Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:04

Aqşin Yeniseyin onluğa düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin razılığı onu "Oxu zalı"nda dərc edirik.


Aqşin Yenisey

MAQA DUMBA

Maqa Dumba ilə keçən əsrin son ilində – ingilis qızılaxtaranları əllərində xəritə, xəzinənin yerini axtara–axtara gəlib Bakıda yekəqarın bir məktəb direktorunun ağzına çıxdığı il - tələbə yataqxanasında tanış olmuşdum.

Doqquzuncu mərtəbədə mətbəxt ümumi idi və dərsdən dönən ac tələbələr əllərinə keçəni mətbəxtdəki yalnız bir gözü yanan qaz sobasının üstündə növbəylə bişirirdilər.

Bu ac tələbələrin arasında yalnız əllərinin içi və dişləri ağ olan qara bir oğlan var idi, daha doğrusu, polis dəyənəyi kimi qapqara bir uzunduraz.

Onun bişirdiyi yeməklərin qəribə qoxusu olurdu, bəzən o, öz ölkəsindən gətirdiyi qurudulmuş ot-ələfi bir-birinə qatıb nəsə qaynadırdı, o qabdan bu qaba tökürdü, üstünə tüpürürdü, altına döyəcləyirdi, axırda görürdük ki, budur, qaradərili yadelli tələbə bir kasa qəşəng at poxunu qarşısına qoyub, üstünə də bir çimdik keşniş səpib boğula–boğula bəmbələyir.

Avaragorun, başdanxarabın biri idi, bütün günü yastı burnunda nazik mahnılar mızıldayırdı.

Pırpız saçları tərk edilmiş qarğa yuvasına oxşayırdı, elə bil başına bir qucaq çör–çöp yığmışdı.

Azərbaycanlı tələbələrin pencəyi dədə–babadan əyinlərində yekə görsənib, çünki bu pencəklər birmənalı olaraq ya ata köhnəsi olur, ya da evdəkilərin qorxusundan ömrü boyu özünə bir tay corab ala bilmək azadlığı olmayan gənc tələbənin illərlə içində gəzdirdiyi, nə vaxtsa şalvar-pencək geyinmək arzusundan doğur.

Azərbaycan akademiklərinin, professorlarının çoxunu elə bu arzu gətirib çıxarıb Milli Elmlər Akademiyasına.

Yadımdadır, bizim kənddə cavanların çoxu ona görə kitab oxuyurdular ki, şəhərə gəlib Hind kinosunun vurağan qəhrəmanı Ciminin ağ rancit şalvarından geyinsinlər və təzədən kəndə qayıtsınlar.

Kənddə adam daha tez məşhurlaşır, şəhərə baxma. Təki əynində çuğundur qırmızısı bir şalvar, ya da yelpənək rəngli pencək olsun, pah!

Şalvar dalınca Bakıya oxumağa gələn həmin cavanların hal-hazırda biri fizika elmlər namizədidir, biri hərbi hospitalda cərrah işləyir, biri də yanılmıramsa, polis rəisidir, hər üçünün də əynində ağ rancit şalvar.

Ölü yerinə də bu şalvarda gedirlər, diri yerinə də.

Ancaq bu qara tələbə bizimkilərdən fərqli olaraq həmişə üstü yazılı köynəklər geyinirdi. Bizə qoşulandan sonra onu da dadandırdıq Gədəbəy kartofuna. Az sonra Azərbaycan dilində danışmağa başladı, ilk dediyi söz «oğraş» idi.

Hər bir dilin ilk yadda qalan sözləri söyüşlərdir. Məsələn, məni rus dili ilə ana söyüşü tanış edib. Görünür, əli daş baltalı tumançaq əcdadlarımızı dil açmağa sevgi, məhəbbət hissi deyil, nifrət və qorxu hissi vadar edib. Deməli, söyüşlər yerdə qalan bütün sözlərin əcdadıdır.

Tələbələrin bir–birilərinə zarafatla dediyi bu sözün mənasını bilməsə də qara Maqa yataqxanada hamını belə çağırırdı.

Sonra mən onu başa saldım ki, bu söz bizim dilin yüngülçəkili söyüşlərindən biridir və ucdantutma hamıya «Oğraş» demək, ən azı insafsızlıqdır, düzdür, beş–altısı varımızdır, ancaq onlar bizim xalqın daxili məsələsidir.

