Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Əli Əkbər: "Bu tənqidlər paxıllıqdan doğur"


Əli Əkbər
Əli Əkbər
Yazıçı Əli Əkbərin “Amneziya” romanının “Oxu zalı”nda tənqidçilərin iştirakı ilə müzakirəsi başa çatdı. Ənənəmizə uyğun olaraq sonda yazıçıya da tənqidlərə münasibət bildirmək imkanı yaradırıq.

Əli Əkbər deyir ki, bəzi tənqidləri obyektiv saysa da, bir çox hallarda özünə və romanına qarşı qərəzli münasibət hiss edib.



- Mən tənqidlərdə ümumi bir tendensiya görmədim. Hərçənd demək olar ki, bütün yazılarda qırmızı bir xətt kimi keçən məqam da vardı. O da bundan ibarətdi ki, bu adam (yəni mən) romanın nə demək olduğunu bilir, janra bələddir.

- Yəni özünüzdə də əminlik yarandı ki, əvvəlki romanlarınızdan fərqli bir şey yazmısınız...

- Yox, bilirsiz, şübhəsiz ki, əgər mənim yazdığım əsər əvvəlkilərdən keyfiyyətcə fərqlənmirsə, deməl mən onu boşuna yazıram. Onda nə mənası olardı yazmağın?

- Bu sualı ona görə verdim ki, ədəbi dairələrdə belə bir fikir var: Əli Əkbər PR mütəxəssisidir və ilk romanları, o cümlədən “Artuş və Zaur” daha çox özünü reklama yönəlmişdi... Bu fikirlə razısınızmı?

- (gülür – R.Q.) O bəyəm qadağandır? Tutaq ki, lap elədi, nə dəxli var? Belə şeylər söz konusu olmamalıdır. Önəmli olan yazdıqlarımın keyfiyyətidir.

Ona baxsınlar. Görsünlər ki, əsərlə cəmiyyətə verdiyim mesaj nədir? “Artuş və Zaur” haqqında bəziləri PR-filan deyirlər, amma mən onu çox ciddi əsər hesab edirəm.

Düzdür, Seymur Baycan özünün yen romanında – “Quqark”da Qarabağ münaqişəsinə çox fərqli prizmadan yanaşıb. Amma “Artuş və Zaur” da çox orjinal yanaşmadır.

Yəni “Quqark”dakı sülhməramlılıq missiyası “Artuş və Zaur”da da var. Əlbəttə ki, mənim romanımda ironiya, epataj, acımasız, qəddar yumor, sarkazm var.

Mesaj budur ki, iki xalqın kişiləri bir-birini qıranda bu ayıb deyil, amma bir-birini öpəndə, sevişəndə ayıbdır?

Amma mən bir başqa məqama toxunmaq istəyirəm. Azadlıq Radiosu Azərbaycanda seçilən, obyektivliyi şübhə doğurmayan bir radiodur.

Onun iş prinsipləri Qərbin demokratik dəyərlərinə əsaslanır. Amma mənə qəribə gələn odur ki, (bu haqda dostlarla da söhbət etmişik) niyə sizin radio sovet ənənəsiylə tənqid yazan şəxslərə etibar edir?

Yəni bir növ o ənənəni davam etdirir. O ənənə əslində ölməkdədir. Azərbaycanda bu gün bir köşə yazarının kitab haqqında təqdimatı daha mötəbərdir, nəinki hansısa tənqidçinin yekə bir yazısı...

- Fikriniz aydındır. Mən də onu deyim ki, tənqidçilərin çoxu yaşlı nəslin nümayəndələridir, gənc tənqidçilər isə çox azdır.

Ona görə də Azadlıq Radiosu burada plüralizm prinsipi ilə ən müxtəlif mövqelərə sahib tənqidçilərə yer verir ki, bununla hansısa əsərin hərtərəfli təhlilinə nail olsun.

“Oxu zalı”ndakı müzakirə zamanı “Amneziya” haqqında səslənən tənqidlərdən biri də əsərin, ümumiləşdirilmiş formada desək, dərinliyinin, alt qatlarının azlığı ilə bağlı oldu.

Bu məqama Nərmin Kamal da öz yazısında xüsusi toxundu. Razılaşırsınızmı ki, sizin yaradıcılığınızda ilk növbədə hansısa mübahsəli məqamlara toxunub oxucunun diqqətini cəlb etmək istəyi var?..


- Ədəbiyyata dəxli olmayan, ədəbiyyatdan çox-çox uzaq olan, amma yaxşı oxucu olan bir yaxın dostumuz Nərmin Kamalın “Aç, mənəm” kitabını oxuyandan sonra bir söz dedi.


