Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:01

«Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 79

Bakı şəhəri, 12 may 2011-ci il

"Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "SSRİ vətəndaşlarının familiyalarını, adlarını və atalarının adlarını dəyişdirməsinə dair xahişlərə baxılması qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 27 sentyabr tarixli 317 nömrəli qərarı ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmişdir

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir.

1.2. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

2. Adın verilməsi

2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir.

2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

3. Ata adının verilməsi

3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir.

4. Soyadın verilməsi

4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.

4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.

4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

5. Soyad sonluğuna dəyişiklik edilməsi

5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

5.5. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti aktlarının qeydi başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.

5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa 3 iş günü müddətində göndərilir.

5.7. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluğa müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir.

5.8. Qeydiyyat şöbəsi və ya konsulluq soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə hərbi komissarlığa 7 gün müddətində məlumat verir.

5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluqda olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi

6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.

6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

6.7. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır.

6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;

6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;

6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad;

6.8.4. doğulduğu tarix və yer;

6.8.5. milliyyəti və vətəndaşlığı;

6.8.6. yaşayış və iş yeri, vəzifəsi;

6.8.7. hərbi uçot yeri;

6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;

6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada);

6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);

6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;

6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

6.9. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

6.9.1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;

6.9.2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

6.9.3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

6.9.4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

6.9.5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

6.9.6. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

6.9.7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

6.9.8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz.

6.10. Qeydiyyat şöbəsi və ya konsulluq ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir.

6.11. Ərizəyə əlavə edilmiş fotoşəkillərdən biri həmin ərizənin, digəri isə qeydiyyat şöbəsinin və ya konsulluğun bu Qaydaların 6.17-ci bəndində nəzərdə tutulmuş rəyinin yuxarı sol küncünə yapışdırılır, vəzifəli şəxsin imzası və möhürü ilə təsdiq edilir. Möhürün bir hissəsi fotoşəklin üzərinə düşməlidir.

6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verir.

6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.

6.14. Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır.

6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir.

6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.

6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə).

6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

6.20. Bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluğa 3 gün müddətində bildiriş göndərir.

6.21. Qeydiyyat şöbəsi və ya konsulluq adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə hərbi komissarlığa, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verir.

6.22. Bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş bildiriş əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir və ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnaməni ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa, 3 gün müddətində isə bildirişi akt qeydlərinin ikinci nüsxəsinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə göndərir.

6.23. Akt qeydlərində müvafiq dəyişikliklər aparılması və yeni şəhadətnamələrin ərizə verən şəxsə təqdim edilməsi bu Qaydaların 5.6-cı və 5.7-ci bəndlərinə uyğun həyata keçirilir.

6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.

6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar.

6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.

6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

6.29. Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır.


XS
SM
MD
LG