Beləcə, biz tez–tez söhbətləşməyə başladıq və mən ona Vaqifin şirin dilini təmiz öyrətdim. O biləndə ki mən hərdən şeir–zad da yazıram, üstəlik, utanıb-qızarmadan onları qəzetlərə çapa da göndərirəm, otağına keçib bir qoltuqarası yazı gətirdi.

Təmiz Burkino dilində yazılmış əsərləri oxuyub mənə tərcümə etdi, məlum oldu ki, bu oğlan da Burkino Faso xalqının Aqşinidir.

Məlum oldu ki, orada da gənc yazarların AYO adlı təşkilatları var və orada da bu təşkilata onların özlərinin Rasim Qaracası rəhbərlik edir, sadəcə, onun imzası Rasim Qapqaracadır, yəni bizim Rasimin tündündəndir.

Sonra məlum oldu ki, sən demə, orada da Anar müəllim var və Yazıçılar Birliyinin əliqəlyanlı ömürlük sədridir.

Onun da yazdığı «Ağ qoç Qara qoç» əsəri ancaq qurban bayramından, qurban bayramına oxucuların yadına düşür.

Sonra məlum oldu ki, oradakı Həmid Herisçinin də romanının adı «Nekroloq»dur.

O, mənə «Bizdə Qan Tural adlı gənc yazar var, ədəbiyyata ilk dəfə elə tələm-tələsik, tezbazar, əlimyandıda gəlmişdi ki, vaxt çatdırıb üzünün yarısını qırxa bilməmişdi» - deyəndə, əlim üzümdə qaldı.

Dedim: «Qardaş, bəlkə, deyəsən, sizdə də Elçin Səlcuq var, bağda toyuq saxlayır…», dedi: «Özüm ölüm, düz deyirsən, bunu sənə kim deyib?»

Dedim: «Bəlkə, sizin də Seymur Baycan möhkəm qoyunyeyəndir?» Dedi: «Ayə, hə! Ətağa cəddi».

Dedim: «Qardaş, məni dolama, sən Ətağanı hardan tanıyırsan?: Dedi ki, «Bizdə belə bir ağır seyid olub, cəddinə and içirik, onun məzarı Burkino elində nə qədər oğul evləndirib, qız köçürüb. Hər il məzarının üstündə imdad yarmarkaları keçirilir»

Mən dedim:

- Maqa mənim qardaşım, biz şair xalqıq, elə anadan–zadan şair doğuluruq, məsələn, bizdə elə azyaşlı şair var ki, hələ heç sünnət toyunu etməmişik. Adı Mövluddur, bəlkə, eşitmiş olarsan…

O, dedi:

- Qardaş, anasını, bacısını filan–filan eləyim yalan deyənin, bizdə də Mövlud adlı azyaşlı bir şair var, heç deyəsən, bizimkilər də onu kəsdirməyiblər. Şeyi hələ ülgücə gəlmir.
Mən dedim:

- Maqa, bəyəm sizdə də bizdəki kimi ana-bacı söyüşü itətökdür? Bəyəm siz də oğlan uşaqlarınızı kəsdirirsiniz?

O, dedi:

- Bə nə bilmişdin? Qardaş, bizdə kişilər bir–birilərinə əsəbləşəndə ananın qocasını, ağbirçəyini söyərlər, bacının balacasını, sonbeşiyini. Bəzən elə olur ki, dilxor bir atanın doqquz qızından sonra bir səy oğlu olur, ona elə bir sünnət toyu çaldırırlar ki, (bu zaman Maqa əlini qəndqabıya uzadıb bir qənd götürdü və yenidən qəndqabıya atdı) bu qənd mənim gözümü töksün, birin oyan-buyan deyirəmsə, gədənin barmaq boyda şeyinin başına bütün Oğuz eli tökülüb gəlir.

Mən dedim:

- Nə Oğuz eli, a kişi?

O, dedi:

- Afrikada bizim ulu babalarımızı belə adlandırırlar. Bizim «Dədə Qorqud» adlı çox qədim bir dastanımız var, orada bizim ulu və qəhrəman babalarımız olan Bamsı Beyrəkdən, Qazan Xandan danışılır. Bizim yazıçı Anar həmin dastana iki hissələ kino da çəkib, ancaq çox gülməli alınıb. O kino haqqında burkinolular çoxlu lətifə qoşublar, istəyirsən birini danışım?

