Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:41

Türkanlılar məmur hasarlarını sökməyə cəhd etdilər


Martın 18-də Bakının Türkan qəsəbə sakinləri sosial problemlər, qəsəbənin dənizə çıxışının məmurlar tərəfindən hasara alınmasına etiraz olaraq yürüş ediblər. Yürüşdən əvvəl onlar qəsəbənin mərkəzində mitinq keçiriblər. Sakinlərin dediyinə görə, onlar işsizlikdən, sosial problemlərin ağırlığından əziyyət çəkdikləri bir vaxtda qəsəbənin dənizə çıxışı da məmurlar tərəfindən hündürlüyü 5-6 metr olan hasara alınıb.

Bundan başqa qəsəbənin yaxınlığındakı «Əli Ayağı» ziyarətgahının söküləcəyi barədə məlumatlar da türkanlıların ciddi narazılığına səbəb olub.

«TÜRKAN BATIR...»

Qəsəbə sakinlərinin dediyinə görə, yolların bəzi yerlərinə asfalt çəkilib, bəzi yerlərinə yox. Əvvəllər qəsəbədə xeyli istilikxanalar olub və adamlar qış-yay tərəvəz məhsulları əkib-satmaqla məşğul olublar. Amma qaz və elektrik enerjisinin qiyməti bahalaşandan sonra bütün istilikxanalar da məhv olub. Sakinlərdən biri Səfər Şabanov:

«Bizim indi «parnik»lərimiz yoxdur. Qaz bahalaşdı, hamı yığışdırdı, hamısını söküb apardılar. Camaatın dərdi çoxdur, Türkan batır»

Qəsəbə sakinlərindən Vüqar Əmirovun dediyinə görə, onlar rəhbərlərin yadına ancaq seçki ərəfəsində düşürlər:

«Əhalini ancaq seçkidə yad edirlər. Hamımız da bir nəfər kimi səs veririk, amma bizim sosial problemlərlə maraqlanan yoxdur. Danışanı da ya tutdururlar, ya da vurdururlar».

««PROSTO» BİZİM DƏNİZƏ ÇIXIŞIMIZ TUTULUB»


Amma bu arada bir neçə kənd ağsaqqalı heç bir problem olmadığını deyib, hamını öz evinə getməyə səslədi:

«Bizim hökumətdən narazılığımız yoxdur. Allah canlarını sağ eləsin. Hər şeyimiz var. «Prosto» bir dənə bizim dənizə çıxışımız tutulub».

Həmin şəxslər jurnalistlərin də kəndi tərk etməsini istədilər. Amma narazı qəsəbə sakinləri buna imkan vermədilər. Bundan sonra sakinlər dənizin sahilinə doğru «Əli Ayağı» pirinin yerləşdiyi yerə yürüş etdilər.

MƏMUR HASARLARINI SÖKMƏYƏ CƏHD

Ziyarətgah ərazisinə daxil olan sakinlərin dediyinə görə, vaxtilə bu ərazilərdə hər yer açıq olub və hamı dənizə sərbəst gedib-gələ bilib. Elə bundan sonra aksiyada iştirak edən gənclərdən bir neçəsi ling və bellə ayrı-ayrı məmurlara məxsus olduğu bildirilən hasarları sökməyə başlayıb.

Qara Qurbanov
Bu zaman əraziyə Abşeron Rayon İcra hakimiyyətinin aqrar məsələlər üzrə nümayəndəsi Qara Qurbanov gəldi. O, ziyarətgahla bağlı adamların narahatlığının əsasız olduğunu desə də qəsəbə sakinlərinin dənizə çıxışını kəsən hasarların kimə məxsusluğu barədə hər hansı məlumata malik olmadığını bildirdi. Qara Qurbanovun deməsinə görə, araşdırma aparılacaq, əgər həmin hasarlar qanunsuz olsa, onların hamısı söküləcək. «Əgər həmin torpaqların sənədi yoxdursa və həmin ərazidə daşınmaz əmlakın tikintisi ilə bağlı hər hansı səlahiyyətli qurumdan icazəsi yoxdursa, o söküləcək».

«İNDİ SİZ NƏ İSTƏYİRSİNİZ?»


Az sonra hadisə yerinə gələn Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov kənd ağsaqqallarını aksiya təşkil etdiklərinə görə qınadı. İcra başçısı bildirdi ki, torpaqlar Abşeron rayon icra hakimiyyəti tərəfindən verilib və hamısı da sənədləşdirilib. İcra başçısı qəsəbə sakinlərinin nəyə etiraz etdiklərinin ona aydın olmadığını bildirdi:

«A kişi, dəniz qırağından verilib, tikiləndə də siz görürdünüz. Bax bu Abşeron icra hakimiyyətinin nümayəndəsidir, yer bunlarındır. (Qara Qurbanovu göstərir) Bunlar da veriblər, hamısı da sənədləşdirilib. İndi siz nə istəyirsiniz?».

Gülağa İslamov
İcra başçısının bu çıxışı sakinləri daha da özündən çıxardı.

«MƏN DƏNIZƏ GETMƏYƏ YOL TAPA BİLMİRƏM, AY KİŞİ!»


«Mən dənizə getməyə yol tapa bilmirəm, ay kişi! Mən şikəst adamam dənizə gedib ayaqlarımı quma qoyurdum və ağrılarım keçirdi, müalicə alırdım. Mən indi kəndimin yanındakı dənizə yol tapa bilmirəm ki, gedim bir az dəniz havası alıb. Bu dəqiqə düşün kəndin bu başından o başına qədər gedin, görün, dənizə yol tapa bilirsinizmi?»

İcra başçısı ilə danışıqlardan sonra sakinlər aksiyanı dayandırsalar da, tələblərindən geri dönməyəcəklərini bildiriblər.

Qəsəbə sakinləri bildirdilər ki, onların etirazlarına reaksiya verilməsə, Heydər Əliyev Fondunun prezidenti, deputatları Mehriban Əliyeva ilə görüş üçün Bakıya yürüş edəcəklər.

2008-ci ildə Milli Məclis dekabrın 2-də torpaq islahatı haqqında qanuna dəyişiklik edərək sahil zolağının dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyən etdi. Yəni buna qədər vətəndaşlar dənizdən 80-130 metr aralıda xüsusi mülkiyyət, ev, obyekt, müəssisə sahibi ola bilərdilərsə indi onlar bu niyyətlərini dənizdən 50, bəzi yerlərdə isə hətta cəmi 20 metr aralıda gerçəkləşdirə bilirlər.

Hüquqşünas İntiqam Əliyev deyir ki, dəniz hamının istifadə edə biləcəyi sərvət olduğundan onun hasara alınması qanunsuzdur. Hüquqşünasa görə, insanların həmin hasarları sökmək hüququ var, amma yaxşı olar ki, vətəndaşlar həmin hüquqlarının bərpasına məhkəmə yolu ilə nail olsunlar.
XS
SM
MD
LG