Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:54

Koroğlu dastanı ("Həmzənin Qıratı aparması" qolu) - 11


əvvəli

Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər.

Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər.

Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə çatdıracaq.

Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü onlara tutub dedi:

– Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox
çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək.
Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə
eləyək ki, bu bəlanı başımızdan dəf eləyək.
Vəzirlər, vəkillər dedilər:
– Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı.
Gərək Qıratı ələ keçirək.
Paşa dedi:
– Qıratı ondan necə almaq olar?
Vəzir dedi:
– Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri
gedib Koroğlunun Qıratını gətirə bilə.
Mahmud paşa dedi:
– Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir
qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə,
qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm.
Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü
məclisdəkilərə tutub ucadan bir də dedi:
– Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin,
getsin Koroğlunun Qıratını gətirsin.
Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı.
Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində
Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu.
Ayağa qalxıb dedi:
– Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən
gedərəm, Koroğlunun Qıratını gətirərəm.
Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə
dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud
paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq
asırdı. Gülüb özü-özünə dedi:
– Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib
başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir.
– Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən
savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb
razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi:
Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə
bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü.
Mahmud paşa dedi:
– Get, gətirə bilsən Dona xatun sənindi.
Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb
bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil
neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı.
Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan.
Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam
budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə
gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki:
– Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən?
Keçəl Həmzə dedi:
– İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda
haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib
gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan.
Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni
görüb dedilər:
– Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir
olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır
qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə, getsin.
Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər.
Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi:
– Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin
qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın.
Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü.
Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı.
Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin
hörməti artdı.
Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib
Kaloğlan qoydu.
Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu:
– Kaloğlan, ata muğayat ola bilərsənmi?
Keçəl Həmzə dedi:
– Əlimdən gələr, yaxşı baxa bilərəm.
Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri
çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl
Həmzə yabıya muğayat olmağa başladı.
Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki,
gəl görəsən.
Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan,
arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki,
dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi.
Yabıya baxıb mat-məhəttəl qaldı, dedi:
– Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata
baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə!
Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular
yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə
sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı.
Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq
asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir
neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa.
Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu:
– Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya
yaxşı baxmırsan?
Keçəl Həmzə dedi:
– Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə
başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman
ki, ondan sınıxdır.
Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında
buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın
açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər:
– Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir
adama etibar eləyib Düratın buxov açarını verirsən?
Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç
zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi.
Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun
Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin
birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam
Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək.
Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı.
Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada
kef çəkim.
Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan
namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb,
atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat
var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər:
– Nə Dürat var, nə də keçəl Həmzə.
Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər
Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar
olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi.
Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər:
– Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma.
İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim
qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ
bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar,
bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın.
İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün
öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de
görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən?
Koroğlu dedi:
– Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni
məzəmmət eləyin.
Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı.
Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı.
İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma,
gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki,
üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan
ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun.
Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu,
yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər,
Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib
üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının
altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına
çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi.
Düratın üç günd getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə
bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı.
Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından
qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə
bil bir ox idi kamandan qurtarmışdı, süzürdü.
Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç
gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü.
Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa
az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb,
duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə
elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında
qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz
işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək.
Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan
düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı:
– Ay dəyirmançı, bir tez eşiyə çıx!
Dəyirmançı tez eşiyə çıxıb soruşdu:
– Qardaş, nə istəyirsən?
Həmzə dedi:
– Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına
qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın.
Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək.
Dəyirmançı dili tutar-tutmaz dedi:
– Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım?
Həmzə dedi:
– Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən
gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını
yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün,
sən yazıqsan.
Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya
verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının
paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun
içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb,
unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi
dəyirmanın qapısına yetirib çığırıb dedi:
– Ay dəyirmançı, tez gəl bu atı tut!
Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi:
– Nə buyurursan?
Koroğlu dedi:
– İndicə mənim qabağımca buraya gələn atlı necə oldu?
Keçəl Həmzə dedi:
– Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib.
Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü
dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi:
– Əyə, ay keçəl, belə çıx!
Dəyirmançı daha da qorxub dedi:
– Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası
beynim yoxdu. Ölsəm də çıxmaram.
