Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

«Nabucco»: kim kimə təzyiq edir?


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyir ki, Azərbaycan öz qazını Avropaya «Nabucco» layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən başqa marşrutlar vasitəsilə də çıxara bilər:

«Hər şey ola bilər, layihələr çoxdur və heç birini kənara qoya bilmərik. Digər marşrutlarla yanaşı, «Nabucco» layihəsinin iştirakçıları da öz şərtlərini və imkanlarını hazırlayırlar. Biz bunların arasından seçim edəcəyik».

Rövnəq Abdullayev belə deyir.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə bu günlərdə demişdi ki, beynəlxalq aləm «Nabucco» layihəsində güzəştlər əldə etmək üçün Azərbaycana təzyiq göstərir.

Bu bəyanatların ortaya çıxmasına rəvac verən nədir - Azərbaycanın iqtisadi, ya siyasi maraqları?

AZƏRBAYCAN O QƏDƏR SADƏLÖVH DEYİL Kİ...

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Azərbaycan rəsmilərinin bu cür bəyanatlar verməsinin arxasında əsasən iqtisadi maraqlar dayanır. Qərb doğrudan da Azərbaycandan kommersiya güzəştlərinə nail olmağa çalışır. Ancaq Azərbaycan öz qazını yalnız «Nabucco» ilə nəql etmək barədə heç kimin qarşısında öhdəlik götürməyib. Xüsusilə müxalifət qəzetləri belə bir fikir formalaşdırıblar ki, Azərbaycan öz qazını yalnız «Nabucco» ilə nəql etməsə, öz gələcəyini şübhə altına qoymuş olacaq. Amma İlham Şabanın fikrincə,
İlham Şaban

bu, tamamilə yanlış fikirdir:

«Bu, BTC məsələsi deyil. Azərbaycan qazının bir boru kəməri ilə nəql edilməsi onun gələcəyini şübhə altına qoymuş olardı. O cümlədən də «Nabucco» ilə. Azərbaycan o qədər də sadəlövh deyil ki, kiminsə yaxşı gəlir əldə etməsi üçün bütün resurslarının ancaq bu boru kəməri ilə ixracı haqda qərar qəbul etsin və öz maraqlarının üstündən xətt çəkmiş olsun».

TƏZYİQLƏR VAR

İlham Şaban deyir ki, «Nabucco» layihəsinə daxil olan şirkətlər boru kəmərinin maliyyələşdirilməsində və qazın ucuz satılmasında Azərbaycanın güzəştə getməsi üçün Avropanın siyasi dairələri vasitəsilə bu ölkəyə təzyiqlər etdirirlər. Və hər şey Azərbaycanın bu təzyiqlərə nə dərəcədə davam gətirməsindən asılı olacaq.

«Nabucco» qaz kəməri Xəzər hövzəsindən təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), BOTAŞ(Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Ərəstun Oruclu

Kəmərin nəqletmə gücü ildə 31 milyard kubmetr olacaq. Onun vasitəsilə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin uzunluğu 3 300 kilometr, ümumi dəyəri 8 milyard avroya yaxındır.

ƏSL SƏBƏB SİYASİ MARAQLARDIR

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, bu bəyanatların arxasında siyasi maraqlar dayanır. Çünki iqtisadi maraqlar baxımından məsələyə yanaşılsa, Azərbaycan qazının yeganə alıcısı Qərbdir. Arada bəzi müqavilələr imzalasalar da, nə Rusiya, nə də İran Azərbaycandan qaz alan deyil. Qərb etibarlı və ödəniş qabiliyyətli alıcıdır:

«Hesab edirəm ki, bunun arxasında siyasi səbəb dayanır. Məqsəd bir növ Qərbə təzyiq etməkdir ki, o, Azərbaycan qarşısında qaldırdığı tələblərdən geri çəkilsin, müəyyən güzəştlərə getsin. Azərbaycan hakimiyyəti demokratik inkişaf ənənələrini öz təbirincə davam etdirsin. Özü də burada söhbət təkcə «Nabucco»dan getmir. «Qoşulmayanlar hərəkatı»na Azərbaycanın üzv olmaq məsələsi, beynəlxalq təşkilatların ünvanına tənqidlər kimi addımların arxasında iqtisadi deyil, siyasi amil dayanır».

Ərəstun Oruclu istisna etmir ki, Azərbaycanın bu cür davranışı Rusiyanın da siyasi maraqlarına uyğundur. İrana gəlincə, politoloq deyir ki, bu, inandırıcı deyil. Çünki hazırda İranın başı daha çox öz daxili problemlərinə qarışıb.
XS
SM
MD
LG