxarı qalxanda onsuz da baş çəkəcəkdim ona. Adətimiz idi, bir-iki partiya şahmat oynamamış gözümüzə yuxu getməzdi. Odu ki, çox da fərqinə varmadım.

Ertəsi, yəni hadisə baş verən gün Talıbı hamıdan əvvəl həyətdə süpürgəçi qadın görüb. Onun müstəntiqə verdiyi ifadəyə görə, səhər-səhər həyət-bacada heç kim gözə dəymirmiş. Hələ heç südsatanlar da gəlməyibmişlər. İstirahət günü olduğundan elə bil hamı yatıb yuxuya qalıbmış.

"Səsə başımı qaldırdım ki, yuxarıdan nə isə gəlir,-izahatda yazılıb,-elə bildim, kimsə balkondan palto-zad tullayıb. Çünki onun qolları yana açılmışdı, həm də çox iri idi. Belə şeyləri yalnız indiki səfeh kinolarda görmək mümkündü: təqribən beşinci-altıncı mərtəbənin tuşuna çatanda elə fəryad eşidildi ki, obaşdan olmasına baxmayaraq, bir dəqiqə sonra balkonlarda uşaqlı-böyüklü, bəlkə, yüzdən çox adam peyda oldu. Demək olar ki, hamısı da alt paltarında. Xoş o adamın halına ki, bu cür səs eşitməyib. Yerə çataçatda əl-qol atmağından hiss elədim ki, çalışdığı odu, başı yerə dəyməsin. Hələ heç onu demirəm ki, o, yerə necə dəyib qalxdı. Mən onun iniltisini iyirmi, iyirmi beş metrdən də aydınca eşitdim. Elə indinin özündə də çox çətindi demək: qaramı basırdı məni bu səhər-səhər, yainki bunlar bir həqiqət idi, görürdüm?"

-Çalış xatırlayasan: sən damda ondan başqa adam gördün, ya yox?-bu, müstəntiqin sualıdı,-bəlkə, blokdan-zaddan çıxıb qaçıblar, həyəcanlı olub, fikir verməmisən.

-Uşağam, nəyəm, məni dilə tutursunuz? Dedim ki, mən heç kimi görməmişəm. Onun ağzından qan gəlirdi, axıb çənəsinə, boğazına, köynəyinə tökülmüşdü. O da yadımdadı ki, bir-iki dəfə gözləri də açılıb-yumuldu, ancaq, məncə, o bunu şüursuz şəkildə eləyirdi. Tərslikdən mənim də gözlərimi yaş tutmuşdu, baxırdımsa da, heç nə görə bilmirdim. Elə bilirsiz, adam o hayda-hayda belə şeyə fikir verə bilir? Siz ona görə belə arxayın danışırsız ki, o cür mənzərəni öz gözünüzlə görməmisiniz.
Müstəntiqin "niyə yaxınlaşmırdın, kimdən ehtiyat eləyirdin, bəlkə, onun bir yardıma ehtiyacı vardı!" sorğusuna qadının cavabı belə olub:

-Əvvəla, özünü doqquzuncu mərtəbədən atanın yardıma ehtiyacı olmur. İkincisi də, indi kimə etibar var? Elə bilirsən, tanımıram sizləri? Onda da yapışıcaqdın ki, hərgah sən düz adamdınsa, niyə öz işinlə məşğul olmurdun? Nə burnunu soxurdun başqasının işinə? Salamatı budu, dedim, kənar durum, başımı ağrıtmasınlar.

Müstəntiqin etirafına görə, hamıdan çox bu xudpəsənd və lovğa qadının danışığı onda şübhələr doğurub. "Süpürgəçi olasan, o cür soyuq məntiqlə danışa biləsən?"-bu, müstəntiqin sözüdü. Sonradan məlum olub ki, bütün gözlənilənlərin əksinə olaraq bu adam, sən demə, qələm əhli imiş. Özünü dünyanın ən bəduğur taleli şairi hesab eləyən həmin qadının müstəntiqə sonuncu cavabı belə olub: "Deyirsiz şərəfsiz peşə... Məni buna həyat özü iki şəhid oğlu böyütməklə məcbur eləyib. Ən böyük şərəfsizlik hər yoldan ötənin altına uzanmaqdır, süpürgə çəkmək yox. Belə millət qədri bilənsənsə, çıx yollara, gör bu xalqın bacı dediyin qadınlarını elə maşınlardaca "tezbazar" deyə-deyə necə təhqir eləyirlər. Elə eləmisiniz ki, bu millət indi bircə parça çörəkdən başqa heç nə düşünmür, nə yola da desən gedir"

Müstəntiqin fikrincə, onun belə qara-qışqırıq salmağı həqiqəti pərdələmək niyyətindən başqa bir şey deyilmiş. Ola bilsin ki, kimsə də əvvəlcədən onu bu danışığa hazırlayıb. Ümumiyyətlə, o, inanmır ki, burada kiminsə əli olmayıb. Ancaq kimin? Məsələ də elə bu sualın başındadır. Qəsdənmi, ya işin tərsliyindənmi müstəntiqin özündən başqa heç kim onun dediyini təsdiq etmir. Hətta şübhəli şəxs qismində on gün həbsə alınan Atamoğlan da - həyətdə hamının ehtiyatla davrandığı bu adam iki dəfə həbsdə olub - müstəntiqin işi bu istiqamətdə aparmaqda, qəsddə cinayət tərkibi və kimlərinsə əli olduğunu sübuta yetirmək məqsədində bulunduğunu qonşulara və dost-tanışa dəfələrlə söyləyib. "Köhnə priyomdu,-bu adam deyib,-ona çox elə lazımdı ki, kimsə özünü öldürüb. Dünəndən öldürsün.

Beləsi üçün bütün millətin özünü qırıb başa çatması da çibin vızıltısı kimi boş bir şeydi. Məni butulka yeritməklə hədələyir ki, niyə bu adam gedib özünü, məsəlçün, küçədə tramvay altına atmayıb, dənizə tullamayıb, məhz elə binanın damından atıb? Halbuki onunçün bundan da rahat ölüm yolu varmış. Özünü evdə, hamamda asmaq, vəssalam"

Süpürgəçi qadının dediklərini Talıbın yoldaşı da təsdiq eləyir. Bədbəxt evdən lap obaşdan çıxıb. Adəti üzrə heç kimi narahat etməyib. İmmi deyir ki, xasiyyəti idi, vaxtsız olanda həmişə pəncələri üstə gəzərdi ki, uşaqları oyatmasın.