Koroğlu dedi:
– Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim
çoxdu.
Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq
istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli
yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının
başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə
öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən
dəyirmançıdı.
Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə
hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir
xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona
üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul
olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı
ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı
durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa
düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib
hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq.
Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir
qamçı vurdu ki, az qaldı od çıxsın. Ürəyi yanıb aldı, görək nə dedi:
Canım Həmzə, gözüm Həmzə!..
Həmzə, incitmə Qıratı!..
Budu sənə sözüm Həmzə,
Həmzə, incitmə Qıratı!..
Qıratdı mənim dirəyim,
Əriyər, qalmaz ürəyim.
Sən olasan duz çörəyim,
Həmzə, incitmə Qıratı!..
Eşidər paşalar, bəylər,
Şadlıq xəbərini söylər,
Koroğlu iltimas eylər,
Həmzə, incitmə Qıratı!
Keçəl Həmzə dedi:
– Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan
yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan,
mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır,
yaxarır, yanıb hayıfsılanırsan?
Koroğlu dedi:
– Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı
aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən
əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma!
Aldı Koroğlu:
Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
Səksən min ilxıya, səksən min ata,
Səksən min mahaldan gələn barata,
Səksən min kotana, səksən min cütə,
Səksən min kotanlı kala da vermə!
Koroğlu dövlətin endirsin düzə,
Say götür hamısın səksən min yüzə.
Səksən min gəlinə, səksən min qıza,
Səksən min ərgənə, dula da vermə!
Keçəl Həmzə dedi:
– Koroğlu, arxayın ol, qiymətinə sataram.
Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi:
– Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü,
görək nə dedi:
Həmzə, atı yaxşı saxla,
At iyidin qardaşıdı.
Gündə muğayat ol yoxla,
At iyidin qardaşıdı.
Yaz olanda dağa yollat,
Yay olanda ifçin nallat,
Qış olanda məxmər çullat,
At iyidin qardaşıdı.
Atı sevib bəslə körpə,
Hayqıranda çıxsın sarpa.
Hər yeyəndə qırx tas arpa,
At iyidin qardaşıdı.
Uzaq-uzaq yollarınan,
Belə ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At iyidin qardaşıdı.
Məclis qurdum çoxlarınan,
Dava etdim oxlarınan,
Qara polad mıxlarınan,
At iyidin qardaşıdı.
Sərin-sərin yu suyunan,
Quyruğu bağlı muyunan,
Qoç Koroğlu çox öyünən
At iyidin qardaşıdı.
Keçəl Həmzə dedi:
– Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini
basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm.
Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam.
Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu
Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından
ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi:
Çünki oldun dəyirmançı
Çağır gəlsin dən Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan Koroğlu!
Qırat əldən getdi, barı,
Canda qaldı intizarı.
Üyüd arpa, buğda, darı,
Al şahadın sən, Koroğlu!
Uca dağlarda döşlətdin,
Ağır alaylar boşlatdın,
Yüz il lotuluq işlətdin,
Axır oldun xam, Koroğlu!
Özün allatdırdın büyün,
Sinəmə çəkildi düyün,
Gedin dəlilərə deyin,
İşə düşdüm mən Koroğlu!
Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana
gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də
baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi.
Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi:
– A qardaş, hanı dəyirmançı?
Koroğlu dedi:
– Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam.
Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana
apardı, sonra kişidən soruşdu:
– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı,
qorxuram damağ ola, bir az ona arpa verim yesin.
Kişi dedi:
– Çuvalların ikisi arpadı, ikisi buğda.
Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı,
bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya
mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da
çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan
deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq.
Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda
çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib
dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək
bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab
çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub
Düratı minib, üzünü Çənlibelə çevirdi.
Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir...
Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın
da soruşmadılar.
Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi:
Təzə sövdəyər olubsan,
Sövdan da mübarək olsun!
Alış-veriş öyrənibsən,
Sövdan da mübarək olsun!
Niyə girdin dəyirmana,
Bizi qoydun yana-yana,
Atı verdin Kaloğlana,
Sövdan da mübarək olsun!
Sən Eyvazı qoydun xəstə,
Get comərddən mətləb istə,
De bir neçə verdin üstə?
