Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:26

Dunya Miyatoviç: «Jurnalistlərə dərs keçməməliyik»


Əli Həsənov
Əli Həsənov
«Diffamasiya haqqında qanunun qəbulu jurnalistləri heç də məsuliyyətdən azad etmir».

Bunu mayın 11-də «Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası» mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu qanunun qəbulu çox ciddidir, bundan sonra jurnalistlər çox məsuliyyətli olmalıdır. Qanun qəbul edildikdən sonra jurnalistlər və cəmiyyət arasında qarşıdurma halları yaranmamalıdır:

«Qanun qəbul olunandan sonra jurnalistlərin özləri olmasa da, redaksiyalara, redaktorlara qarşı ciddi cərimə sanksiyaları qoyula bilər. Bunlar nəzərə alınmalıdır».

Şöbə müdiri hesab edir ki, jurnalist məsuliyyəti olmasa, on qanun qəbul edilsə də, jurnalistlərlə rəsmilər və eləcə də cəmiyyət üzvləri arasında qarşıdurmalar davam edəcək.

İndiki vəziyyəti Ə. Həsənov bir vaxtlar senzuranın aradan qaldırılması ilə müqayisə edib.

«İCTİMAİYYƏT VƏ RƏSMİLƏR TOLERANT OLMALIDIR»

«Niyə məmurlar məhz jurnalistlərin məsuliyyətindən danışırlar. Biz jurnalistlərə məsuliyyətli olmağı deyiriksə, deməli özümüz senzuraya çevrilirik».

Dunya Miyatoviç
Bunu isə konfransda ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) deyib.

O hesab edir ki, jurnalistlər peşəkar olmalıdır. Bununla belə o, rəsmilər tərəfindən onların məsuliyyətinin xatırladılmasını qəbul edilməz sayır.

D. Miyatoviç bildirib ki, keçid dövrü yaşayan və Avropanın demokratiyanın oturuşmuş dövlətlərində də müəyyən problemlər var. Ancaq onun fikrincə, belə məsələlərdə ictimaiyyət və rəsmilər tolerant olmalıdır:

«Nə hökumət, nə mən jurnalistlərə nəyi necə yazmaq haqda dərs keçməliyik. Jurnalistlərə şərait yaradılmalıdır ki, onlar öz fəaliyyətlərini yerinə yetirsinlər».

ATƏT rəsmisi Azərbaycan hökumətinə həbsdəki jurnalist Eynulla Fətullayevlə görüşə şərait yaratdığına görə təşəkkür edib və bildirib ki, jurnalistlərin həbsə atılması təcrübəsinə mümkün qədər tez son qoymaq lazımdır.
XS
SM
MD
LG