O, heç kimə heç nə deməyib. Təsadüfən səsə oyanmış yoldaşının: "hara belə, xeyir ola, bu səhər-səhər?" sualına əlini yelləyərək "heç, indi qayıdıram" deməklə cavab verib. Vəssalam. Onun bütün söhbəti bundan ibarət olub. Səsində həyəcan olub-olmaması barədə müstəntiqin sorğusuna da İmmi konkret olaraq bir şey deyə bilməyib. "Mən uzanmışdım, o, qapının ağzında idi. Üzünü görmürdüm. Özüm də yuxulu kimi idim. Səsi də, necə deyim axı, elə həmişəki kimi idi"

İstintaq materiallarından görünür ki, burda başqa məsələlər də var. Müstəntiqin Rəfael müəllimlə onun, yəni İmminin öz şəxsi münasibətlərinin necə olması üzərində uzun-uzadı dayanmasından bunun təkcə peşə vərdişi ilə yox, qaşınmayan yerdən qan çıxarmaq arzusu ilə edildiyi də aydınca hiss olunur. "Qonşun deyir ki, hər gün bir-iki partiya şahmat oynamamış gözümüzə yuxu getməzdi, üstəlik onlar axşam blokun qarşısında rastlaşanda Rəfael müəllim onun kefsiz olduğunu da sezib. Bəs nə əcəb onlar həmin gün şahmat oynamamış yata biliblər? Dediyinizdən belə çıxır ki, o heç Talıbın halının necə olduğunu xəbər almağa da gəlməyib. Necə anlayaq bunu?" sualına ondan "mən deyə bilmərəm, o niyə gəlməyib, amma binanın işıqları o, evə gələndən təxminən on dəqiqə sonra söndü. Bizdə belə şeylər tez-tez təkrar olunur. Bəlkə, səbəb elə bu olub" cavabını alıb. Bu qadın istintaq müddətində bir dəfə də olsun Talıbı adı ilə xatırlamayıb, əksər kəndli qadınlar kimi ərinə həmişə "o" deyə müraciət edib.

-Necə bilirsiniz, bu işdə Rəfael müəllimin əli olmaz ki?

-Siz nə danışırsınız? Kim, kim, özü də Rəfael müəllim? Mən nəinki ondan, ümumiyyətlə, heç kimdən şübhələnmirəm. O öz zəmanəsinin qurbanıdı.

-Bu hələ sonrakı söhbətin mövzusudu ki, əriniz nəyin qurbanı olub. Biz açıq danışmalıyıq. Bunu məndən vəzifə borcum tələb eləyir. Deyilənlərə görə, guya, ərinlə Rəfael müəllimin arasından heç su da keçmirmiş. Bunu qonşun özü də boynuna alır. Amma məndə olan məlumatlara görə, Rəfael müəllimin ərinizə olan hörməti sizə bəslədiyi şəxsi simpatiyasına görə imiş.

Görünür, qadının aləmi bir-birinə qatacağından ehtiyat elədiyinə görə o bu fikri bir qədər tərəddüdlə deyib. Əslində əsası da varmış: yazıq heç nə başa düşməyibmiş kimi xeyli müddət key-key müstəntiqin üzünə tamaşa eləyib. Yalnız bundan sonra müstəntiq bir qədər açılışaraq onunla Rəfael müəllimin isti münasibətdə olduqlarını söhbətarası dilə gətirə bilib.

Onun şəhadətinə görə, qadın bu söhbəti göz yaşları ilə qarşılayıb, onu ərinin ruhuna təhqir, özünə qarşı isə şərəfsizlik adlandırıb. Belə olanda müstəntiq ona deyib:

-Sonra gec olacaq. Siz bu haqda fikirləşin. Rəfael müəllimi içəri qoymaq mənim əlimdə heç nədi. Bircə kəlmə sözünüz kifayətdi ki, əriniz, guya, Rəfael müəllimin əlindən cana doyduğu üçün bu yola gedib. Bəsdi bu bircə kəlmə!

-Siz özünüzdən başqa bu sözü deyən ikinci adam tapın, damda yatmağa mən özüm də razı olaram. Amma tapın o adamı. Xahiş edirəm. Görüm bu nə iftiradı? Deyirsiniz burdan da baş götürüb qaçaq?!

-Bu mənim vəzifəmdi, mən hər şeyi bitdə-bitdə öyrənməliyəm.

-Olan şeyi, daha böhtanı yox!

-Yooox, sizinki ifadə vermək olmadı. Mən belə işləyə bilmərəm. Mənə siz özünüz də şərait yaratmalısınız. Necə ola bilər ki,-deyə müstəntiq ustalıqla başqa mövzuya keçib,-özünü öldürməyi qət edən adamda, deyək ki, məsələ lap siz dediyiniz kimidi, həqiqətən, o özü özünü öldürüb, bir dəyişiklik-filan olmasın. Əgər belə bir şey vardısa, siz onu hiss eləməyə bilməzdiniz.

-Kim deyir ki, hiss eləməmişdim? Kim deyir bunu?

İstintaq materiallarına inanası olsaq, onların həmingünkü söhbətinə elə burda da nöqtə qoyulub. Olsun ki, buna söhbəti əsəbi şəraitdə davam etdirməyin qeyri-mümkünlüyü səbəb olub. Çünki üç gün ondan sonrakı tarixli istintaq materiallarında mərhumun arvadı tamam başqa tonda ifadə verib: "Bir gün gəldi ki, dəli şeytan deyir, as özünü, canın qurtarsın. Yaman ümidsizləşmişdi. İki sözünün biri ölüm idi. Bir dəfə də oturduğu yerdə o yandan qayıtdı ki, sən allah, məni yaxşı-yaxşı ağlayarsan, anasız-bacısız oğlanam. Mən də zarafat elədim ki, sən işində ol, ağlamaq mənim boynuma. İllah da son vaxtlar o qədər belə söhbətlər eləmişdik ki, bilmirdin, nəyi zarafatla deyir, nəyi ciddi? Onda gözgörəti nə isə baş verirdi.

Bədbəxt əlini hər şeydən üzmüşdü. Kor-zad deyildim ha, görmürdüm ki, havalı kimi gəzib-dolanır? Çoxu da maşından sonra belə olmuşdu. Üç-dörd gün qabaq görürəm ki, balacanı bağrına basıb,- səndən heç doymadım,-deyir, heç. Qaldım belə, nə deyim? Son vaxtlar on sualdan birinə cavab verə, ya verməyəydi. Bilirdim ki, bu qanqaraçılığı işə-zada görə deyil. Ora da elə-belə gedib gəlirdi, xala-xətrin qalmasın. Altı aydı bir qəpik maaş almırdı. Evdə pula gedən nə vardı, hamısını satmışdıq. Onlardan ötrü bəzən necə peşmançılıq keçirdiyini kim bilməsə də, mən bilirəm. Təkcə televizoru satmağı ürəyindən idi. Aaax, deyirdi, qulağımız nə yaxşı dincəldi bu mürtədlərin əlindən. Uşaqlar bir az deyingənlik eləyən kimi, harda ki, vaxtilə televizoru qoymuşduq, orda dayanıb müxtəlif cür hoqqalardan çıxırdı, oxuyurdu, oynayırdı, prezident kimi danışırdı, siyasi şərh verirdi, növbə ilə diktorları yamsılayırdı. Daha nə oyunlar qalmırdı çıxmasın? "Bu da sizin üçün televizor. Hə, deyin görüm necədi?" Bir dəfə mən özüm də dedim ki, gərək televizoru satmayaydı, yaxşı-pis xəbər tuturduq ordan-burdan. Dedi, indiki adamlar bizim televiziyadan onqat zəngin informasiya mənbəyidi. Ucuzcana vermişdi onu, yoxsa heç o qədər də mənə yer eləməzdi. Puluyla özünə birrəng ağ köynək, uşaqların dördünə də ayaqqabı, corab, mənə isə qofta almışdı, vəssalam" Bu xüsusda gündəlikdə - qələmə alındığı ilk tarixlə götürülsə, onun yazılmağa başlandığının on yeddi il əvvələ gedib çıxdığı aydınlaşar - belə bir qeyd var: "Televiziyadakı qardaş və bacılar məndən necə rəncidə ola bilərlər ki, mən onları balalarımın ayağındakı ayaqqabıya dəyişdim. Qəşəng, balaca, əziz ayaqqabılara. Yaşasın ayaqqabılar, urra!"