Sövdan da mübarək olsun!
Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki,
qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə
baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi:
Keçər dövran belə qalmaz,
Şad ol könül, nə məlulsan?
Dəlilərim salam verməz,
Şad ol könül, nə məlulsan?
Geydiyim iyid kürküdü,
Dünya Süleyman mülküdü,
Dövlət ki var əl çirkidi,
Şad ol könül, nə məlulsan?
Koroğluyam deyim sənə,
Od tutub alışdı sinə.
Aşıqlığım bəsdi mənə,
Şad ol könül, nə məlulsan?
Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan
da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə
sayırsan, onda biz də çıxıb gedirik.
Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir
tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə
bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də
çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib
birdən qayıtdı ki:
– Əşi gedin də, nə eləyim gedirsiniz!
Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi.
Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı.
Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı.
Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki
eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub
üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi.
Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək
Nigar xanıma nə dedi:
Ala gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə qurban şirin canım,
Üzün məndən niyə döndü?
Qoyun otlar quzu ilə,
Ayağının tozu ilə.
Müxənnətin sözü ilə
Üzün məndən niyə döndü?
İyidin yatmasın baxtı,
Yana çevrilməsin taxtı,
Koroğlunun məlul vaxtı,
Üzün məndən niyə döndü?
Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd
kağızı kimi ağ sinəsi üstünə basıb dedi:
Binadan gözəl olmayan
Telin qədrini nə bilər?
Çöldə gəzən boz sərçələr,
Gülün qədrini nə bilər?
Kal qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrin çəkməyən
Balın qədrini nə bilər?
Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?
Nigar sazla dediyi kimi sözlə də dedi:
– Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu.
Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün,
üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü
ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının
üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi:
Eyvaz, məndən nə istərsən
Candımı, başdımı, nədi?
Axıdırsan ala gözdən
Qandımı, yaşdımı, nədi?
Məclisdə dolanmır sağın,
Sinəm üstdən getməz dağın,
Tökülübdü qaş-qabağın,
Boranmı, qışdımı, nədi?
Dayan, Qoç Koroğlu, dayan!..
Sözlərini elə bəyan.
Yatıbsan qəflətdən oyan,
Gördüyün duşdumu, nədi?
Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun
başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar
çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş
oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi:
Allahı çağırıb düşərəm yola,
Bu dərdi sinəmdə qala qoymaram.
Qıratım həsrətlə yolum gözləyir,
Düşmənin əlində qala qoymaram.
Ah çəkərəm hərdən köysüm ötürrəm,
Yola düşüb mətləbimi bitirrəm,
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram.
Koroğluyam, qoç oğluyam, qoçam mən,
Çətindi ki, mərd meydandan qaçam mən,
Havada dövr edən tərlan quşam mən,
Sarlar şikarımı ala qoymaram.
Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan
qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının
üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada
Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı,
gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə
yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi:
– Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi?
Qarı dedi:
– Niyə eləmirəm.
Koroğlu qarıya bir qədər pul verib dedi:
– Elə isə al, mənə yemək hazırla.
Qarı pulu çox görüb soruşdu:
– Pulun qalanını neyləyim?
Koroğlu dedi:
– Qalanı nədi, hamısına al.
Qarı soruşdu:
– Tək başına bu qədər şeyi neyniyirsən?
Koroğlu gülüb dedi:
– Qonağım var, on adamlıq xörək bişir.
Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu.
Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı.
Elə ki, xörək hazır oldu, qarı gəldi ki:
– Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək?
Koroğlu dedi:
– Onlar tay gəlməyəcək. Çək, gətir buraya.
– Elə hamısını?
– Elə hamısını.
Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən
ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad
deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim
on beş günümə bəsdi.
Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi
təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən
götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü
götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı
fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O
yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki:
– Qarı nənə, gəl.
Qarı dedi:
– Sən ye, mən ac deyiləm.
Koroğlu dedi:
– Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan.
Qarı naz edib dedi:
– Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam.
Koroğlu bir də dedi:
– Qarı nənə gəl, bax sonra peşiman olarsan ha...
Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci,
üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq,
düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə
yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə
bu fikirdəydi, Koroğlu bir də dedi:
– Qarı nənə, gəl... peşman olarsan.
Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz
yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı
yığışdırdı, əyləşib söhbətə başladılar.
Qarı soruşdu:
– Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən?
Koroğlu dedi:
– Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə
var, nə yox?
Qarı soruşdu:
– Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun
Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da
ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar,
bolluca nəmər yığarsan.
Koroğlu dedi:
– Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar?
Qarı nənə:
– Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə
desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb.
Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin
toyuna gedəndə dedi:
– Ay qarı, mən gedirəm, bəlkə buraya qayıda bilmədim, görüşə
bilmədik, sənə bir neçə kəlmə sözüm var, onu deyim barı ürəyimdə
qalmasın.
Aldı Koroğlu dedi:
Bir qarıya qonaq oldum,
Nə yaman camxanası var.
Dövlətini xəbər aldım,
Bir inək, bir danası var.
Qarı gəlir bizə yavuq,
Əl-ayağın tutub soyuq,
Çeşdəliyə bir cüt toyuq,
Axşama qayğanağı var.
Qarı deyəndə tozlanır,
Gəlin deyəndə nazlanır,
Qabaqda qarpız gizlənir,
Dalında topxanası var.
Koroğlunun hədyan işi,
Qovğadan açılmır başı,
Düşüb otuz iki dişi,
Bir kötük nişanası var.
Koroğlu sözünü qurtarıb qarıya bir az da pul verdi, saz da çiynində
gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu
ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq
gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki,
bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli,
süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub
keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan
üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi:
– Aşıq, hara aşığısan?
Koroğlu dedi:
– Çənlibel aşığıyam.
Paşa dedi:
– Qoç Koroğlunu tanıyırsanmı?
Koroğlu dedi:
– Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam.
Toqatın paşası Mahmud paşa dedi:
– Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu.
Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi
sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq.
Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü.
Sazı sinəsinə basıb, aldı görək nə dedi:
Canım Qırat, gözüm Qırat?!
Yarəb, Qırat dururmu ola?!
Mahmud paşa mehtərləri,
Otun, suyun verirmi ola?!
Qırata xələt biçəndə,
Üstündə badə içəndə,
Şeşpər yalmandan keçəndə
Sərxoş-sərxoş yerirmi ola?!
Qoç Koroğlu, hanı, hanı?
Dostunla düşmanın tanı!
Qırat ilə Eyvaz xanı,
Bir də gözüm görürmü ola?!
Mahmud paşa dedi:
– Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu
iyiddi, ya mən?
Koroğlu dedi:
– Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb,
hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin
nişanını səndən xəbər alım, bilim, sonra deyim.
Götürdü Koroğlu, görək nə dedi:
Uca-uca dağ başında,
Yel kimi əsdiyin varmı?
Əlli, altmış atlı ilə
Bir ordu basdığın varmı?
Namərd sirrini biləndə,
Müxənnət üzə gələndə,
Yağı düşman güc gələndə,
Meydandan qaçdığın varmı?
Qızıb gəzəndə meydanı,
Qıraram sultanı, xanı,
Ovuc-ovuc düşman qanı,
Doldurub içdiyin varmı?
Ərin qüvvəti qolumda,
Dəlilər sağı-solumda,
Eyvaz tək oğul yolunda,
Canından keçdiyin varmı?
Koroğlunun yox insafı,
Dava günü olmaz lafı,
Misri qılınc, dəmir qapı,
Endirib kəsdiyin varmı?
Məclisdəki paşalardan biri dedi:
– Aşıq, yaxşı oxuyursan, amma elə bərk bağırırsan ki, səsin az qalır
qulaqlarımızı dəlsin. Sözünü bir az alçaqdan de. Bir də sən Mahmud
paşadan iyidliyin nişanəsini xəbər aldın, heç özün demədin görək
iyidin nişanı nədi. Söylə görək sizin yerin iyidləri necə olur?
Aldı Koroğlu:
Bizim elin dəliləri
Girər meydana mərd olu.
Ölüncə meydandan qaçmaz,
Girəndə meydangərd olu.
Sarp qayalarda yurd olmaz,
Müxənnətə söz dərd olmaz,
Çaqqal əniyi qurd olmaz,
Yenə qurd oğlu qurd olu.
