Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:08

Aşıq Ələsgəri ən son görən adam


Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili «Aşıq Ələsgər ili» elan edib. Bu il Dədə Ələsgərin dünyaya gəlişinin 190, dünyadan gedişinin 85 ili tamam olur. Hər zaman ustad aşığın yaradıcılığına xüsusi diqqət ayıran AzadlıqRadiosunun «İz» proqramı bu yuvarlaq yubileyləri gözardı edə bilməzdi. Qonağımız kim olsa yaxşıdır? – Aşıq Ələsgərin dop- doğma nəvəsi- 86 yaşlı İslam Ələsgər! Veriliş boyu aşıq Altay Məmmədlinin ifasında dastandan parçalar eşidəcəksiniz.Beləliklə, «İz» proqramının yep- yeni- «Ələsgərlə Səhnəbanu» dastanı qarşınızdadır!

NƏ USTADNAMƏ VAR, NƏ DUVAQQAPMA...

-İslam müəllim, aydındır ki, hər dastanın bir öngəzişməsi olur, bir də duvaqqapması. «Ələsgərlə Səhnəbanu» dastanına nədən başlayaq sizcə?

-Belədir də, qızım. İstər «Ələsgərlə Səhnəbanı», istərsə də mənim kitabda verdiyim dastanların hamısı Aşıq Ələsgərin başına gələn əhvalatlardır. Dastanda çox uydurmalar olur. Danışan aşıq əlavələr edir. Onlarda ölçü- biçi yoxdur. Amma mən yazdığım Aşıq Ələsgərin ömrünün səhifələridir, tarixdir. Odur ki, mənim yazdıqlarımda nə ustadnamə var, nə duvaqqapma...

BAYRAM AYI DEMƏK OLMAZ HƏR AYA

- Mart ayı həm Novruz, həm də Dədə Ələsgər ayıdır. Çünki ustad aşıq bu ayda doğulub, bu ayda da dünyadan köçüb. İslam müəllim, ailənizdə mart ayını necə qarşılayırdılar?

-Mart ayı müqəddəs günlər, əziz günlər ayıdır. Çərşənbələr var, Novruz var. Aşıq Ələsgər özü deyirdi ki, «Bayram ayı demək olmaz hər aya». Bu ayı biz ikiqat bayram edirik. Aşıq Ələsgərin nəvələri, nəticələri, kötücələri bu ayı çox əziz tutur. Ustad aşıq bu ayda- Novruzda dünyaya gəlib, bu ayda- martın 7-də də dünyadan köçüb.

ƏLƏSGƏRİ ƏN SON GÖRƏN, ƏLƏSGƏRİN ƏN SON GÖRDÜYÜ...

-Eşitdim ki, Folklor İnstitutunda sizi «Ələsgəri ən son görən, Ələsgərin ən son gördüyü» adam çağırırlar. Bu ifadə xoşunuza gəlirmi?

-Düz deyirlər. Mən anadan olmuşam 1925-ci il iyun ayının 22-də, yay girən günü. O zaman Aşıq Ələsgər sağmış (1821-ci ildə doğulan ustad aşığın o vaxt 104 yaşı var idi- S.İ.). Anamın dediyinə görə mən doğulan gün Göyçədə uzun quraqlıqdan sonra güclü yağış yağıb. Aşıq Ələsgər də yağışa baxıb deyib ki, Allah, sənə çox şükür, balamın ayağı sayalı olacaq. Üç günlüyümdə Aşıq Ələsgər deyib ki, gətirin uşağa baxım. Baxıb, deyib yaxşı uşaqdır. Ad vermək lazım gələndə də, adımı İslam qoyubdu. Mən 260 gün Aşıq Ələsgərlə bir evdə yaşamışam. Səkkiz ay yarımım olanda Aşıq Ələsgər dünyasını dəyişib. O sözü o üzdən deyiblər. İndi qohumların içində Aşıq Ələsgəri «görən» və onun son gördüyü yeganə adam mən qalmışam. (Gülüşmə).

«ƏLƏSGƏRLƏ SƏHNƏBANI» NECƏ YARANDI?

-Aşıq Ələsgərlə bağlı hətta məktəb dərsliklərində belə Səhnəbanunun adı çəkilir. Sizcə səbəbi nədir bunun?