İstər qonşuların şəhadəti, istər onu tanıyan digər şəxslər, istərsə də gündəlikdəki qeydlər Talıbın bədbin adam olduğundan qətiyyən xəbər vermir. Əksinə, hamı onun zarafatcıl, qaynayıb-qarışan olduğunu təsdiqləyir. Demək olar ki, hamı - bu işə dəxli olan da, olmayan da o sual üzərində baş sındırıb ki, görəsən, durduğu yerdə Talıbı bu hərəkətə nə məcbur eləyib? Deyilənlərə görə, dəfn günü dostlarından, ya qonşulardan kimsə ağzından qaçırıbmış ki, guya, ortalıqda borc məsələsi olub, özü də iri məbləğdə. Hadisə də elə buna görə törədilib. Amma sonradan necə olubsa, o sözün kimin dilindən çıxdığını bir kimsə yada sala bilməyib. Hamı söhbətinə "deyirlər, guya..." kəlməsi ilə başlayır. Talıbın kiməsə borclu olduğunu kim bilməsə də, hər halda yoldaşı bilərdi, çünki onun öz xatırlamısına görə, əri qətiyyən sirr saxlayan deyilmiş, illah da ondan. Üstəlik o burda sirr olası bir şey də görmür. Borcu var. Nə olsun? Kimin borcu olmayıb ki? Əcəb sözdü. Bunu heç Talıbın da gizlətmək fikrində olmadığını gündəlikdəki bir qeyd də təsdiq edir: "Mən qəvvasam, borc içində üzərəm"

Borcları olduğunu İmmi də boynuna alır, amma müstəntiqə dediyinə görə, bu, palan içidi, özü də lap o köhnəsindən. "Gizlətmək nəyə lazım, xirtdəyəcən borc içində idik. Elə bu zəhrimarın ucbatından şəhərin mərkəzindəki gül kimi ev-eşiyimizi satdıq ki, gedib qıraq yerdə ucuzunu alaq, bəlkə, borclarımızı qaytara bildik. Evi satdıq-satmadıq, heç üzümüz gülmədi. Ümumiyyətlə, bu gen dünyada allahın bir xoş gününü gördüyüm yadımda deyil. O bədbəxtin böyrəkləri xəstə, məndə də qan təzyiqi. İldə azı üst-üstə iki ay xəstəxanada yatmalı oluram. Hamısı da şəraitsizliyin, pulsuzluğun ucbatından" - İmmi söhbətin mövzusundan yayınaraq öz dərdlərini izhar eləməyi də unutmayıb.

Ötən ilin son ayında - Talıb xəstəxanadan çıxandan bir həftə sonra gündəlikdəki qeyd: "İt zülmü ilə beş-üç qəpik pul qazan, o da həkimlərə qismət olsun. Gəl dəli olma görüm necə olmursan?!"

"Bilirsiniz, mən Talıbın intiharına olduqca təbii baxır və onu cəmiyyətə və həyata qarşı etiraz aksiyası kimi qiymətləndirirəm,-bunu Talıbın həkim-psixiatr qohumu deyib,-hal-hazırda cəmiyyət özü stress içindədi. Bu hərəkəti hər bir kəsdən gözləmək mümkündü. Torpaqlarımız əldən gedib, papağımızı yerə soxublar, millət dilənçi kökündədi, ağlı başında olan bir adamın sabaha ümidi qalmayıb, gün gündən ağır gəlir - bəyəm zarafatdı bunlar? O həngamələrlə ki, indi biz qarşılaşırıq, ona sinə gərmək hər oğulun işi deyil, özü də Talıb kimi ziyalı oğulun. O nəcib təbiət üçün bu cür ölüm son dərəcə labüd idi. Respublika bu gün Talıb kimi canlı meyitlərlə ağzınacan doludu. Başı işləyənlər indi bizdə heç kimin lazımı deyil. Bir vaxtlar belələrinə artıq adamlar deyərdilər. Həmin vəziyyət yenə yaranıb. Zəmanəyə uyğunlaşanlar yaşayacaqlar, hünəri çatmayanları, azdan-çoxdan abırı-həyası olanlarısa Talıbın aqibəti gözləyir. Bütün günü acqarına kitabxanaların güncündə toz udmaqla məşğul idi. Beləsinə deyən gərək, ay bədbəxt, çox elə lazımdı sənin dissertasiya yazmağın? Axıracan inandıra bilmədim ki, hətta müdafiə eləyib doktor olsa belə, heç nə dəyişməyəcək. Xəstə adamsan, dedim, get xəstəliyinin dərdini çək. Böyrəyində daş vardı. Gəldi üstəlik də infarkt keçirtdi. Ödü də yaxşı işləmirdi.
Cərrahiyyə əməliyyatı sözünü eşidəndə dizləri əsirdi. Paradoksdu, ancaq həqiqətdi: qorxaq adam özündə cəsarət tapıb. Özünü doqquzmərtəbəli binanın damından atmaq sizə zarafat gəlməsin. Görün həyat bəzən adamı nələrə məcbur edir?! Hətta qorxaqları da..."

Müstəntiq də daha çox elə bu sözdən yapışıb və ibtidai istintaqa ifadə verənlərin demək olar ki, hamısından o suala cavab almağa çalışıb ki, Talıbı binanın damında görən olub, ya yox? Bəlkə, onu bu intihara məcbur eləyən olub? Bəlkə, o özünü binanın damından yox, aşağı mərtəbələrin birindən atıb? O əmindir ki, elə belə də olub, kimsə ona qəsd eləyib, çünki Talıbın ağlı başında olduğunu heç kim inkar etmir, hətta həyətdəki uşaqlar da. Bəs onda hansı haqla fikirləşəsən ki, bu özünəqəsddir? Elə bir ədabaz süpürgəçinin sözünə görə? Bəs məntiq? Bəs vəziyyətin özünün diktə elədiyi suallar?

