Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:19

İrandan Qarabağ iddiası...


«Qərbdə yazılmış bu ssenarini ruslar böyük həvəslə tamaşaya qoydu»
«Qərbdə yazılmış bu ssenarini ruslar böyük həvəslə tamaşaya qoydu»
Keçmiş Müdafiə naziri Rəhim Qazıyev, politoloq Ərəstun Oruclu və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin Qarabağ savaşı barədə dediklərinə münasibət bildirirlər.

Seyid Həsən Amuli iddia edir ki, Qarabağ problemi SSRİ dağılmazdan illərcə qabaq, ehtimal olunan İran-Azərbaycan ittifaqının qarşısını almaq üçün hazırlanmış oyun idi: «Qərbdə yazılmış bu ssenarini ruslar böyük həvəslə tamaşaya qoydu»...

O qeyd edir ki, İran Qarabağ müharibəsi dövründə Azərbaycana böyük dəstək verib:

«...Dəstə-dəstə azəri cavanları İrana partizan əməliyyatları keçirmək üçün təlimə gətirildi. Şuşanın azərbaycanlılar yaşayan məhəllələrini qorumaq üçün silah arzusunda olan mübariz insanlara maşın-maşın silah gətirildi. Mövcud hökumətin razılığı, Rəhim Qazıyevin, Rövşən Cavadovun xahişi ilə müdafiə sistemi qurmaq üçün müştərək qərargah yaradıldı. Bu qərargahda təbrizli, ərdəbilli generallar əyləşib ürək yanğısı ilə öz azəri qardaşlarına yardım göstərir, gecə-gündüz əllərindən gələni edib təcavüzün qarşısını almağa çalışırdı.
Rəhim Qazıyev
Hətta İranın təşkilatçılığı ilə Əfqanıstandan minlərlə döyüşçü gətirilib cəbhə xəttində, mövqelərdə yerləşdirildi»..

Rəhim Qazıyev:

- «O dövrdə mən müsəlman qardaşı olaraq dəfələrlə İranın səfirini qəbul etmişəm və dəfələrlə demişəm mənə kömək edin. Amma hansısa generallarla görüş keçirməyimiz, qərargah yaratmağımız, kiminsə vasitəsilə kimə isə təlim verməyimiz barədə Amulinin dedikləri analoqu olmayan uydurmadır. Mən o dövrdə Müdafiə naziri olmuşam və müdafiə sisteminin qurulmasında və müharibədə bütün proseslər mənim bilavasitə nəzarətimdə olub. Bu qədər yüksək səviyyədə belə bir şeyin olması mənim üçün tamamilə yenidir, çox təəccüblü bir şeydir. Mən bunları qətiyyən inkar edirəm. Belə bir şey mənim iştirakımla olmayıb».

Ərəstun Oruclu:

Ərəstun Oruclu
- «Bəyanatda nəzərdən qaçan məqamlardan biri İranın guya Azərbaycana hərbi yardım etməsi, İranın Azərbaycandakı din qardaşlarını xilas etmək üçün dəridən-qabıqdan çıxması və bunun qarşısını «Ergenekon»un və şəxsən Vəli Küçükün almasıdır. İranda uzun müddət mötədillərlə «Sepah» arasında gedən hakimiyyət mübarizəsi bir neçə gün əvvəl pərdə önünə çıxıb. Dərhal hər iki tərəf – «Sepah» təmsilçisi prezident Əhmədinejat və Ali Dini Şuranın rəhbəri Ayətullah Xameneyi eyni istiqamətdə mesajlar verməyə başladılar. Əhmədinejat tələsik Ərdoğanın yanına qaçdı, bu birilərsə öz sözçüləri vasitəsilə Ərdoğana «Ergenekon» məsələsini qabartmaqla mesaj göndərir. Deməli, İranda mübarizə aparan tərəflərin hər ikisi Türkiyəni öz yanında müttəfiq görmək istəyir. Məsələnin ikinci tərəfi ölkənin daxilindəki azərbaycanlılara mesaj verməkdir. Üçüncüsü, İran Avropa dəyərləri ilə silahlanmış Şimali
Emin Həsənli
Azərbaycanı, ümumiyyətlə, müstəqil Azərbaycanı özü üçün təhdid hesab edir. O ki qaldı 1992-93-cü illərə, İran Azərbaycana yardım etmək istəyirdisə, niyə Müdafiə nazirinə, OMON komandirinə müraciət edirdi? Elə prezidentə, Baş nazirə müraciət edəydi də».

Emin Həsənli:

- «İran heç vaxt Azərbaycanı istəməyib və istəməyəcək də. Çünki İran yaxşı başa düşür ki, Azərbaycan gücləndikcə, regionda nüfuzu artdıqca, müstəqilliyi möhkəmləndikcə, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar da gec-tez bu axına qoşulacaq. Ona görə də İran istəyir ki, burda özlərinə oxşar bir rejim qursunlar və bu da mümkünsüzdür. İran bacardıqca Azərbaycanın zəifləməsi üçün açıq və gizli bütün təhdidlərdən istifadə edib. Ermənistan üçün İran həyat əhəmiyyətli bir rol oynayır. İranda normal rejim olsa, bu bölgə xeyli inkişaf edər. İrandakı rejim Azərbaycanın müstəqilliyinə və inkişafına təhdiddir...».

XS
SM
MD
LG