-Çünki Səhnəbanı adlı qızı sevibdir... Kitablarda yazmışam bu hadisənin necə olduğunu. Bir də «Ələsgərlə Səhnəbanı» adlı dastan-rəvayətdə tam əks olunub. Lazımdırsa, danışım...

-Əlbəttə! Elə mən soruşmaq istəyirdim ki, danışın görək, Ələsgərlə Səhnəbanu nə vaxt bir-birini sevdilər?

-Hə, aşıq Ələsgərin atası Alməmməd kişi sazı-sözü qiymətləndirən bir adam olub. Şairliyi də varmış. Evlənir, külfət basır, kasıblayır. Ələsgər 15-16 yaşına çatanda, kənddəki varlı bir kişi olan Kərbalayı Qurban gəlib atasına deyir ki, köməyim yoxdur, oğlunu ver, mənə kömək eləsin. O vaxt belə adamlara nökər deyərdilər. Ələsgər ev işlərinə baxır, mal-heyvan saxlayırmış. Kişi Ələsgərin çox səliqəli, ağıllı-kamallı oğlan olduğunu görəndə, üəyindən keçir ki, nə olardı, heç Ələsgəri bu evdən aparmayaydılar. Kərbalayı Qurbanın yeganə qızı var idi- adı Səhnəbanıydı. Bu üç il ərzində Ələsgərlə Səhnəbanının arasında bir məhəbbət yaranır. Onlar bir-birinə könül verir. Bundan xəbərsiz Kərbəlayı Qurban bir gün gəlir Alməmməd kişinin yanına ki, icazə versən, Ələsgər elə həmişəlik bizim evdə qalar. Alməmməd kişi də qayıdır ki, vallah, mən nə deyim? İlk razılıq alınır...

QARA KEŞİŞ KİM OLDU?


-Onların eşqinə kim mane oldu, ayrılığı kimi saldı, Qara keşiş kim oldu?

-Bu səs-soraq Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəmə çatır. Deyirlər ki, bəs Kərbalayı Qurban Ələsgəri yanında saxlayıb qızı da ona verəcək. Pullu Məhərrəm çox əzazil adammış. Qardaşını yanına çağırıb ondan soruşur:

BU NƏ ZURNADIR XALQ ÇALIR?!

-Nə vurhavurdur? Kərbəlayı Qurban başa düşür ki, qardaşı hər şeyi eşidib. Deyir, qardaş o kimdir ki, mən ona qız verəm? Bir-iki il də artıq işlətmək üçün o sözü demişəm. Deyir, yox, bu saat get, Ələsgərin şələsini qoltuğuna ver, qov çıxsın getsin! Elə də eləyirlər...

QOY DƏRDİNİ SAZLA DESİN

Kərbalayı Qurbanın evindən qovulandan sonra Ələsgər qızın dərdini çəkir, qız da Ələsgərin. Bir-birindən ayrı düşürlər. Ələsgər xəstələnir. Atası Alməmməd kişi oğlunun halını görüb ona bir saz alır. Deyir, qoy meylini saza salsın. Ələsgər başlayır çalıb-oxumağa. Aşiqlər bir-birinin həsrətini çəkə-çəkə yaşayırlar...

ƏLƏSGƏRLƏ BƏD BAŞLADIN CAVAN VAXTINDAN, FƏLƏK!

-Belə çıxır, Ələsgəri Səhnəbanunun eşqi haqq aşığı etdi?

-Artıq dostları, yaxınları ondan bir xəbər almaq istəyəndə, o sazla, şeirlə cavab verirmiş:
Dərdim çoxdur, dindirməyin, həzarat,
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız-tüfəngsiz alır canımı,
Kimsə bilmir pünhan-pünhan öldürür...

Heç bilmirəm, neyləmişəm-neylərəm,
Xəncər alıb qara bağrım teylərəm.
Bir canım var yara qurban eylərəm,
El desin, aşıq da qurban öldürür...

Ələgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm-usanam,
Əzrayılı qanlı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür...

Bax, öz dərdini belə deyirmiş. Ələsgərin bir əmisi qızı varmış, Zöhrə adında. O Ələsgərdən Səhnəbanıya, Səhnəbanıdan da Ələsgərə xəbər aparıb-gətirirmiş. Dastanda bu uzun nəql olunur...

ZÜLM ƏLİYLƏ MƏNİ YADA VERİRLƏR...

Altay Məmmədli
-İslam müəllim, Siz qısaca danışın.