Cavablar müxtəlifdir. Ancaq hiss olunur ki, ağrımaz başına dəsmal bağlamasın deyə heç kəs artıq-əskik danışığa yol verməyib. Burda başqa bir səbəb də var: verdiyi ifadədən asılı olmayaraq Talıbı həyata qaytarmağın qeyri-mümkünlüyünü qohum-əqraba elə o iki daşın arasında da hiss eləyə bilib. Ona görə də ifadələr çox yığcamdır, əksər hallarda "mən hardan bilim?" kəlməsilə bitir. Təkcə həkim-psixiatrın cavabından başqa...

"Əvvəla, meyitdə heç bir zorakılıq əlaməti olmadığından özünəqəsd faktı yüz faizlə təsdiqlənir. O ki qaldı Talıbın özünü niyə öz balkonlarından yox, binanın damından atmasına, bunun elmi izahı var. İntihar yolunu tutanların əksəriyyəti tarixən öz peşə və sənətinə uyğun ölüm intixab ediblər. Ola bilsin ki, istisnalar da yox deyildir, ancaq hələlik mən həkimlik təcrübəmdə bir dəfə də şahidi olmamışam ki, hərbçi silahını qoyub, dərman içməklə özünü öldürsün. Yaxud götürək qadınları. Onların əksəriyyəti intihar fikrinə düşərkən, necə deyərlər, əl altda olan sirkə, aseton, xlor va ya digər kimyəvi maddələr içməyə üstünlük verirlər. Bəzən güclü dozada yuxu dərmanları da onların köməyinə çatır. Kimyagər, əczaçı, fotoqraflar isə adətən canlarını bezdikləri həyatdan zəhər içməklə qurtarıblar. Bax belə... Görürsünüz ki!

Özünü yandırmaq çox nadir hallarda baş verir. Əksərən də qadınlar arasında. Elm bu cür adamların son dərəcə bədbəxt olduğunu çoxdan sübut etmişdir. Özünü damdan atanlar, suda boğanlar, asanlar isə dərin ruh düşkünlüyü keçirənlər və psixi xəstələrdir. Mən Talıbın da ruhən sarsıldığına qətiyyət şübhə etmirəm. Ancaq burda məsələ bir qədər konkretləşməlidir. Mən bilən, sizin özünüzdə də kifayət qədər əminlik yaranıb ki, Talıb ağılsız adam olmayıb. Gəlin onu da nəzərə alaq ki, bu adam neçə ilin alimi idi. Ağılsız olmayan adamın da özünü üçüncü mərtəbədən atarkən sağ qala bilmək ehtimalını nəzərə almaması qeyri-mümkündü. Deyirsiniz tramvay - həyatından bezmiş adam özünü tramvay altına atıb başqasının çörəyinə niyə bais olsun axı? Yəni buna da baş işlətmək lazımdı? Əksinə Talıbın böyüklüyüdü ki, kimisə də qana salmayıb. Mən bir psixiatr kimi indi qətiyyətlə deyə bilərəm ki, o özünə qəsd planını dəfələrlə ölçüb-biçib, götür-qoy eləyib və hətta meyitinin də eybəcər görünməsini istəmədiyi üçün yeganə çıxış yolunu binanın damından atmaqda görüb"

"Dama çıxış təkcə bizim blokdandı. Qapının qıfılını özüm öz əlimlə asmışam. Açar təkcə məndə olur,-doqquzuncu mərtəbənin sakini, qoca Xanış kişi xatırlayır,-müəllim - o, Talıbı nəzərdə tutur - onu istəyəndə heç nə fikirləşmədim. Mən onu abırlı və nəcib adam kimi tanıyırdım. Elə qonşuların hamısı. Heç soruşmadım ki, açar nəyinə lazımdı? Özü məni qabaqladı. Külək antennamı yıxıb, dedi, ona bir əl gəzdirəcəm. Soruşdum ki, kömək lazımdı? Yoox, dedi, elə bir şey deyil, zəhmət çəkmə. Səhər eşitdim ki, bədbəxt atıb özünü. Açar qıfılın üstə idi. Balaca kağız da elə onun yarığına keçirilmişdi. Müstəntiq gəlincə əl vurmadım. Kağızı üç-dörd nəfərin iştirakı ilə açıb aktlaşdırdılar. "Xanış dayı, sənə yalan dediyim üçün xəcalət çəkirəm, bağışla məni. Bizim nəinki antennamız, iki ildir ki, televizorumuz da yoxdu. Kişi kimi yaşaya bilmədik, deyirəm, barı kişi kimi ölək!"

"Xırdaçılıq eləməyə məcburam. Talıbı paltoda gördüyüm heç yadıma gəlmir. Cındırından cin hürkən nazikcə bir gödəkçə! Neçə illərdi bütün qışı onda çıxarardı,-bu, Talıbın iş yoldaşı Şəmsəddin Vətənoğlunun mətbuatda dərc olunan xatiratından bir parçadı,-onu ölümə, məncə, iqtisadi və mənəvi böhran, dostların soyuqluğu və laqeydliyi, bir də ruhi sarsıntı məcbur elədi. Bu hazırkı cəmiyyətimiz üçün çox xarakterik haldı və mən indi göz yaşı içərisində kədərlə sizlərdən soruşmağa mənən tam haqlıyam: respublika elmi ictimaiyyətinin doxsan beş faizinin günündə olduğu Talıbın həyatı, yəni doğrudan, insan həyatı idi? Buna yalnız qəlbən nəcib olmayanlar dözə bilərlər - bizim kimi..."

"İndi bir dəfə çağırmışam. Deyirəm, axı niyə əsəbiləşirsən hər boş şey üçün? Deyir, necə əsəbiləşməyim? Toya çağırırlar, gedə bilmirsən, yas düşür, yenə həmçinin. Adam bilsə ki, haçansa bunun bir sonu olacaq, özünü məcbur eləyib dözər. Ancaq indi nəyə ümid bağlayasan? Son görünmür. Dərd bundadı bax! Hamının yanında diligödək, başıaşağı olmuşam. Axı nə vaxta qədər? Hər şeyin bir həddi olmalıdı, ya yox?- bunu özünü o nəslin ağsaqqalı hesab eləyən, əlli yeddi yaşlı Əşrəf müəllim gileyləyir,-mən o günəcən bilmirdim ki, o, neçə illərdən bəri üzərində işlədiyi doktorluq dissertasiyasını yandırıb. Axı niyə? Səbəb nədi? Dissertasiyanın nə günahı? Sizə deyim ki, bu, cinayətdi. Xalqın olan xalqa qalmalıdı. Necə əli gəlib buna, anlamıram"

Bu üstüörtülü danışıqdan anlamaq olmur ki, Əşrəf müəllim cinayət nəyə deyir? Talıbın hərəkətinəmi, xalqın olanın ona qalmamağınamı, yainki Əşrəf müəllimin, guya, xalqın varı hesab elədiyi dissertasiyanı bir ayrı adamın yox, məhz Talıbın yandırmağınamı?