Dəlilərim fovcu-fovcu,
At minib düşman qovucu,
Belində Misri qılıncı,
Koroğlu kimi mərd olu.
Mahmud paşa dedi:
– Aşıq, sən dedin ki, Dəli Koroğlunu tanıyırsan, onun Qıratını da
görübsən. Heç atın xasiyyətindən, nişanından bilirsənmi? Bir az de,
qulaq asaq.
Aldı Koroğlu:
Paşa, sənə nişan verim Qıratı,
Əbrişin ipəkdən yalı gərəkdi.
Bir mina boyunlu, uca sağrılı,
Bir yarım hoqqadan nalı gərəkdi.
Bir alma dırnaqlı, hündür boyunlu,
Meydana girəndə yüz min oyunlu,
Dəyirman mədəli, ac qurd yeyimli,
Ortası qoluna dolu gərəkdi.
Qaranlıq gecədə yol çaşırmayan,
Düşmən qabağında ər düşürməyən,
Üstündə əl-ayaq yığşırılmayan,
Koroğlunun atı dəli gərəkdi.
Mahmud paşa dedi:
– Aparın aşığı yedirib, içirin.
Saqi Koroğlunu şərab olan otağa apardı. Qabağına bir qab şərab
qoydu. Koroğlu qabı bir xortumda boşaldıb dedi:
– Belə şey mənim ağzımı da islatmaz. Verirsən ver əməlli-başlı
içək, vermirsən gedək özümüzə gün ağlayaq.
Otaqda üç tuluq yarım şərab var idi. Saqi Koroğlunu orada qoyub
iri qab gətirməyə getdi. Saqi çıxcaq Koroğlu özünü verdi tuluqların
yanına. Bir, iki, üç, bir hovurdu üç tuluq yarım şərabı içib, boş tuluqları
bir tərəfə tullayıb, oradan keçdi aşxanaya. Aşbaz bir sini aş çəkib
qoydu Koroğlunun qabağına. Gözünə dönüm Koroğlu, iki şapalaqda
bir sini aşı qara bığının altından ötürüb dedi:
– Aşbaz qardaş, bu mənim bir küncümdə qaldı, aş ver oturduğuma
görə doyunca yeyim.
Aşbaz bir yekə sini də çəkib aşı Koroğlunun qabağına qoydu,
Koroğlu onu da aşırdı. Bir də istəyəndə aşbaz dedi:
– Ay balam, haramı deyilsən ki, iki sini aşla doymadın?
Koroğlu dedi:
– Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim
bir dəfəmin xörəyidi. Belə şeylər mənim harama çatacaq?
Aşbaz istədi ki, Koroğlunu aşxanadan çıxartsın. Koroğlu bir əli ilə
aşbazın boğazından tutub, belindən iki qatlayıb boş qazanlardan birinin
içinə soxdu, ağzına da bir sini çevirib üstündə oturdu. Yavaşca qollarını
çırmaladı, aş qazanlarını qabağına çəkib bir oturumda yeddisini
aşırdı. Elə ki, qurtardı, pələ bığlarını eşdi, qulaqlarının dalından keçirdi,
girdi məclisə, məclisdəkilər dedilər:
– Aşıq, yedin doydun, indi oxu, qulaq asaq.
Aldı Koroğlu görək nə dedi:
Muradbəyli derlər bizə,
Meydanda mərdlik işləni.
Qoç iyiddən oğul törər,
Düşman gözündə beşləni.
Uca dağlarda duraram,
Çəkib bəzirgan vuraram,
Gündə üç içki quraram,
Yüz min tümənlər xərcləni.
Hay deyəndə haylarım var,
Hoy deyəndə hoylarım var,
Qurdlarım var, aylarım var,
Hay vursam şəhrin boşlanı.
Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan
da aşıqdı.
Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri
tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı
ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu:
– Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm
dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi?
Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi:
– Bəli.
Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar.
Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun
könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Aldı görək nə dedi:
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Dəmir libas, polad geyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Əzəldən biləydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Qabaqda qalırmı arpan səhərə?
Üzəngilər nə yaraşar yəhərə...