-Hə, bir gün Zöhrə Səhnəbanı ilə yenə bulaqda görüşür. Səhnəbanı qayıdır ki, nə var, nə yox? Deyir, nə olacaq. Ələsgər çox pis vəziyyətdədir. Xəstədi, sənin dərdindən ölür... Bunu eşidən Səhnəbanı deyir ki, əmimin oğlanları qırılsın, əmim bu işi pozdu. Zöhrə gəlib Ələsgərə aralarında olan söhbəti danışır. Ələsgər də bunu şeir şəklinə salıb oxuyur. Zöhrənin dilindən də, öz dilindən də...



-Yadınızda qalıb?

-Bəli, qalıb. Ələsgər deyir:

Söylə, qasid, müxtəsəri, vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbül tək asimana yetişib nalam,
Səhli-gülüstana dedin, nə dedi?

Zöhrə deyir:

Gedib ərzi-halın yara söylədim,
İnciməsin məndən canana dedi.
Zülm əliylə məni yada verirlər,
Viran qalsıın belə zamana dedi...

ALAGÖZLÜ SƏHNƏBANIM GEDİBDİR...

Bu uzun bir deyişmədir. Aşıqlar dastanda oxuyurlar. Nə isə, Ələsgərin atası görür ki, oğlunun vəziyyəti pisdir. Artıq qızı verirlər Pullu Məhərrəmin oğlu Mustafaya. Aparır oğlunu Qızılvəngli Aşıq Alının yanına şagird qoyur. Deyir, həm aşıqlığın sirrini öyrənsin, həm də dərdi dağılsın. 3-4 il Aşıq Alıdan dərs alır. Səhnəbanını da ağlada-ağlada köçürülər ər evinə. Ələsgərə də deyirlər ki, nə çoxdur eldə qız? Səhnəbanı olmasın, başqası olsun! Amma yox! Ələsgər razılaşmır, dərdini yenə gələnə-gedənə sazla deyir:

Eşidin məclisdə arif olanlar,
Sərrafam, məclisdə kanım gedibdir.
Ah çəkməkdən, yar yoluna baxmaqdan,
Yəqin bilin, yarıcanım gedibdir...

...Müddətdir gözümdən olubdur iraq,
Əridib ürəyim dərdü-qəm-fəraq,
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Alagözlü Səhnəbanım gedibdir...

Ələsgər bu dərdi ölənəcən sinəsində gəzdirir. 40 il evlənmir. Bəxtindən küsür. Ən sonda Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı qızla ailə qurub yaşayır...

ƏLƏSGƏRİN SƏHNƏBANISI BUZ HEYKƏL OLUB!


-Bəs Səhnəbanının taleyi necə oldu? Xoşbəxt ola bildimi?


-Pullu Məhərrəmin oğlu Mustafaya verdilər. Uşaqları oldu. Ta 1918-ci ilə qədər yaşadı. Ermənilər həmin il indi olduğu kimi aranı qarışdırdılar. Göyçədə qırğın oldu. Camaat qışın şiddətli vaxtında dağlardan aşmalı oldu. Onda bir çoxları dağlarda borana düşüb öldü. Buz kimi donan qadınlardan biri də Səhnəbanı idi...Qəbri Kəlbəcərdədir. Çünki dağda qırılanların hamısını orda dəfn etdilər.

-Belə çıxır, hər ikisinin məzarı əsirlikdədir...

-Elədir...

-Ələsgər necə yaşadı, necə yazdı?

-Özü dastan danışan Aşıq Ələsgərin ağlına gələrdimi ki, gələcəkdə onun özünə dastan qoşulacaq?

-Aşıq Ələsgərin 105 yaş yaşamasının sirri nədə idi?

-Onun niyə fotoşəkli qalmayıb?

-Deyirlər ki, Aşıq Ələsgər ölüm gününü özü bilib, hamıya deyib. Onun daha hansı öngörmələri vardı?

-Aşığın neçə uşağı, neçə nəvəsi, neçə nəticəsi vardı? İndi Bakıda kimləri yaşayır? Onun yaradıcılığını əzbər bilən nəvə-nəticəsi varmı?

-İslam müəllim babasının ən çox hansı qoşmasını bəyənir?


-Aşığın yaradıcılığı ən çox kimin yaddaşından kitaba alınıb?

-Azərbaycanda Aşıq Ələsgərə olan münasibət nəvəni razı salırmı?
XS
SM
MD
LG