"Yanğın!" - dekabr ayının 19-da gündəlikdə bircə bu söz yazılıb. Çox olsun ki, bu elə həmin hadisəyə işarədir, çünki nə qohum-əqrabadan, nə dost-tanışdan heç kim hər hansı yanğın hadisəsini xatırlamır ki, o, gündəliyində özünə yer tapacaq dərəcədə Talıba təsir eləmiş olsun. Oğlunun - on üç, on dörd yaşı olsa da, uşağın diribaşlığına, ayıqlığına söz ola bilməz - şəhadətinə görə, tamamilə doğrudur, bu elə həmin gün olub. Onlar atasının qovluqlarını binalarının qarşısındakı avtobus dayanacağından aşağıdakı iri şəhər zibilxanasında, gözdən-könüldən uzaq bir yerdə öz əllərilə yandırıblar.

"Atam mənə dedi: "Nə qədər bunlar yanıb-kül olmayıb,- İbrahim xatırlayır,-xasiyyətim elədi ki, harda olsa, gec-tez tapıb üzə çıxaracam. Amma indi birdəfəlik işimi billəm. Billəm ki, o, daha yoxdu... birdəfəlik yoxdu"
Oğlanın dediyinə görə, atasının ölümündə heç kəsi günahlandırmaq lazım deyil, buna elə öz doğmaları bais olub.

- Bunu müstəntiq bilir?

-O, bunu bilməsə də olar. Bilib neyləyəndi?

-Nə mənada?

Oğlanın cavabından hiss olunur ki, dedikləri onun ağlının, düşüncəsinin məhsulu deyil. İşlətdiyi kəlmələrəcən elə bir şey yoxdur ki, onu kimdənsə eşitdiyinə şübhə yeri qoymasın.

-Əmim neçə ildir qapımızı açmır,-o, deyir,-dəqiqi, o, ikinci dəfə evlənəndən. Üzünü yalnız xeyirdə-şərdə görərik. Bu adamlar atadanbir, anadan ayrı olsalar da, atam ölənəcən ögey sözünü dilinə gətirmədi. Əmimi həmişə atası, ağsaqqalı yerində görmüşdü. Durub-oturub deyirdi, belə də şey olar? Bu boyda şəhərdə, iki-üç milyon adamın içində vur-tut iki qardaş olasan, amma illərlə bir-birinin qapısını tanımayasan?! Ürək partlamasın, neyləsin?

Əşrəf atamın əmisi yerində idi. Atam ona həmişə "qağa" deyərdi. O isə atamı həmişə öz adıyla çağırırdı. "Əmin evlənənə qədər dünyada heç bir qardaş bizim kimi ola bilməzdi" - bu, atamın sözüdü. Deyirdi ki, dədəmgil - üç qardaş, üç bacı, arvadlı-uşaqlı bir damın altda az qala qırx ilə yaxın yaşadılar, bir kəlmə də söz-sovları olmadı, həmişə də can deyib, can eşitdilər. "Kənd ayrı, şəhər ayrı. Sən nə qoyub, nə axtarırsan? Burda adam var heç öz dədəsini tanımır, sən də başlamısan qardaşdan gileyə?" - anam bu xasiyyətinə görə atamı bir azca danlayıb-dansayan kimi kişi bilmirdi onu necə başa salsın ki, laqeydlik təbiətinə yaddı, o, ayrı cür ola bilmir, heç özünü öldürsə də, ola bilməz. "Gör bu, avamlıqdı, ya yox?" - anam bizə baxıb gülürdü ki, həm özünə havadar tapsın, həm də atam olub-keçənləri unutsun.
İbrahimin dedikləri ilə gündəlikdəki bir qeyd arasında çox möhkəm bağlılıq var: "Arvadlar qardaşlar arasında allah-taalanın çəkdiyi sərhəd xətləridi"
Bu qeydlərin qələmə alındığı günün tarixi Əşrəf müəllimin ikinci dəfə evlənməyindən təxminən iki ay sonra ilə üst-üstə düşür. Məsələ aydındı...

-Bunun söhbətə dəxli yoxdu,-İbrahimin gəldiyi qənaət belədi. Hiss olunur, bu söhbətlərlə onun qulağını bəsdi deyincə doldurublar ki, hər şeyi əzbər kimi danışır. Elə bunun özü də Talıb haqda az şey demir. Oxşayır ki, deyingənlik son vaxtlar biçarənin qanına keçibmiş, yoxsa uşaq bunları təfərrüatına qədər hardan bilə bilər ki?

-Qardaşımı bu qız əlimdən aldı, halaldı ona,-o, atasının sözü ilə fikrinə davam eləyir və öz müşahidələrini deməkdən də çəkinmir,-bir az varlı-hallıdırlar deyənə qohumlar hamısı yalmanır. Məclisdə-filanda kişi qohumlarımız əmimin arvadına "xanım" deyə müraciət eləyirlər. Lap yaşca ondan böyük olanlar da. Vay odu ki, böyründən yel ötə. Hamısı arvadıyla tula kimi kəsir yanını. Amma vaxt olub ki, anam on beş-iyirmi gün yorğan-döşəkdən qalxa bilməyib, di gəl qohumlardan heç kimin yadına da düşməyib ki, ona baş çəksin, çünki o, atamın arvadı idi, atam da ki, ömrü uzunu qəpiyə güllə atan olub. Qohumlar da vaxtında hiss eləyiblər ki, atama heç vaxt işləri düşməyəcək. Beləsinin də arvadına niyə xanım deyəsən axı?

Həə, düzdü, düz deyil? Atamın öz sözüdü, həmişə deyirdi ki, üzdə özlərini mehriban göstərmək bizimkilərin köhnə peşəsidi. Sözü üzə dediyinə görə ondan heç vaxt xoşları gəlmirdi. Bir dəfə nə olub? Qohumlar hamısı bir yerdə olanda, atam deyib ki, öz cibinizdən başqa, heç nəyi düşünmürsünüz. Sizin üçün qohum-əqraba da, dost-tanış da, xalq, torpaq, vətən də - hamısı cibdi. O idi, bu idi, atamla ağzıburuq gəzib dolanırdılar ki, bizə düşmən nə lazım, bizimki elə öz ocağımızın başındadı. Özü qazana bilmir deyin, bizi də gözü götürmür. Guya, atam. İş o yerə çatmışdı ki, ev alanda zəng vurub gözaydınlığı da vermədilər. Hətta bir dəfə bir yaxın qohumumuz atama demişdi ki, məəttəl qalmışam sənin işlərinə, cibində, bəlkə, heç bir siqarpulu da yoxdu, di gəl özünü elə aparasan, elə bil işləyən sənsən, bekar biz. Hamımız bilirdik ki, Əşrəf əmi istəsə, atamı kefinistəyən bir işə düzəldə bilər, çünki onun yaxşı adamları vardı, baldızı çox məşhur bir adama ərə getmişdi. Amma o istəyirdi ki, bununçün atam ona ağız açsın. Bununla o, atamı ayağına aparmaq, qarşısında alçaltmaq istəyirdi. Bilə-bilə ki, cibində siçanlar oynaşır, vaxtaşırı zəng vurub soruşurdu ki, nə var, nə yox, puldan-paradan varındı? Atamın nə cavab verəcəyini əmim özü də yaxşı bilirdi, sadəcə, bu sözü onun yadına salmaqla istəyirdi ki, atam ona möhtac olduğunu unutmasın. Elə bil atamın sınqın gəzib dolanmağından da əmim zövq alırdı, çünki belə olanda atam məcbur idi, dilini gödək eləsin.

