Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:46

Biz nə vaxt güclü oluruq?


Gürcü folklor qrupu "Dedaena" (Ana Dili) Tbilisidə çıxış edir, 14 aprel 2010
Gürcü folklor qrupu "Dedaena" (Ana Dili) Tbilisidə çıxış edir, 14 aprel 2010

«Azərbaycan mədəniyyəti ona görə zəngindir ki, ölkədə çoxsaylı xalqlar yaşayır və bu xalqlar öz dilini, folklorunu, adət-ənənəsini qoruyub saxlayır və dövlət bu məsələdə onlara yardım göstərir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bakıda keçirilən milli azlıqların 3-cü Respublika festivalı nəyi hədəf götürüb» mövzusunda gerçəkləşdirdiyi söhbətə qoşulan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev söylədi.

MİLLİ ZƏMİNDƏ PROBLEM OLMAYIB

Onun sözlərinə görə, Azərbaycan tolerant, beynəlmiləl bir dövlətdir: «Hələ Sovetlər dönəmindən öncə də burda çoxsaylı xalqlar yaşayıb. Onların arasında min illərlə burada yaşayanlar da olub - məsələn, ləzgilər, talışlar, saxurlar, udinlər. Eyni zamanda neftin inkişafı ilə bağlı Azərbaycana pənah gətirmiş xalqlar olub, tatarlar, ruslar, ukraynalılar, polyaklar və s. Azərbaycanda heç vaxt milli zəmində problem olmayıb. Hesab edirəm ki, bu, Azərbaycanın nailiyyətidir, xalqımızın digər millətlərin dilinə, mədəniyyətinə hörmətinin təzahürüdür».

İLK FESTİVAL 2006-CI İLDƏ KEÇİRİLDİ

2006-cı ildə azsaylı xalqların, milli azlıqların festivalının keçirilməsi barədə qərar qəbul etdiklərini deyən nazirlik rəsmisi həmin il festivalda 20-dən çox xalqın mədəniyyət mərkəzlərinin iştirak etdiyini bildirdi: «Biz azsaylı xalqlara həsr olunmuş fotosərgi təşkil etdik. Xalqların həyatına, məişətinə həsr olunmuş elmi-praktik konfrans keçirdik. Professor musiqişünas Tariyel Məmmədovun rəhbərliyi ilə hazırlanmış «Azərbaycan etnik musiqisi» albomunu Türkiyədə çap etdirdik».

FESTİVAL İKİ İLDƏN BİR OLACAQ

Fikrət Babayev ikinci festivalın 2008-ci ildə baş tutduğunu dedi və bundan sonra hər iki ildən bir bu festivalın keçiriləcəyi barədə qərar verdiklərini açıqladı: «Üçüncü festivalı bu il gerçəkləşdirdik. Hal-hazırda Opera və Balet Teatrında bədii kollektivlərin çıxışları var, sabah da davam edəcək. Əslində bu çıxışlar Sarabski adına Mədəniyyət Evində ayın 9-dan başlayıb. Kollektivlər çox olduğundan hamısını yekun konsertinə çıxarmaq mümkün deyil. Seçim edirik. Ayın 17-də ən yaxşıları Opera və Balet Teatrında yekun konsertində çıxış edəcək».

SABAH DƏYİRMİ MASA QURULACAQ

Fikrət Babayev sabah - iyunun 16-da dəyirmi masa qurulacağını da diqqətə çatdırdı: «Muzey mərkəzində həm dövlət orqanlarının nümayəndələri, həm alimlər, həm də ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin rəhbərləri «Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzusunda fikir mübadiləsi aparacaq. Alimlər çıxış edəcək. Yevda Abramov, Mixail Zabelin (yəhudi və rus icmalarının təmsilçiləri - red.) masaya qatılacaq. Nailiyyətlər və problemlər barədə söhbət açılacaq. Açıq fikir mübadiləsi olacaq».

BU DƏFƏ DƏ DİSKİN TƏQDİMATI GÖZLƏNİLİR

F. Babayev bu il daha bir diskin işıq üzü gördüyünü xəbər verdi: «Təqdimatı sabah Dəyirmi Masada gerçəkləşəcək. Bu disk də Tariyel Məmmədovun rəhbərliyi ilə çıxıb. «Azərbaycanda yaşayan xalqların mahnıları» adlanır. Diskdə Azərbaycan mahnıları da yer alıb. Əslində festivalın devizi də «Azərbaycan - Doğma diyar»dır. Demək istəyirik ki, Azərbaycan burada yaşayan hər bir xalqın vətənidir. Bir-birimizə hörmətlə, bir ailə şəklində yaşayırıq».

15 RAYONDAN İŞTİRAKÇILAR QATILACAQ

Festivalda əsəsən Bakıda fəaliyyət göstərən bədii kollektivlərin iştirak etdiyini deyən Fikrət Babayev Azərbaycanın 15 rayonundan da musiqi qruplarının qatıldığını dedi: «Hesab edirik ki, 800 nəfərə yaxın adam, 40-dan çox kollektiv olacaq. Şimal bölgəsindən - Şabrandan, Qubadan, Qusardan, cənub bölgəsindən - Astara, Lənkəran, Lerikdən gələnlər olacaq. Saatlıdan Mesxeti türkləri iştirak edəcək. Zaqataladan avarlar, saxurlar, ingiloylar, Balakəndən avarlar, Qaxdan gürcülər, Şəkidən həm ləzgilər, həm də avarlar gələcək. Onu da deyim ki, festivalın baş rejissoru Cənnət Səlimovadır».

BU, AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN BAYRAMIDIR

Qonağımız ümid etdiyini bildirdi ki, azsaylı xalqların İncəsənət Festivalı böyük bir mədəniyyət hadisəsinə çevriləcək: «Həm TV kanallar, həm də KİV-lər bu festivala böyük diqqət yetirirlər. Mən hesab edirəm ki, bu bir bayramdır. Azərbaycanda yaşayan bütün xalqların bayramıdır. Biz bir ailə olduğumuzu, bir Vətəni paylaşdığımızı, mehriban yaşadığımızı göstəririk. Bir-birimizin tarixinə, adət-ənənələrinə hörmət edirik və bununla Azərbaycan mədəniyyətini zənginləşdiririk».

QEYRİ-MADDİ İRSİN DÖVLƏT REYESTRİ HAZIRLANIR

Fikrət Babayev hazırda nazirlikdə qeyri-maddi irsin dövlət reyestrinin hazırlandığını bildirdi. Reyestrə Azərbaycanda yaşayan bütün xalqların qeyri-maddi irs nümunələrinin daxil ediləcəyini vurğuladı: «Bu da, irsin saxlanılması, inkişaf etdirilməsi üçün bir qarantdır. Bu işlər davam etdirilməlidir. Biz bununla güclüyük—bir-birimizə hörmətlə, diqqətlə» - dedi.
XS
SM
MD
LG