Dedi ki, mən kitabı oxudum, mənə elə gəldi ki, kitabı yazanın 75 yaşı var, Nobel, Pulitzer, Booker mükafatlarını alıb, Monqolustan da daxil olmaqla dünyanın 712 mükafatına layiq görülüb, indi də yekunda bu kitabı yazıb ki, gəlin mən sizə bir ağıl öyrədim. Bu, dostumun sözləri idi.

Həqiqətən də bir kolleqa kimi onun bu qədər kin, nifrətlə dolu olması məni çox təəccübləndirdi. Yəni onu bir az gizlədə, malalaya bilərdi.

O ki qaldı dərinliyə, Patrik Züskindin “Dərinlik” adlı bir hekayəsi var.

Bir gənc rəssam qızın sərgisi olur. Bir adam onun əsərlərinə baxır və deyir ki, “Xanım, gözəldi, amma dərinlik yoxdu”. Rəssam qız bundan depressiyaya düşür, yemir-içmir, axırda özünü qüllədən atır. Onun haqqında nekroloq çıxır.

Hekayənin müəllfi yazır ki, gənc rəssam öldü, amma heç kim, o cümlədən dostları, yaxınları bilməyəcəklər ki, o qızı intihara sövq edən gerizəkalı bir adamın “Xanım, gözəldi, amma dərinlik yoxdu” kimi mənasız sözü olub.

İndi mən də - intihar etmək fikrində deyiləm.

- Siz Nərmin Kamalın romanı haqda dediniz, amma o sizin əsəriniz haqda yazıçı kimi yox, tənqidçi kimi söz deyib...

- Nərmin Kamal harda dərinlik axtarır, axı onun özümü dərindir, əsərlərimi dərindir, o, ədəbiyyatmı bilir?

- Başqa bir irad da əsərin dili ilə bağlıdır. Bu məqam üzərində daha çox Cavanşir Yusifli dayanıb. Etiraf edirsinizmi ki əsərdə dil qüsurları var?

- Cavanşir Yusiflinin yazısında bir misal yoxdur ki, bax bu cümlə Azərbaycan dilində deyil.

Yəni mən də havadan deyə bilərəm ki, filankəsin dili qüsurludur, amma misal göstərmək lazımdır axı. Dil xətaları hətta Dostoyevskidə də var. O, “Cinayət və cəza”da yazır ki, “V tsentre komnatı stoyal kruqlıy stol ovalnoy formı”. Yəni otağın ortasında oval formalı yuvarlaq masa vardı...

Əslində bu redaktorların işidir - orfoqrafik və s. səhvləri düzəltmək. Kitab “Qanun” nəşriyyatında çıxdığı üçün orda kifayət qədər səhvlər var.

Amma Cavanşir Yusifli əsərin dilini tənqid edirsə, ən azı 3-5 misal çəkməli idi. Ümumiyyətlə, mən onu tənqidçi kimi qəbul etmirəm.

Hesab edirəm ki, o, sifarişlə yazır. 15 yaşlı uşağın yazdıqlarını, mənasız yazıçıların əsərlərini tərifləyən, göylərə qaldıran tənqidçi mənim yazdıqlarıma qiymət verəsi adam deyil.

- Haqqınızda səslənən heç bir tənqidi qəbul etmirsiz? Nəyi qəbul edirsiz?

- Nəyi qəbul edirəm?.. Əvvəla Tehran Əlişanoğlunun yazdıqları ilə bağlı da fikrimi deyim. Mənim yazdıqlarıma “əndrəbadi kompazisyon” deyir, amma öz yazdıqları o qədər darıxdırıcıdır ki...

Əgər bu adam iddia edirsə ki, Azərbaycan dilinin daşıyıcısıdır, onda qoy desin, onun yazdıqları Azərbaycan dilidirmi? Elə də yazın. Mən onun yazdıqlarından heç nə başa düşmədim.

- Bəs nəyi qəbul edirsiz?

- Əvvəla, İradə Müsayevanın yazısı məni yaxşı mənada təəccübləndirdi.

Mənim əsərimi bir çox nöqteyi-nəzərdən qüsurlu adlandırsa da, onun tənqidini çox bəyəndim. İradə xanımın yazısında mən səmimiyyət duydum, qərəz görmədim.

Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Nərmin Kamal kimi qərəz və qısqanclıq görmədim. Paxıllıqdan doğan nifrətdir bu. Amma İradə xanım əsəri oxuyub, nəyi bəyənibsə, yazıb ki bəyəndim, nəyi bəyənməyibsə, yazıb ki, filan-filan səbəblərə görə bəyənmədim.