"Ayrı aləmidi Əşrəf əmin, olmazdı onnan, bu sarı murğuz gələndən sonra kişinin elə bil qibləsini dəyişdilər" - bu, atamın sözüdür. Əmimlə arvadının arasında iyirmi il yaş fərqi var. Belə şeydən xəcalət çəkməkdənsə, əksinə hələ bir az da fəxr eləyir.
Nədi-nədi arvadı bir az gözəldi. Guya, üzündə plov-zad yeyəcək. Amma onu neynirsən? Qohum-qardaşdan daha o adam qalmayıb ki, ayağını qapıdan kəsməsin. Kimin hünəri nədi o səmtlərə ayaq qoysun? Necə deyərlər, ağsaqqal kişini cilovlayıb minib belinə. Yazıq kişi qarşısında mil dayanır. Atamın da ki cini belə şeyləri götürən deyildi. Bu barədə söz düşəndə həmişə deyirdi ki, kişinin kişi yeri olmalıdı, arvadın arvad.

"Bu qısırın nəyinə aşiq olub bizim qoca, bilmirəm"- kişi az qalırdı hirsindən partlasın, çünki əmim öz nəslimizdən olan birinci arvadı o yana, heç gül kimi iki qızına da yiyə durmadı. Heç xəbəri də yoxdur ki, balaları harda itib-batıblar.

Atamdan başqa qohumlardan bir nəfər də ayağını Bəstinin toyuna qoymadı. Get-gəlimizi heç indi də kəsməmişik. Atam belə şeylərinə görə ürəyində qardaşını bağışlaya bilmirdi bax. Düzdü, o, tərslərin tərsi idi. Belə xasiyyətdən heç mənim də xoşuma gəlmir, amma neyləmək olardı? Ona təzə xasiyyət düzəldən deyildik ki? Atam bir dəfə onlarda olanda arvadına deyibmiş ki, sən özünü bu evin gəlini kimi yox, Əzrayıl kimi aparırsan. O düşən, bu düşən arvad atamla düzəlmədi ki, düzəlmədi. "Mən indi belə qardaşı necə bağışlayım?-atam deyirdi,-ev alır, xəbərini dost-tanışdan eşidirəm, maşın alır, hamıdan axırda mən xəbər tuturam. Harda olduğunu o-bu məndən soruşmaqdan, mən ondan-bundan soruşuram" Siz bu barədə, bəlkə də, ayrı fikirdəsiniz, amma atamı ağac kimi elə bu dərdlər də az əymədi...

İbrahim bu söhbəti eləyəndə də mən duymuşdum ki, o, hissə qapılır, çünki on gün sonra olan söhbətimizdə onun ağzından tamam başqa avaz gəlirdi: "Dəfn günü qohumlar bir-birinin boynuna sarılıb ağlamaqdan özlərini şəhid eləmək dərəcəsinə çatdırmışdılar. Bəs nədi, qırx səkkiz yaşında qohumları özünü damdan atıb ölüb, gəl bir ağlamasınlar da! Sonra qonşular bizə danışırdılar ki, biz bu günəcən hələ belə canıyanan qohumlar görməmişik. Bu nə möcüzə idi belə?

Mafəni, tabutu səhər obaşdan gətirib hazır qoymuşdular. Mənim tanımadığım dörd cantaraq oğlan onların yanında siqaret fısqırdırdı. Sonra öyrəndim ki, onlar Əşrəf əminin qulbeçələridi. İnsaf naminə, elə hər şeyi qohumlarla Əşrəf əmi eləmişdilər. Xəbər çatan kimi özlərini yetirdilər. Məscid, molla, çadır, qab-qacaq, aşpaz, ət, düyü, kartof, halva - nə lazımdı, hamısını bircə saatın içərisində elə düzüb-qoşdular, elə bil binanın o biri üzündə hər şeyi öz əllərilə hazır qoymuşdular. Əmimdən olsaydı, dəfni də elə beşcə dəqiqənin içində həll eləyərdi. İnsafən belə məqamlarda onun əvəzi yoxdu. İndi bir yas nə çətin şey olmuşdu ki, öhdəsindən gələ bilməsin? Di gəl, gözlənilmədən işin içindən iş çıxmışdı. Müstəntiqlə polislər peyda olandan düz altı saat sonra da meyit hələ həyətin ortasında idi. Bir azdan morqdan da həkim özünü yetirdi. Bu adam o qədər idbar və iyrənc idi ki, beləsi, bəlkə, heç bütün dünyada yoxdu. Elə bil başını kərpicdən düzəltmişdilər. Dördkünc, üstəlik də daz. Özü də necəsindən! Qaşında, başında, kipriyində dərmana nə söz, bir tük belə yox idi. Onu görəndə hamı heyrətindən içini çəkdi. O vaxt qapıbir qonşumuz vardı, Fərrux dayı, sonra harasa köçüb getdilər, yaxşı bir söz dedi o. Dedi, bilirsən, bu adam niyə belədi?! Niyə, soruşdum. Bütün ömrünü ən murdar bir işnən məşğul olan adamdan bundan artıq nə sifət gözləyirsən sən?!

"Meyit yarılmalıdı!"

İndi özünüz təsəvvür edin. Bu adam bu sözü necə soyuqqanlı deyir, özü də kefimizin hansı vaxtında.

-Gördün ki!-Fərrux dayı qulağıma pıçıldadı. Elə həmin an kərpicbaşın üstünə necə atıldımsa, məni havada tutdular.

-Sən qarışma!-əmim dedi və məni dilə tutub qırağa çəkdi,-qayda belədi. Sonra bizim özümüzdən şübhələnərlər ki, deməli, nəsə varmış ki, meyidin yarılmağına mane olmuşuq,-bə nə bilmişdin?!

Əmimgil əvvəl həkimlə, sonra da müstəntiqlə harasa gedib qayıtdılar. Bununla da hər şey yoluna qoyuldu.

Bu arada qonşu məhəllədən kimlər tökülüşüb gəlmədi? Xəbəri eşidib lap elə yoldan ötənlər də gəlib meyidə baxıb, gedirdilər. Onun üstünə ağ mələfə çəkmişdilər. Atamı ölüyə oxşadan da hər şeydən çox elə o ağ mələfə idi. Meyiti məscidə yumağa aparanda həkim məni bir qırağa çəkib,-gərək bir-birimizi düz başa düşək,-dedi,-mənim də çörəyim burdan çıxır. Hələ onu da qoysalar. Orda oturub bu saat yolumu gözləyirlər ki, görələr nəylə qayıdıram. Bax belə... Nə eləmək olar? Həyatın yazılmamış qanunları da var. Elə bilirsən, mənə xoşdu meyit yarmaq?
Onun ağzında bir dənə də olsun salamat diş yox idi. Eləcə kötükləri qaralırdı. Onları da görəndən sonra hiss elədim ki, bu adamla danışmağın xeyri yoxdur.

-Yadında saxla, pul düzəldən şeyi, əstəfürullah, heç allah da düzəldəmməz. Oğullar var ki, pul qoyub lap dövlətin də qanunlarına düzəliş eləyirlər. Bu şoğərib belə şeydi!-əmim bunu mənə atamın qırxı çıxandan sonra demişdi. Sonuncu cümləni deyəndə azca gülümsünməyindən başa düşdüm ki, daha bəsdi qəmli dolandıq, barışmaq lazımdı həyatla, həyatın hökmü belədi.

O gün əmim birinci dəfə cibimə pul qoydu və üstəlik alnımdan da öpdü. "Bəstigillə əlaqəni kəsmə. Onlara öz bacın kimi bax, axı daha sən kişisən. Allah şeytana lənət eləsin!" Hiss elədim ki, o necə kövrəlib. Mən də bərk qəhərləndim, boğazım göynədi. Hələ indi də özümə ayırd eləyə bilməmişəm ki, o qəhər nə üçün idi? Amma görürəm ki, daha əmim də əvvəlki adam deyil. Dilinə dolamasa da, atamın ölümü ona ağır təsir eləyib. Qardaşına düzəltdirdiyi başdaşından, bəlkə, bütün Bakıda yoxdu. O irəli bir qonşumuz deyir ki, oğurlamasalar, yaxşıdı"

-Söhbət ki, dəfndən düşdü, eşitdiyimə görə, həmin gün orda yad adamlar da olub. Guya, ortalıqda pul haqq-hesabı varmış, nə bilim, nə...

-Həə, onu deyirsiz?-İbrahim nəyisə xatırlayıb,-belədi o,-deyir,-o adamı mən də gördüm. Heç kim onu tanımırdı. Hardan peyda olmuşdu, biləmmədik. Atamın üçü günü gəlib çıxmışdı. Üzü belə çopur adam idi. Qohumlardan kimisə bir tərəfə çəkib ki, bəs bilirsən mən nəyə gəlmişəm? Borcumun dalınca. Nə borc? Borc nədi? Nə vaxt vermisən? Harda? Kimin yanında? Nə münasibətlə? Talıbla hardan tanışsınız? Hərif işi belə görüb əkilmək istədi. Əmim onu başa saldı ki, ayıbdı belə şey, mərhumun ruhuyla zarafat eləməzlər. Amma onu deyim ki, cibinə pul qoydu ki, bir də ayağı bu tərəflərə dəyməsin. Çopur pulu görəndə az qaldı əmimin əllərindən öpsün. Biz onda başa düşdük ki, onu bu qapıya gətirən nə imiş.

Ümumiyyətlə, söhbət borc məsələsinə qalsa, bunu elə İbrahim özü də boynuna alır və deyir ki, o biləni, bütün bu müsibətlər hamısı elə o borca görə imiş. Bunu anası da yazılı surətdə izahatında bildirib ki, vaxtilə onların borcu olub, özü də kalan. Sən demə, Talıb iyirmi il növbəyə dayanıb şəhərin mərkəzinə yaxın bir yerdə aldığı dördotaqlı mənzili də elə borca görə satıbmış.

"Ucuz olsun deyə gedib elə ucqarda ev aldı ki, qayıdıb dədə-baba kəndimizə getsəydik, bundan min pay yaxşı olardı. Axşam saat altıdan sonra o səmtə avtobus işlədiyini bir adam görməmişdi. Hamı kimi elə biz də it zülmü çəkirdik. Amma söhbət bunda deyil. Evi satandan sonra bir qəpik də olsun borcumuz qalmamışdı. Bilirsiniz, bir vaxt borc yiyələri qapımızı o qədər döymüşdülər ki, o həmişə deyirdi, qorxuram, bu qapı ortadan deşilə. Elə ki, köçdük, qulağımız dincəldi. Sanki harda olduğumuzu da unutmuşduq. Üstəlik əlimizdə beş-üç qəpik pul da qalmışdı. Dostları haqq-nahaq onu məcbur elədilər ki, nə qədər pulu dağılmayıb, gedib maşın alsın. Həm ayağını yerdən götürər, həm lazım olsa, taksi kimi sürər, həm də bəd ayaqda yenə puldu, satar.

-Elə bir o qalmışdı! Talıbın taksi sürməyi çatmırdı!

Çox nəm-nüm eləsə də, axırı, onu razı sala bildilər. İnsafən, yaxşı da maşın çıxmışdı. Elə vurulmuşdu ona, az qalırdı gecə də gedib yatsın içində"

"Maşın mənim paltom, ayaqqabım təkərlərmiş!" - Talıb məsələyə gündəliyində bir az ayrı cür yanaşıb,-bu, hayıf ki, hər şeyin sonuna düşdü".

Son! O, bu sözü nə mənada işlədib, anlaşılmır. Bəlkə, maşınının gec olduğuna eyham vurur? Kim bilə, bəlkə də, bu, həyatın başa çatdığına üstüörtülü işarədir? Hərçənd ondan sonrakıyla həmin qeydin tarixi arasında təxminən dörd aya qədər zaman məsafəsi durur, ancaq o, axırıncıdır, gündəlik elə həmin qeydlə də başa çatır: "Bu da son! Həyatımın polyar kimsəsizliyi. Mən Talibəm, dərk edəməz daha bir kimsə məni..."

"Bir aydan sonra maşınını arxadan vurub əzdilər,-İmmi xatırlayır,-heç iki-üç ay keçməmiş bir başdanxarabın biriylə toqquşub, özü də yaralandı, üstəlik də nə qədər xərcə-xəsarətə düşdü. Elə o dağılan əlindəki qəpik-quruş da dağılıb getdi. Yataqdan duranacan, sağ olsun dostları, düzəltdirmişdilər maşını. Amma ta qismət olmadı sürsün onu. Gecə dayanacaqdan oğurlamışdılar. Yazığı yan üstə qoydu o xəbər. Çox özünü ora-bura vurdu. Xəbər eləmədiyi yer qalmadı. Kimdən ki, şübhələnmişdi, çağırıb özü ona demişdi ki, başı bədəninə ağırlıq eləməsin, gedib otursun yerində.

-Elə eləmə ki, gecə ilə arvad-uşağını da yox eləyək. Sən, deyəsən harda olduğunu hiss eləmirsən. Bura Bakıdı.

