Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:00

66 yaşlı Qələbə Günü


Veteranların sevinc günü - 9 may qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid
«Tank vuran topla dörd alman əsgərinin düz ortasına üç mərmi buraxdıq»

87 yaşlı Mirzəxan Hüseynov İkinci Dünya Müharibəsində etdiyi qəhrəmanlıqlardan birini belə xatırlayır. Deyir onun susdurduğu düşmən əsgərləri uzun müddət imiş sovet əsgərlərini qərar tutduqları evdən atəşə tuturlarmış.

Mirzəxan Hüseynov orta məktəbi bitirən kimi dostu ilə birlikdə könüllü müharibəyə yollanıb. Deyir hərbi xidmətə getməyə iki yaşları çatmasa da təkidlə komissiya yaradılmasına nail olublar və onların yaşı iki il artırılıb.

O, ilk dəfə Sevastopolda yaralanıb. Ay yarımlıq müalicədən sonra yenidən cəbhəyə qayıdıb.

«1943-cü il fevralın 3-dən 4-nə keçən gecə biz cəbhəyə düşdük. Orda üç ay vuruşmuşam. Döyüşlərin birində yeddi yerdən yaralandım və 6 ay Soçidə hospitalda müalicə olunandan sonra məni hərbidən azad elədilər».

Mirzəxan Hüseynov dolanışığından narazı deyil. Deyir ayda 300 manatdan artıq pensiya alır. Bundan başqa prezidentin sərəncamı ilə veteranlara ayrılan 500 manat yardımını da alıb.

Mirzəxan Hüseynov
ALMANLARIN BAKI MƏHƏBBƏTİ


«Potsdamdan Berlinə gəzməyə gəlmişdik. Orda bizi görən kimi başladılar «rus, rus» səslənməyə. Mən dedim ki, mən rus deyiləm. Dedilər bəs kimsən, dedim azərbaycanlıyam. Dedilər o, hardadır, Azərbaycan harda yerləşir? Dedim Bakını tanıyırsız? Dedilər, həəə. «Baku, Baku» deyib məni qucaqladılar. Onların da Bakıya hörməti var idi».

91 yaşlı müharibə veteranı Bəkir Məmmədov deyir ki, onun Berlində almanlardan gördüyü məhəbbət faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana olan xüsusi diqqətindən irəli gəlirdi. Onun fikrincə, bu diqqətin kökündə də Bakı nefti dayanırdı.

Hələ 1941-ci ilin aprelində təsis edilən müharibə planında Qafqazın, ələlxüsus də Bakının işğalı mərkəzi yer tuturdu.

Həmin plana görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər.

Müharibə illərində cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının isə 90%-ni Azərbaycan təmin edib.

«ALMANLARI ƏSİR ALANDA TEZ SU QABLARINI GÖTÜRÜRDÜK»

Bəkir Məmmədov
Almanların gözü Bakı neftində olduğu bir vaxtda sovet əsgərlərinin də gözü alman əsgərlərinin üstündəki su qabında olub. Bəkir Məmmədov deyir onlar alman əsgərlərini əsir götürəndə və ya ölüsünü görəndə həmişə onların üstündəki su qablarını tez götürürmüşlər.

«Həmişə çalışırdıq ki, almanlardan əsir götürəndə və ya ölüsünü görəndə birinci növbədə onların su qablarını (flyaqa-müəl.) götürək. Həmin qablarda spirt («vodka») olurdu. Kef eləmək üçün götürüb içirdik. Amma bizdəki qablarda spirt olmurdu».

AZƏRBAYCAN MÜHARİBƏYƏ TƏKCƏ NEFTLƏ YARDIM ETMƏYİB

1941-1945-ci illərdə davam edən müharibəyə Azərbaycan təkcə Bakı nefti ilə yardım etməyib. 5 il davam edən müharibəyə Azərbaycandan 640 min nəfərədək adam göndərilib. Onlardan yarısı həlak olub ya itkin düşüb. Faşist Almaniyasına qarşı müharibədə azərbaycanlılardan ibarət 6 milli atıcı diviziya iştirak edib.

Azərbaycanlılardan ibarət milli diviziyalar Simferopolun, Odessanın, o cümlədə Polşa və Çexoslovakiyanın, Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib. 416-cı milli diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçib.

Təkcə Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 20 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

AZƏRBAYCANLILARIN PARTİZANLIĞI


Bundan başqa Azərbaycanlılardan ibarət partizan hərəkatı Qərbi və Şərqi Avropada fəal iştirak ediblər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında isə 600-dən artıq azərbaycanlı vuruşub.

Fransanın Rodez şəhəri 1944-cü il avqustunda fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilib. Bu əməliyyata azərbaycanlı Hüseynrza Məmmədov başçılıq edib.

ARXA CƏBHƏ


Müharibə illərində Bakıda 130 növdə silah və döyüş sursatı istehsal edilib.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 1000 kq. gümüş verilib. Cəbhəyə 125 vaqon isti geyim göndərilib. Yalnız 1942-ci ilin yayına qədər Leninqrada Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon müxtəlif qida məhsulları, dərman preparatları və sarğı materialları göndərilib.

Ölkə hospitallarında 400 mindən artıq yaralı müalicə olunub.

Veteranlar Birliyindən verilən məlumata görə, hazırda Azərbaycanda 4 minə yaxın 2-ci dünya müharibəsi veteranı yaşayır
XS
SM
MD
LG