Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Mişar daşı niyə bahalaşıb?


Bölgələrdə mişar daşının («kubik») qiymətinin 2 dəfəyəcən artması ilə bağlı məlumatlar gəlir. Misal üçün 1 həftə əvvəl Gəncədə 40-50 qəpik olan mişar daşının indi 80 qəpik -1 manata satıldığı bildirilir. Sürücülər bunu yük maşınlarının bort hissəsinə dəmir lövhə birləşdirilməsinə qoyulan qadağa ilə izah edirlər.
Aprelin 27-dən etibarən Dövlət Yol Polisi istehsalçı zavodun müəyyən etdiyi normaya uyğun olmayan konstruksiya dəyişikliyi edilmiş yük avtomobillərinin istismarına qadağa qoyub.

QANUNUN TƏTBİQİ VƏ SÜRÜCÜNÜN İTİRDİKLƏRİ


Xırdalan dairəsindəki daş bazarında söhbətləşdiyim sürücülərin deməsinə görə, əvvəl onlar maşının yük götürən hissəsini bir qədər qaldırmaqla bir maşına 850-900 ədəd daş yükləyə bilirlərmiş. Bununla da 50 manata qədər əlavə qazanc əldə edə bilirdilər. Amma artırılmış hissə söküldüyündən indi maşına 600-dən artıq daş yükləmək mümkün deyil. Sürücülər deyirlər ki, əgər əvvəllər haradasa 150-200 daşın pulu onlara qazanc kimi qalırdısa, indi yanacağa verilən pulu güclə çatdıra bilirlər.

Sürücü Fəxrəddin Həmidov:

«500-600 daş heç yanacağın pul eləmir. Yolda bir sıra xərclər çıxır. Evə bir iki manatla gedib çıxsan böyük şeydir. Bir çox hallarda daş satılmır bir neçə gün qalırsan burda. Daşın satışından qazanc kimi qalacaq 5-10 manatı da burda xərcləyirsən».

İstirahət edən sürücülər
«İMKANLI ADAMLARIN BARMAĞI»


Sürücü Məhəmməd Quliyev hesab edir ki, bu işdə ölkəyə yeni yük maşınları gətirən imkanlı adamların barmağı var. Onun fikrincə məqsəd sovet maşınlarını sıradan çıxarmaq və ölkədəki bütün yükdaşımaları özlərinə məxsus maşınlarla həyata keçirməkdir.

«BU MAŞIN ƏGƏR MƏNİM AİLƏMİ DOLANDIRMAYACAQSA»


«Elə əsas məqsədləri odur ki, «Kamaz»ları oyundan çıxarsınlar. İmkanlı adamların daha iri tonnajlı maşınları var, istəyirlər ki, həmin maşınları bu bazara salsınlar. Bir də qanunlar insanların rifahının yaxşılaşdırılması üçündür. Amma indi çıxan qanunu elə tətbiq edirlər ki, insanlar ancaq əzab çəkir, sıxışdırılır. Bu maşın əgər mənim ailəmi dolandırmayacaqsa onda nədən ötəri işləyirəm”

«QANUN MÜZAKİRƏ OLUNMUR, ONA ƏMƏL OLUNMALIDIR»

Yol Polisində isə hesab edirlər ki, həddən artıq yük vurulmuş maşınlar yeni salınan yollar və körpülər üçün ciddi problemlər yaradır. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yük avtomobillərinin bort hissəsinə əlavələr edilməsi «Yol Hərəkəti haqqında» qanunun və yükdaşıma qaydalarının ciddi pozulmasıdır.

«Yük avtomobillərinin sürücülərinin diqqətinə çatdırıram ki, qanun müzakirə olunmadan onun tələbləri yerinə yetirilməlidir. Bu müzakirə obyekti ola bilməz. Hər bir halda yük maşını nəzərdə tutulan miqdarda yükü daşımalıdır».

