Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:35

CAVİDAN. Praqmatik qadınlar... (Şeirlər)


Özünüqoruma instinkti...

Sevilməyən qadınlar
kökələr
yekələr
dağ boyda olar
dağ boyda dərdini yeyir axı hər gün
dərd
yaman kalorilidir, bilirsiz...


özünü
sevgisiz kişidən
qorumaq instinkti
böyüdər onu
nəhəng
Div anası boyda edər...


Sirrini bildiyin qadın…

ən kiçik sirrini bildiyin qadın
ən böyük nifrəti edəcək sənə

ən gözəl
sevgi sözləri
pıçıldayacaq
sığınıb da köksünə…
aldanma…
sirrini bildiyin qadın
sənin deyil…


Özün demişdin...

sənə
xəyanətin dadına
baxmaq istəyimi boğmadım
özün demişdin hər şeyin
tamını bilmək gərək...
deyəsən zəhərlənmişəm
yediyimdən


Kişi kimi...

Mən
Tanrını kişi kimi,
kişini
Tanrı kimi
sevən qadınlardanam...
Bax, yalnız buna görə
Tanrı məni sevgilimə,
sevgilimsə Tanrıya qısqanacaq...
bir-birinin gözündən
salacaqlar məni...
hər dəfə olduğu kimi
çanaq yenə
öz başımda sınacaq...
daha bir
cənnətimi itirəcəyəm...

Ay işığı...
Günahkar qadındı
Ay işığı…
Üzünün qarasından qopar
Pəncərəni qırıb tökər
Gecələr…


Bakirədir

Ay işığı…
Ruhunda bir saflıq var
Pərdələri çəksən, hürkər
Heç olar…

Zinakardı
Ay işığı…
Ürəyini daşa döndər
At ona
Vur
Yarala
Bu dünyanın
Son bakirə sevgisini…

Tələs!
Sonra
Gec olar…


Praqmatik qadınlar...

Əvvəl
Atalarını öldürərlər,
Sonra qardaşlarını...
Ağ atlı
Şahzadələr
ərliyə yaramazlar,
sevərlər,
məşuqları olar...
bir
tısbağa girləyərlər,
qınından çıxarıb
qınını
bəyənməyəcək qədər
qaldırarlar onu
başlarının üzərinə,
ərləri edərlər...
şahzadə balaları
doğarlar onlarçın


Elə-belə...

Allahın
qanının qara çağlarında
açıb əlimdəki
həyat dəftərimi
planlarımı göstərirəm-
"..əvvəl belə edəcəm,
sonra belə olacaq..
sonra da belə,
belə,
axırda da bax belə..."

Həmən
dodaqları qaçır,
gözləri gülür,
qapayıb əlindəki
həyat dəftərimi
planlarını gizlədir-
"..əvvəl belə edəcəksən,
sonra belə olacaq,
sonra da belə.
belə,
axırda da bax belə..."

Vəssalam...
Mənim qanım qaralır
Onun qəhqəhələri altda
əvvəl elə,
sonra belə,
axırda da
elə-belə...
XS
SM
MD
LG