Yaxud Elnarə Tofiqqızının yazısı. Azadlıq Radiosuna təşəkkür edrəm ki, mən belə bir insanı tanıdım.

Əvvəl mən belə bir adamın mövcudluğundan xəbərsiz idim. Hər dəfə yazılarında məni yaxşı mənada təəccübləndirir. Amma başqa tənqidçilərdən fərqli olaraq Elnarə xanım çox obyektiv yazıb, ruslarda bir söz var “razlojila po poloçkam”.

Əli Əkbər

Yəni muncuq kimi düzüb. Hiss olunur ki, ədəbiyyatı bilən adamdır.

- Amma onun yazısında da kifayət qədər tənqidlər vardı, məsələn, baş qəhrəmanın yuxarılara nifrəti əsərdə yetərincə əsaslandırılmır və s...

- Mən Elnarə xanımın əsərim haqqında bütün tənqidlərilə ümumən razılaşıram.

Qoy oxucular buyurub oxusunlar, o elə bir yazı yazıb ki... əslində yıxıb sürüyüb məni. Bilirsiniz, ədəbiyyat incəsənətin başqa növlərindən fərqli olaraq gəncə böyük uğur qazanmaq şansı tanımır.

Mən ədəbiyyat deyəndə nəsri nəzərdə tuturam. Bir nasirin gənc yaşda uğur qazanması mümkün deyil.

Yəni buyurun, göstərin, bir ad çəkin. Poeziyanı demirəm ha. Çünki mən bunu kimə deyirəm, Yesenini-filanı misal çəkir. Nəsrdən söhbət gedir. Mənə gənc yaşlı bir adam göstərin ki, şedevr yaradıb.

- Məsələn, Şoloxov - “Sakit Don” ...

- Hətta bir-ikisini tapsanız da, istisna hallar ümumi qaydanı pozmayacaq. Buyurun Nobel mükafatçıları arasında mənə bir gənc gösərin.

Yəni məncə, 30 yaşında bir adamın möhtəşəm bir roman ortaya qoyması mümkün deyil. Gənc yaşda dünyaca məşhur aktyor, müğənni, rəssam, bəstəkar, fotoqraf ola bilərsən, amma nasir ola bilməzsən.

Elnarə Tofiqqızının yazısını oxuyanda mən elə bildim ki, o, ürəyimi oxuyub, özüm barədə nə tənqidi qeydlərim varsa, onları hiss edib, halbuki heç bir tanışlığımız yoxdur. Amma sanki yanaşı oturmuşuq, mən demişəm, o yazıb. Yenə deyirəm, mənim romanımı maddələrlə - 1,2,3,4,5... yıxıb sürüyüb.

Mən hesab edirəm ki, o öz üzərində işləməyə davam etsə, Azərbaycan ədəbiyyatşünaslığının gələcəyi həm də onunla bağlı olacaq.

- Necə hesab edirsiz, bu tənqidlərdən hansısa sizə növbəti romanların yazılmasında kömək edə bilər?

- Qismən İradə Musayevanın yazdıqları. Amma Elnarə xanımın yazısından mən özümçün çox dərs çıxardım. Mənim özümün yaradıcılığım haqqımda bəzi əndişələrimi doğrulamış oldu. Bu cür kənardan baxış mənim üçün çox faydalı olacaq.

- Və sonda. “Amneziya” romanını xaricdə çap etmək fikriniz varmı?

- Rus dilinə tərcümə edilsə də, “Amneziya”nı mən daha çox daxili bazara hesablanmış əsər sayıram. Bəlkə MDB məkanında maraqlı oldu.

- Ruscaya tərcümə bitibmi?

- Bitib. İndi redaktədədir.

- Harada çap etməyi planlaşdırırsız?

- O hələ bilinmir. Tam hazır olandan sonra təcüməni Rusiyadakı nəşriyyatların birinə təklif edə bilərik. Bəlkə çap etməyə razılaşdılar. Amma mənim buna böyük ümidim yoxdur.

- Romanı kim çevirib, bilmək olarmı?

- Tərcüməçi adının çəkilməsini istəmir. Bir xanımdı, peşəkar tərcüməçi deyil, amma gözəl tərcümə edib.

Həmçinin oxu
Əli Əkbər "Amneziya" (Romandan parça)
İradə Musayeva. Ədəbiyatımızda travmatik amneziya sindromları
Çingiz Hüseynov. "Amneziya"ya dair
Tehran Əlişanoğlu. Amneziyadan ayılanda
Nərmin Kamal. Düymələri qoparan
Cavanşir Yusifli. Xəlbir saman içində...
Elnarə Tofiqqızı. Son illərin azsaylı maraqlı romanlarından biri
XS
SM
MD
LG