Vaqif Əsədov hansısa maşınların sıradan çıxarılması və onların yerinə imkanlı adamlara məxsus yük maşınlarının yerləşdirilməsi ilə bağlı sürücülərin səsləndirdiyi fikirlərin əsasız olduğunu deyir.

Abid Şərifov
ABİD ŞƏRİFOV DA SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ ETDİ


Mayın 4-də baş nazirin müavini Abid Şərifov da normadan artıq yük daşıyan avtomobillərin sürücülərinə və yük sahiblərinə xəbərdarlıq edib. Nəqliyyat nazirliyində yükdaşımaların tənzimlənməsinə həsr olunan tədbirdəki çıxışında Abid Şərifov deyib ki, həddən artıq yüklənmə yolların tez sıradan çıxmasına səbəb olur. Abid Şərifov bundan sonra heç kəsə güzəşt olmayacağını deyib.

«Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar»- deyə Abid Şərifov bildirib.

«SEMENTİ, QUMU, ÇINQILI «YEYİBLƏR», İNDİ DƏ DÜŞÜBLƏR SÜRÜCÜLƏRİN ÜSTÜNƏ»


Söhbətləşdiyim sürücülər isə sual edirlər ki, niyə yolları daha çox dağıtmaq ehtimalı olan 80-90 ton yük daşıyan maşınların sahiblərənə həmin qadağalar şamil edilmir.

«3 çarx bizim maşınlardadır, lap çox yükləyəndə 20 ton olur, amma daha iri maşınlar dörd çarxlıdır. Onlara 80 ton yük vurulur. Necə olur bu, yolu dağıtmır, biz yolu dağıdırıq. Ancaq pullu adamlar 100-150 min manata iri tutumlu maşınları alıb gətiriblər, bizə də deyirlər ölün acından».

Çınqıl daşıyan yeni maşınlar
Sürücülər bir iki cərgə artıq mişar daşı yüklənməklə yolların sıradan çıxması barədə deyilən fikirlərin səmimiliyinə inanmırlar.

«Yolu keyfiyyətsiz çəkiblər. Sementi, qumu, çınqılı «yeyiblər», indi də düşüblər sürücülərin üstünə ki, yolu siz dağıdırsınız. 1 kilometrini 1 milyona, Avropa standartlarına uyğun çəkdiklərini bildirirlər, amma bir aydan sonra həmin yolda «Kamaz» boyda çuxurlar yaranıb, bunu biz eləmişik? Bakının mərkəzində iki gündən bir yol çəkilir, oradakı yük maşınları hərəkət eləmir».

YOLLARI HAVA DAĞIDIR?


«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov isə hesab edir ki, hər şeyi yolların keyfiyyətsiz tikilməsi ilə əlaqələndirmək lazım deyil. Bütün yol tikintiləri işlərinin xarici mütəxəssislərin nəzarəti altında aparıldığını deyən Cavid Qurbanov yolların tez sıradan çıxmasını Azərbaycanın isti ölkə olması ilə əsaslandırıb. Deyib ki, əgər normalara əməl olunmasa, yollar yenidən əvvəlki qaydasına qayıdacaq.

Vaqif Əsədov
ÇOXDAN QÜVVƏDƏ OLAN QAYDA İNDİ NİYƏ TƏTBİQ OLUNUR?


Xeyli müddətdən bəri qüvvədə olan qanunun indi tətbiq olunmasının zərurətinə gəlincə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, bu ölkədəki inkişafla bağlıdır.

«Ölkədə bütün sahələr üzrə inkişaf getdikcə tələbkarlıq artır, tələbkarlıq artdıqca da qanunun tələblərinə uyğun hərəkət etmək zərurəti yaranır».

Sürücülər isə hesab edirlər ki, qanun və qaydalar elə tətbiq olunmalıdır ki, bu ölkədə süni bahalaşmaya və işsizliyə səbəb olmasın.
XS
SM
MD
LG