Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:44

«Azərbaycanda dar ağacına ehtiyac görmürəm»


«Mənim üçün azadlıq başqasının azadlığına mane olmamaqdır. Çünki azadlığın sərhədləri pozulanda, əsarət başlayır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan şair Rüstəm Behrudi söylədi.

AZADLIĞIN SƏRHƏDLƏRİ POZULANDA... ƏSARƏT BAŞLAYIR

Rüstəm bəy bütün həyatı boyu azadlıq haqqında düşündüyünü etiraf etdi. «Əvvəllər elə bilirdim ki, azadlıq heç kəsin işinə qarışmamaqdır».

İllər keçdikcə azadlığın ölçülərinin dəyişdiyini deyən şair «şəxsən bir adamın azadlığının sərhədi başqa birisinin sərhədində bitir»- fikrini irəli sürdü. «Əsl azadlıq odur. Yəni elə yaşamalısan ki, sənin azadlığın başqasına mane olmasın. Millətlər, ölkələr, xalqlar haqqında da bunu demək olar. Çünki azadlığın sərhədləri pozulanda, əsarət başlayır».

AZADLIĞIMIZIN SƏRHƏDLƏRİ KİÇİLİB

Rüstəm Behrudi bu gün azadlığımızın sərhədlərinin olmadığını söylədi. «Sərhədlər hər gün pozulur. O sərhədlər mənəvi dəyərlərimizi kor edərək içimizə gəlib çıxır. Gör nə qədər torpaq itirmişik? Azadlığımızın sərhədləri qısılıb artıq. Yəni başqasının azadlığı bizim azadlığımıza təcavüz edib. Mənim fikrimcə, azadlığın həm mənəvi, həm fiziki sərhədləri pozulub».

BEHRUDİ AZADLIQ ADASINDA HANSI SUALI EŞİTMƏKDƏN QORXURDU?

Kuba səfərindən təzəcə qayıdan Behrudi səfər boyu bir sual eşidəcəyindən qorxduğunu etiraf etdi: «Qarabağı niyə azad etmirsiniz? Qorxduğum başıma gəldi. Sualı verdilər. Xəcalət məni basdı. Bax, mən bir şəxsin azadlığı bir yana, bir millətin, bir dövlətin azadlığından danışıram».

AZADLIQ TAXTA OTURMAYIB?!

Şairin fikrincə, mübarizə o səbəbdən gedir ki, Azadlıq heç vaxt taxta oturmayıb: «Taxta otursaydı, bineyi-qədimdən uğrunda mübarizə aparmazdılar. Həmişə şər hakimiyyətdə olub. Bir kitabımda da yazmışam ki, Allah Adəmlə Həvvanı Cənnətdən Yer üzünə endirəndən sonra Göy üzü Allahın, Yer üzü İblisin hakimiyyətinə keçdi. Bütün zamanlarda belə olub».

AZƏRBAYCANDA DAR AĞACINA EHTİYAC GÖRMÜRƏM


Rüstəm bəy Azərbaycanda bir dəfə dar ağaclarının qurulduğunu dedi. «90-cı illərdə dar ağaclarını qurduq, müstəqillik qazandıq. SSRİ-nin dağılmasında böyük qatqımız oldu. İndi dar ağacına ehtiyac görmürəm. Biz sivil yolla getməliyik. Təzə parlament seçkisi keçirməliyik. Bu dəfə olmasa da olar, gələn dəfə. Mən bir adamın qanının tökülməsini bir millətin ölməyi ilə bərabər tuturam».

MÖHTƏŞƏM BİR DÖVLƏT QURMUŞUQ... İÇİ ÇİRKABLA DOLU...

R.Behrudi möhtəşəm bir dövlətimizin olduğunu söylədi. «Düzdür, onun içi çirkabla doludur. Korrupsiyayla, rüşvətlə, nə bilim nəylə- o mənim üçün maraqlı deyil»

30 il müstəqillik yolunda mübarizə apardığını, həbsxanalarda yatdığını deyən qonağımız fikrini belə əsaslandırdı: «İndi də bayrağımızın altında oturanda, gözlərim dolur. Bu bayraq uğrunda mübarizə aparmış, hər şeyindən keçmiş şəxsiyyətlər, şəhidlər yadıma düşür. Müstəqil dövlətimiz var. Düşünürəm ki, Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yaranmalıdır. Yoxdursa da, günlərin birində olacaq. Biz ona doğru gedirik».

Ancaq barışığın tərəfində olduğunu vurğulayan şair «öz barmağımızı öz qanımıza batıraraq imzalanmış barışığın yox!»- deyə əlavə etdi.

AZADLIQ, TORİNO KƏFƏNİ VƏ ZƏVVARLAR


Rüstəm Behrudi ən sonuncu şeirini- saytımızda yerləşdirilən «Azadlıq, torino kəfəni və zəvvarlar» adlanan şeirini 6 aylıq müşahidələrdən sonra yazdığını söylədi: «O şeiri yazanda, Bakıda Azadlıq adına olan üç məkanı sadalamışam- Azadlıq küçəsi, Azad Qadın heykəli və Azadlıq meydanı. Əgər desəydim ki, Azərbaycanda Azadlıq adlı bir radio da var, o şeir bədii dəyərini itirərdi. Əslində AzadlıqRadiosu mənim üçün o yazdığım üç şeyin tam mahiyyətini açmaq uğrunda mübarizə aparan bir radiodur. Və bir şeirə sığası bir radio deyildir. Bu, mənim ədəbi priyomum idi».

-«Üç böyük hobbim var»-deyən ünlü şair hobbilərini necə sıraya düzdü?
-R. Behrudi Kubaya niyə getmişdi və özü ilə «Azadlıq Adası»na nə aparmışdı?
-Səfərdən sonra onun azadlıq haqqında fikirlərində hansı dəyişikliklər oldu?
-Rüstəm bəy Çe Gevaranı niyə nağıl qəhrəmanlarıyla müqayisə etdi? Üstünlüyü kimə verdi?
-R. Behrudi Çe Gevara haqqındakı məşhur mahnıya qulaq asanda niyə ağlayır?
-Azərbaycanda susmağı ilə mübarizə aparan şair və yazıçıların olduğu fikrinə qonağmız necə reaksiya verdi?
-Ziyalı ölkədə niyə qıtdı-sualı necə cavablandı?
-Azərbaycan TV-ləri haqqında nə dedi?
-«İstəmirəm məni qaçqın çağırsınlar!»- deyə Rüstəm Behrudiyə üz tutan 18 yaşlı bir dinləyicimizə necə təskinlik verdi?
-Verilişə zəng çalan Şirinbacı xanım Rüstəm Behrudiylə nədə razılaşmadı?
-“Azərbaycan ortada qalmış bir ana tabutudur” misrasının müəllifi indi nə fikirdədir?
-Tabut qaldırılıbmı?
-Rüstəm Behrudi ölkə prezidentinin hansı çağırışını gözlədiyini dedi?
-Sonuncu şeiri- «Azadlıq, torino kəfəni və zəvvarlar» şairin ifasında necə səsləndi?

Şairin öz şeirini oxumasını eşitməkdən gözəl nə ola bilər? «Can Bakı» nı elə bu səhifədən dinləyin.

XS
SM
MD
LG