Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:20

Qərb mətbuatı Azərbaycanın “Eurovision”dakı qələbəsi haqda


Azərbaycanı “Eurovision 2011” müsabiqəsində təmsil etmiş Eldar Qasimov və Nigar Camal
Azərbaycanı “Eurovision 2011” müsabiqəsində təmsil etmiş Eldar Qasimov və Nigar Camal
CNN (ABŞ)

“Azərbaycanin triumfu”. Telekanal "Eurovision" yarışmasının nəticələri haqda məqaləsinin bağlığında bu ifadəni işlədir.

Məqalədə deyilir ki, Azərbaycanın qələbəsi sürpriz sayılmalıdır, çünki öncə favoritlər Fransa və İngiltərə sayılırdı.

İsveç səsvermənin əvvəlində yüksək ballar alsa da, sonda Azərbaycan dueti onu qabaqlayıb.

Amma telekanal Azərbaycan duetinin ifa etdiyi mahnının isveçli Stefan Örn və Sandra Bjurman tərəfindən yazıldığını və İsveç ifaçısının üçüncü yerə çıxdığını xatırlatmaqla finalın həm də İsveç üçün “hərtərəfli qələbə” olduğunu yazır.

The Wall Street Journal (ABŞ)
“Etiraf etməliyəm ki, Azərbaycan mənim diqqətimi ümumiyyətlə çəkməmişdi”.

Bunu qəzetə Amerikanın Klark Universitetində "Eurovision" müsabiqəsi ilə bağlı araşdırma aparan Robert Deam Tobin deyib.

Amma araşdırmaçı onu da əlavə edib ki, “İranla həmsərhəd olan, şiə müsəlmanların çoxluq təşkil etdiyi və demokratik dövlət quruluşuna malik dünyəvi ölkənin Eurovision yarışmasının timsalında Avropa idealına qovuşmasını görmək çox sevindiricidir”.

Qəzet onu da yazır ki, Azərbaycanın növbəti il müsabiqəyə ev sahibliyi etməsi Dağlıq Qarabağ münaqişəsinin yaxın 12 ayda yenidən alovlanması riskini azaldlr.

The New York Times (ABŞ)
Qəzet Azərbaycanın qələbəsinin gözlənilməz (“sürpriz”) olduğunu yazır.

Səsvermə prosesində “çoğrafi və mədəni yaxınlıq” amilinin rol oynadığını qeyd edən qəzet Azərbaycanın qonşu Türkiyə və Rusiyadan ən yüksək bal aldığına diqqət çəkir.

Telegraph (Britaniya)

Qəzet yazır ki, müsabiqədə qələbə qazana bilməsə də, Britaniyaya Azərbaycan duetinin uğurundan pay düşür.

Çünki Azərbaycan duetinin “yarısı”, yəni Nigar Camal “əri Luke və iki uşağı - Jasmin and Saida ilə Londonda yaşayır”.

Spiegel (Almaniya)
“Eurovision” – Azərbaycanın imicini təmizləyə biləcəkmi?

Jurnal öz geniş məqaləsinə belə başlıq qoyub. Məqalədə Azərbaycan ifaçıları yox, ölkənin özü diqqqət mərkəzindədir.

Jurnal iddia edir ki, Azərbaycanda əhalinin 40 faizi kasıblıq həddindən aşağı yaşayır, təbii ehtiyatlardan gələn pulun çox hissəsi elitanın və klanların cibinə axır.

Məqalədə beynəlxalq təşkilatların Azərbaycandakı “avtoritar rejim”i və insan haqlarının vəziyyətini tənqid etdikləri xatırlanır.

Bildirilir ki, həm Amerika, həm də Avropa Azərbaycandakı çatışmazlıqları yüngül tənqid edirlər. Səbəb də onların enerjiyə olan ehtiyacıdır.

Jurnal Azərbaycanda jurnalistlərin, sosial şəbəkələrdə aktiv olanların həbs edildiyini vurğulayır.

Bundan başqa məqalədə gələn il “Eurovision” müsabiqəsinin Bakıda keçirilməsinə mane ola biləcək amillər arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, “Azərbaycan və Ermənistan arasında münasibələrin hələ də gərgin olduğu" göstərilir.

Həmçinin HƏmçinin qeyd edilir ki, "Eurovision" dünyada homoseksual icmaların xüsusi diqqətindədir və yarışmanın finalına hər il minlərlə homoseksual axışır.

Jurnal Azərbaycanda homoseksuallara münasibətin qənaətbəxş olmadığını qeyd edir.

Məqalədə Almaniya Xarici İşlər Nazirliyinin səfər məsləhətlərindən sitat gətirilir. Həmin məsləhətlərdə deyilir ki, Azərbaycan qanunları homoseksuallığı qadağan etmir, amma “polisin homoseksual cütlüyü saxlayaraq müəyyən məbləğdə pul alandan sonra azadlığa buraxa biləcəyi istisna deyil”.

France 24

Telekanal o fakta diqqət çəkir ki, heç də müsabiqənin bütün favoritləri onlardan gözlənən nəticəni göstərə bilməyiblər.

Məsələn, favorit sayılan irland və fransız ifaçıları heç onluğa da düşə bilməyiblər. Amma favoritlərdən sayılan Azərbaycan müsabiqənin qalibi olub.
XS
SM
MD
LG