- Danış, qardaş, danış, lap məəttəl qalmışam, bizə də burada el arasında oğuz eli deyirlər, bizim də «Dədə Qorqud» adlı qədim dastanımız var, bizim Anar da bu dastan haqqında iki hissəli dayandoldurum bir kino çəkib, matım–mutum quruyub, vallah! Bu qədər oxşar xalq, oxşar tale?

O, dedi:

- Qoy lətifəni danışım, cırılacaqsan gülməkdən. Bir gün bizim «Dədə Qorqud» kinosunu ucqar Afrika kəndlərinin birində gostərirlər. Kənd camaatı hərəsi evdən özü ilə dəmir bir vedrə gətirib axşamın qara sərinində oturub filmi izləyir. Filmdə belə bir kadr var; Qıpçaq Məlik Beyrəyi əsir alıb atır ac şirin qabağına ki, şir onu parçalayıb yesin. Beyrək başlayır şirlə süpürləşməyə və bir xeyli dombalaq aşandan sonra şiri boğub öldürür. Özün bilirsən də, dastanlar xalq yalanlarıdır. Təngənəfəs Beyrəyi qan–tər içində gətirib atırlar ən qaranlıq zindana. Bu vaxt zindana, Beyrəyin yanına əliçıraqlı bir qız gəlir ki, bəs, igid, imkan varsa, mənə murad ver… kinonun bu yerində tamaşaçılırın arasından bir qarı ekrandakı qıza qayıdır ki:
- İgiddə hey qalıb sənə də murad versin, indicə şirnən dalaşıb…

Gülüşdük, mən dedim:

- Maqa, ata canı, bizim də kəndlərin birində buna oxşar hadisə olub, deyəsən, çox yaxın xalqlarıq, bəlkə, bir «qudalar» mahnısı oynayaq

O, dedi:

- Azcana fərqlərimiz var, məsələn siz tanrıya allah deyirsiniz, biz Mau deyirik. Siz adamlarınıza Allahverən, Allahqulu adı verirsiniz. O işığa kor baxım, yalan deyirəmsə, eyni adlar bizdə də var. Məsələn, sizin Allahqulu bizdə Mauquli adlanır.

Mən dedim:

- Ayə, ola bilməz e… iki ayrı–ayrı qitədə yaşayan, biri neqroid, o biri monqoloid irqinə mənsub olan iki xalq bu qədər yaxın olsun. Məsələn, sizin milli mətbəxinizdə hansı yemək növləri var?

O, dedi:

- Qardaş, bizim istənilən kafedə allahın ver günü lülə, tikə, qaban öz yerində, buracan- əli ilə xirtdəyini göstərdi - qazan yeməklərindən badımcan dolması, dana basdırması, Arzuman küftəsi, qarın qutabı, mal souzu, quzu içalatı, canım sənə desin, kəllə–paça… Şəki pitisi

Mən dedim:

- Yaxşı, indi sən mənə de görüm, siz də pitiyə qoyun quyruğu atırsınız?

O, dedi:

- Qardaş, bə quyruqsuz piti olar? Pitinin ki, axırda noxudunu quyruğu ilə əzib qaşıqlamadın, sıçalar elə pitinin qabına.

Söhbətin bu yerində qaradərili tələbədən şübhələnməyə başladım. Şübhələndim ki, birdən bu qurumsaq, KQB–nin rəngləyib, tələbələrin arasına dürtdüyü xəfiyyə–zad olar, mitiqlərin, piketlərin bu cırhacır vaxtında başımıza it hoqqası gətirər. Şübhəmi hiss etdirmədən əlimi onun əzələli qara qoluna sürtüm. Rəngi çıxsa, demək girdirmə neqrdir, neqr dərisi geyinmiş halal işverən azərbaycanlıdır. Adamın başının üstündə allah var, balıq da bilməsə, xaliq biləcək, rəngi–zadı çıxmadı. Onu bağrıma basıb dedim:

- Rəhmətliyin oğlu, day bayaqdan denən ki, biz bir millət, iki dövlətik də.

O da məni özünə sıxıb, rusca dedi:

- Biz səninlə Çornıy–belıy qardaşıq.
XS
SM
MD
LG