Düzü, gözü möhkəm qorxmuşdu o sözdən. Durub-oturub təkrarlayırdı öz-özünə. Deyirdi, birdən bu namərd balaları, doğrudan, uşaqlara bir xətər-zad yetirər, gərək onda el içində baş saxlamayam. Oydu-buydu çəkilib oturdu yerində. Polis də onu xəbərdar eləmişdi ki, o adamlarla düz sarısın, yoxsa xeyir görməz. "Polisin öz əli var, yoxsa belə at oynada bilməzlər, kür-küçüklər yaman qudurublar" - bu, onun sözüdü. Soruşdum ki, indi fikri nədi, neyləmək istəyir? Gülə-gülə:

-Darıxma,-dedi,-yazacam bunu gündəliyimə, qoy heç olmasa tarix qarşısında xəcalət çəksinlər!

Düzü, mən onu heç vaxt belə yazıq görməmişdim"

O ağır və üzücü günlərin qisasını Talıb öz aləmində bircə sözlə alıb: it! "Ayaqqabımı itlər oğradılar. Paltosuz qaldım" Vəssalam.

"Əvəzində canı şəkər tapdı,-arvadının izahatındandır,-son vaxtlar elə olmuşdu ki, bəzən bir gecədə iki-üç dəfə təcili yardım çağırmalı olurduq. Həkimlər hamısı onu tanıyırdı. Son vaxtlar daha onlar da gəlmirdilər. Qapıdan nə qədər pulsuz qayıtmaq olardı? Yanlarında xəcalət olmuşduq daha. "Mənim dərdlərimin ən böyüyü xəcalət xəstəliyidi" - bir az özünə gələn kimi belə deyirdi. Son vaxtlar təzyiqi ürək ağrısına qarışmışdı, mədəsi bir tərəfdən divan eləyirdi. O biri tərəfdən də şəkəri, nə bilim nə... hansını deyəsən? Birdimi, ikidimi? Deyirdi, nəyə deyirsiniz dözüm, amma bizi bu kopoyoğlu pulsuzluq qıracaq"

Bu ağrı gündəlikdə də öz ifadəsini tapıb: "Mən bismillaham, pul cin!"

Müstəntiqin:

-Bəs bu ailənin dolanışığı hardan olub axı, çox maraqlıdır,-sualına İmminin cavabı belə olub:

-Bilirsiniz, bir ara bu diplomlar, dissertasiyalar çox dadımıza çatdı. Ucuzcana, su qiymətinə yazırdı deyin müştərilər özləri axtarıb tapırdı onu. Şükür, çörəkpulu da pis çıxmırdı, sonra ki, ara qarışdı, onlar da seyrəldilər. Amma onu deyim ki, o günlər od-alova dönürdü. Nədi, nədi, beş qəpik pul qazansın. Onun hesabına çörək yiyəsi olanları bu gün sizə adbaad saya bilərəm ki, axşamacan televiziyadan xalqa elm və mədəniyyət dərsi keçirlər. Onlardan elə yeddi nəfəri professordu. Bu millətin də evi elə ona görə yıxılıb ki, elmin, sənətin meydanı belələrinin ümidinə qalıb. Onu belə şeylər bezdirdi bax. Bir dəfə nə oldu? Biri gəlmişdi, kalan da pulu vardı. Danışığından hiss olunurdu. Nə illah elədisə, o, daşı ətəyindən tökmədi. Bilirsən, dedi, qardaş, bu xalqın qarşısında mənim də günahlarım az deyil. Dursam, saymağa, elə böyük bir savadsızlar ordusunu mən özüm yaratmışam. Bəsdi, daha günaha batmaq istəmirəm. Bilirsinizmi, bezmişdi, iyrənmişdi, hər şeydən. Daha heç nə çəkmirdi onu. Heç nə. ... O ki, qaldı onun özünü damdan atmasına, bayaq o sualı verdiniz, mən sizi inandırıram ki, o bu hərəkəti edəndə də bizi fikirləşib. Özünə qarşı o qədər səliqəli və diqqətcil idi ki, heç meyitinin də eybəcər görünməsini istəməyib. Handa-handa bir qız-gəlin səliqə-sahmanda ona çatardı. Sonralar bu haqda çox fikirləşmişəm ki, nə yaxşı özünü asıb eləməyib, ya yandırmayıb? Həmişə də cavabını bunda görmüşəm ki, bununla o bizə ən acı, ən dəhşətli bir xatirə qoyub getmiş olardı. Qonşular yüz də desə, özümü inandıra bilmirəm ki, o özünü damdan atıb. Nə dam? Həyətdə camaatı aralayıb meyitə baxanda elə bil yuxuda görürdüm onu. Uşaqların da, elə özümün də xatirimdə o cürə qalıb.

İbrahim də anası deyən fikirdədir. Günü bu gün də o qənaətdədir ki, atasının ölümündə qəribə görünən heç nə yoxdu, bu yalnız onu tanımayanlara təəccüblü gələ bilər. Dediyinə görə, bunu hadisədən sonra hiss eləyib, amma daha birdəfəlik yəqinidir ki, atasının ölümü bir günün, beş günün söhbəti deyil. O hər gün, hətta saatbasaat, dəqiqəbədəqiqə öz ölümünə yaxınlaşırmış...

"Sadəcə, biz bunu vaxtında hiss etməmişik. Bu qəziyyədə məni yaxıb-yandıran bircə o idi ki,-bunu İbrahim mənə demişdi,- atamın ölümü çox ucuz ölüm oldu. Bilmirəm, siz o süpürgəçi qadını tanıyırsınız, ya yox, atamın son dəqiqələrini o öz gözü ilə görüb. Sonralar atamın işini aparan müstəntiq onu, guya, hansısa kobud davranışına görə o işdən də çıxartdırıb. Təsəvvür edirsiniz, süpürgəçiliyi də ona çox görüblər. Sözüm onda yox. O mənə dedi ki, "Sabahın sorağında" qəzetini tapıb oxuyum.

Atam haqqında yazı var idi orda: "İtlər hücum çəkir" Bu günəcən onu heç anama da göstərməmişəm. Bilirəm ki, ürəyinə salandır. Daha bunu ona deməyin nə mənası?

Qəzetin, demək olar ki, bir üzünü tutan yazıda - orda Talıbın istintaq materiallarından götürülmüş dörd şəkli də öz əksini tapıb - bəzi sətirlərin altından qırmızı qələmlə dalğalı xətt çəkilib. Həmin cümlələr bunlardır:

"Zibilxanadakı iki ac it qanı görən kimi özlərini ora yetirdilər. Mırıldaşa-mırıldaşa anasıölmüşün üz-gözünü, boyun-boğazını bircə saniyədə qandan təmizlədilər. Bircə ağ köynəyinin ləkəsi getməmişdi. İnanmazsınız ki, itlər onun ağız-burnunu diri-diri yalayırdılar. Camaat tökülüşüb gələndə də canı hələ üstündə idi. İsti, təzə qan görmüş ac heyvanlar ondan əl çəkmək bilmirdilər. Onları nə zülmlə qovdular, bir allah bilir.

İtlər Talıbı diri-diri yalayırmışlar, təsəvvür eləyirsinizmi, diri-diri..."

1998
XS
SM
MD
LG