Dəlilər salmışdı məni qəhərə,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Bir atım var atım-atım atılır,
Qulaqları qarğı kimi çatılır,
Ucuzluqda min tümənə satılır,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Mərd iyidlər belə baxmaz atına,
Sənsiz getmək olmaz el baratına,
And verirəm Koroğlu qıryatına,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi.
Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən
öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən
çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib
Qıratın üzəngisini basdı, dedi:
– Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim.
Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri
qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən
soruşma. Hamı bir-birinə dəydi.
Aldı Koroğlu görək nə dedi:
Mindim Qıratın belinə,
Kaş ki, düşman yüz olaydı.
Çəkəndə Misri qılıncı,
Dərə, təpə düz olaydı.
Atı mindim gəzdirməyə,
Düşman bağrın əzdirməyə,
Dona çayı üzdürməyə,
Qırat bir qəvvas olaydı.
Verin yeddi illik xarcı,
Paşalar gətirsin bacı.
Koroğlu çəkib qılıncı,
Düşmən üzbəüz olaydı.
Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun
üstünə yeridi. Koroğlu Mahmud paşanın belə hökm verməyini görəndə,
aldı görək nə dedi:
Laf eyləmə, dəli paşa,
Ağır-ağır ellərim var,
Bir tamaşa eyləyəsən,
Qılınc çalan qollarım var.
Uca dağlardan daşlanı,
Ağır alaylar boşlanı,
Gəlsələr dava başlanı,
İyid-iyid dəllərim var.
Mən anadan mərd olmuşam,
O Çənlibeldən gəlmişəm,
Koroğluyam, at minmişəm,
Yüz min belə fellərim var.
Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı.
Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək
nə dedi:
Ay həzərat, ay camaat,
Heç iyid yalqız olmasın!
Ətim yeyib, qanım içən,
Namərdə möhtac olmasın!
Haşa a bəylər, haşadan,
Qorxmaram xandan, paşadan,
Əsrəyib çıxsa meşədən,
Aslan da yalqız olmasın!
Koroğlunun daş qalası,
Ərşə çəkildi nalası,
Ördək ilə qaz balası,
Göllərdə yalqız olmasın!
Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud
vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım
qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da
işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb,
aldı əl üstü:
Ceyrana bənzər qaçışın,
Addımla, qurban qoluna!
Tərlana bənzər uçuşun,
Əl çatmaz ipək yalına!..
Kəsdirrəm gümüşdən yəhər,
Tumarlaram axşam, səhər,
Götür burdan qaç bir təhər
Sikkə vurdurram nalına!
Koroğluyam, güman belə,
Deməyinən gəlməz dilə,
Məni çıxart Çənlibelə,
Qotaz düzdürrəm çuluna!
Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli
davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu,
sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun
arasından çıxdı.
Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə
Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir
eləyib sıçrayırdı.
Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi,
bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar
durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü.
Aldı, görək nə dedi:
Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?
Söhbət olurdu sazınan,
Ördək olurdu qazınan,
Necə incəbel qızınan,
Tuti dillər yerindəmi?
Sevib, seçib bəyəndiyim,
Sədasından oyandığım,
Arxasında dayandığım,
Çənlibellər yerindəmi?
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boynundan aşdığım,
Çənlibellər yerindəmi?
Hərdən işvə-qəmzə satan,
Mənimlə ixtilat qatan,
Gələndə atbaşı tutan,
Şux gözəllər yerindəmi?
Çalxalanıb döyündüyüm,
Arxa vurub söyündüyüm,
Qovğa günü öyündüyüm,
Nər dəlilər yerindəmi?
Koroğlu heç deməz yalan,
Toqata salmışam talan,
Cümlə dəlilər, Eyvaz xan,
İyid ərlər yerindəmi?
Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə
çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa
gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə
hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər
kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca
qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb
Koroğluya dedi:
– Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan
ey...
Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab
verdi:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdənə,
Saçların qara deyilmi?
Hökm ilə oturub durma,
Müjganın sinəmə vurma,
Ala gözə siyah sürmə,
Çəkibsən qara deyilmi?
Koroğlu verdi salamı,
Dolandı cümlə aləmi,
Qüdrətin göhər kalamı,
Yazısı qara deyilmi?
Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu.
Məclis təzədən qızışdı...

davamı
XS
SM
MD
LG