Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:14

Dövlət qulluqçusunun yaş həddinin 65 olması yaxşıdır, yoxsa pis?


Milli Məclisin son iclasında “Dövlət qulluğu haqqında” qanuna və Əmək Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklərin birində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olmasını nəzərdə tutulur.
Müəssisənin 65 yaşa çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Amma müddətin uzadılması da 5 il mümkündür.

Müzakirələr zamanı BDU-nun rektoru, deputat Abel Məhərrəmov deyib ki, hazırda Azərbaycanda 1800 professor var. Belə çıxa bilər ki, yaşlı nəsil küçəyə atılacaq. Abel Məhərrəmov hesab edir ki, bu halda həmin professorlar özəl universitetlərə gedəcəklər.

Amma əlbəttə ki, bu dəyişikləri dəstəkləyən deputatlar da az olmayıb.
Əli Abbasov


Yaşı artıq 60-ı keçmiş, dəyişikliklərdə nəzərdə tutulan yaş həddinin astanasında olan AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abbasovun sözlərinə görə xarici təcrübədən də bəllidir ki, əsl elm adamları 70 yaşdan da artıq işləyirlər. Onun fikrincə, əlbət də cavanların karyerası və inkişafı nəzərə alınmalıdır. Amma bunun üçün konkret olaraq belə bir hədd müəyyənləşdirmək düzgün deyil:

“ALİMLƏRƏ DƏ ATTESTASİYALARA GÖRƏ QİYMƏT QOYULMALIDIR”

“Konkret olaraq hər dəfə bizdə bir prinsip tapırlar, belə məsələləri həll etmək üçün. Ya yaşına görə, ya məqalə haradasa çap olunmalıdır. Halbuki o məqalənin içində nə yazılıb baxan yoxdur. Elmlə bağlı qeyri formal prinsiplər olmalıdır. Bizdə elmi attestasiyalar olur. Alimlərə də həmin attestasiyalara görə qiymət qoyulmalıdır. Baxırsan 65 yaşı var, amma potensialı böyükdür. Bu yaşda elmə daha çox şey verə bilər. Ona görə bu düzgün deyil. Amma başqa-sırf elmi ölçülərdən istifadə etmirlər”.

Əli Abbasov düşünür ki, 65 yaşa çatmışlardan kimin işləmə müddətinin 1 il uzadılıb uzadılmamağı ilə bağlı verilən qərarlar da subyektiv olacaq. Onun fikrincə, məsələnin mənəvi tərəfi də var. Yaşı 65 olan alimlər gözləyəcəklər ki, özlərindən xeyli cavanlar onların biliyi və gələcəyi barədə hansı qərarı verəcəklər. Əli Abbasov deyir ki, təqaüdə çıxası adamların maaşları qədər pensiya ala bilmələri təmin edilsə, bəlkə də, çoxları düşünüb özləri də gedə bilər. Onun fikrincə, maddi səbəblər üzündən 80 yaşında da işdə qalıb çalışmaq istəyənlər var.

Deputat Zahid Oruc isə deyir ki, bu prinsiplər beynəlxalq təcrübədən götürülüb. Yəni bu məsələ Avropa hüquq təfəkkürünün məhsuludur və onun əsas tətbiqini də həmin ölkələr yaşamaqdadır. Onun fikrincə bu heç bir halda orta və ya cavan nəslin meydanının genişləndirilməsi, yeniləşmə, kadrların rotasiyası addımı yox, dövlət qulluğu ənənəsinin formalaşması sayılmalıdır.

“AMMA BİZ TƏMİNAT SİSTEMİNİ ELƏ QURMALIYIQ Kİ...”

“Dünyanın əksər ölkələrində 65-67 və sair kimi orta yaş həddinə müvafiq belə limitlər, senzlər müəyyənləşib. Amma biz təminat sistemini elə qurmalıyıq ki, vətəndaş 65, yaxud başqa bir yaşa çatanda getməyi, istirahət etməyi, pensiyaya çıxmağı şərəf saysın, onu gözləsin, ona can atsın. Və ondan əvvəlki dövrdə formalaşdırdığı kapital onun yaşamasına imkanlar açsın”.

Cəmil Həsənli

Zahid Oruc deyir ki, ötən dövr ərzində Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin lideri olmuş prezident İlham Əliyev bu məsələ ilə bağlı qərarları da çox uzlaşdırılmış şəkildə qəbul edəcək.

Qanunvericiliyə edilən dəyişikliklərdə o da qeyd olunur ki, icra hakimiyyətinin yaşı 65-ə çatmış şəxsin işləmək müddətini hər dəfə bir il uzada bilməsi yalnız 5 il davam etdirilə bilər. Yəni 70 yaşadək. Özü də bu işçilərin cəmi 1 faizinə şamil edilə bilər.

“ƏGƏR BU QANUN DA ELƏ İŞLƏYƏCƏKSƏ...”

Keçmiş millət vəkili, professor Cəmil Həsənli isə diqqəti dəyişikliklərdəki istisnalara yönəldib deyir ki, Azərbaycanda qanunlar ya nəyisə kiməsə vermək, ya da nəyisə kimdənsə almaq üçün qəbul edilir. Onun fikrincə bu məsələdə də həmin prinsiplərə uyğun nəsə olmamış deyil. Məsələn “Milli Məclisə seçkilər haqqında” qanuna görə səlahiyyət sahibləri deputat seçildikdə öz vəzifələrindən imtina etməlidirlər. Halbuki hazırda deputatlar arasında yetərincə vəzifə sahibləri var.

“Əgər bu qanun da elə işləyəcəksə, onda onun heç bir mənası yoxdur. Görünür, bunu kimin üçünsə nəzərdə tutublar. Ona tətbiq edəcəklər. Amma qalanlarına münasibətdə məlum deyil işləyəcək ya yox”.

Cəmil Həsənli deyir ki, hər halda indiki sistem ilə 65 yaşlı adamı pensiyaya göndərmək, onu ölüm qapısına yaxınlaşdırmaq deməkdir.
XS
SM
MD
LG