Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

İTV nəyi göstərir, nəyi göstərmir?


İTV-də parlament seçkisi qabağı namizədlərin 5 dəqiqəlik çıxışıları, oktyabr 2010
İTV-də parlament seçkisi qabağı namizədlərin 5 dəqiqəlik çıxışıları, oktyabr 2010

Martın 12-də müxalifətin Bakının Fəvvarələr meydanında keçirdiyi mitinq barədə İctimai Televiziya əsas xəbər buraxılışının sonunda qısa məlumat verməklə kifayətləndi.

ATƏT Azərbaycanda son parlament seçkilərinə dair hesabatında qeyd edirdi ki, seçki öncəsi İctimai Televiziya da özəl televiziyalar kimi daha çox hökumətyönlü namizədlərə geniş yer ayırıb, onların rəqibləri barədə çox az xəbər verilib. Seçki kampaniyası dövründə dörd dəqiqəlik pulsuz efir vaxtından isə bütün namizədlər yararlanıb.

Martın 18-də Milli Məclisdə telekanalın yayım şurasının tərkibi təsdiqlənərkən hakimiyyətin siyasi kursunu müdafiə edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İTV-nin ünvanına tənqidlər yağdırdı. Amma müxalifətin etiraz aksiyasından ətraflı məlumat vermədiyinə görə yox...


FƏZAİL AĞAMALI İTV-DƏN NİYƏ NARAZI QALIB?

Fəzail Ağamalı

Deputat İTV-nin uğurlarının olduğunu qeyd etməklə yanaşı, orada "parlamentin iclasından ümumi görüntülər verildiyinə görə" narazı qaldığını söylədi:

"İctimai Televiziya ictimaiyyətin bütün tərəflərini özündə ehtiva etməlidir. İctimai Televiziya ölkədə gedən bütün ictimai-siyasi proseslərdən hökmən görüntülər yaymalı, məlumatlar verməlidir, informasiyanı xalqın diqqətinə çatdırmalıdır. Bu işdə yetərincə nöqsanlar var".

Fəzail Ağamalı hesab edir ki, bu televiziya Milli Məclisin iclaslarından da ümumi görüntülər verməklə kifayətlənir. Onun fikrincə, İTV-nin fəaliyyətində rəngarənglik çatışmır: "Verilişləri nəzərdən keçirəndə görünür ki, hamısı məlum adamlar, məlum personajlar, məlum ünvanlardır. İTV-nin rəhbərliyindən xahiş edirəm ki, verilişlərin hazırlanmasında, yayılmasında, eləcə də ayrı-ayrı proqramlarda ayrı-seçkiliyə yol verməsin".

AMMA BAŞQA DEPUTATLAR RAZI QALIBLAR
Fazil Qəzənfəroğlu

Deputat Fazil Qəzənfəroğlunun sözlərinə görə isə, İTV-nin ölkə həyatında rolu artıq kifayət qədər təsdiqlənib. Bu televiziya toy etmə, evləndirmə, boşanma və bir sıra başqa bu kimi tədbirlərə qoşulmamaqla cəmiyyətin maarifləndirilməsi tendensiyasını davam etdirib. Bununla da cəmiyyətdə müsbət mövqe nümayiş etdirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov da hesab edir ki, İctimai Televiziya və Radionun yaradılması ölkənin ictimai-mədəni həyatında çox böyük bir hadisə olub. Və o qısa bir müddətdə özünəməxsus verilişlər, proqram siyasətilə Azərbaycanın KİV sistemində öz yerini möhkəmlədib.

Nizami Cəfərov İTV-nin Türkiyə və türk dünyası ilə ortaq verilişlər hazırlamasını, bir sıra Avropa ölkələri ilə veriliş mübadiləsi etməsini təqdirəlayiq hal sayır. Onun fikrincə, İTV-nin potensialı xeyli genişdir. Bu baxımdan hələ reallaşdırılmamış imkanlar da var.
Nizami Cəfərov


Bəzi televiziya mütəxəssisləri isə hesab edirlər ki, İTV-nin fəaliyyəti təkcə telekörpülər, veriliş mübadilələri və mədəni əlaqələrə bitmiş hesab edilməməlidir. İTV efirindən haqqında danışılan ölkə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən siyasi partiyaların təmsilçiləri də istifadə etmək imkanına malik olmalıdılar.

İTV-Nİ FƏRQLƏNDİRƏN NƏDİR?


Teletənqidçi Zeynal Məmmədli isə hesab edir ki, əgər İTV-nin verilişlərini aparıb Hollandiya, Almaniya yaxud Amerikada göstərsələr, onun ictimai olduğunu ağıllarına belə gətirməzlər. Onun fikrincə, İTV-nin verilişləri sırasında elə bir format yoxdur ki, o onun ictimailiyini təsdiqləsin. Və əgər verilişləri başqa televiziyalarınkından fərqlənməyəcəkdisə, onda İTV nəyə lazımdı? Zeynal Məmmədli İTV-dəki vəziyyətin səbəblərini belə izah edir:
Zeynal Məmmədli

“Burada siyasi, peşəkarlıq və inzibati maneələr var. Bütün bunlar bir yana, orada çalışan heyətin içində peşəkar, xəyallarımızın televiziyası, xalqdan qorxmayan bir televiziyanı yaratmaq hissi zəifdir. Əgər olsaydı heç olmasa uşaq verilişlərində, yaxud aktual siyasətin mümkün qədər az yaxına buraxıldığı verilişlərdə öz əksini tapardı. Amma o da yoxdur”.

Zeynal Məmmədli deyir ki, İTV-nin fəaliyyətini tənzimləyən qanunda rəsmi xəbərlərin necə verilməsindən tutmuş siyasi partiyalar, mitinq və aksiyalaradək hər şeyin necə işıqlandırılması barədə müddəalar var. Amma onların işdə necə tətbiq olunması ilə bağlı qaydalar, seyrçilər üçün İTV-nin saytına qoyula biləcək məlumatlar indiyədək hazırlanmayıb.

İTV rəhbərliyindən və mətbuat xidmətindən televiziyanın ünvanına deyilən tənqidlərə münasibət öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG