Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:01

Bazarlarda meyvə tərəvəz niyə bahadır?


3 manat ərik
3 manat ərik
- 5 manat şaftalı, 3 manat ərik, 3 manat gilas, camaat alırmı?

- Hə, alırlar, amma varlılar alır, kasıblar baxa-baxa gedirlər.

Bakı bazarlarında Azərbaycanda olan və olmayan bütün meyvə, tərəvəz məhsullarına rast gəlmək olar. Amma qiymətlərdən alıcı da narazıdır, satıcı da. Satıcı Gülnaz Bədəlova deyir ki, ötən il qiymətlər bu ilkindən yarıbayarı ucuz idi:

«Bahalıqdır, çox bahalıqdır. Armudun bir kilosu 3-5 manata. Onu kim alıb yeyər? Alçanın kilosu 2 manatdır. Onu almaq olurmu heç?».

10 illik satıcılıq təcrübəsi olan Gülnaz Bədəlova meyvə-tərəvəz mövsümündə qiymətlərin kəllə-çarxa çıxmasını bir səbəblə, nəzarətsizliklə izah edir:

«Bazarın, yerin yiyəsi yoxdur. Kim necə istəyir elə satır. Bir sözlə, hökumət heç nəyə nəzarət etmir».

Bazardakı tanışlarından nisyə xiyar-pomidor alan Mahmud Həsənov isə baha olduğundan hələ ki, gilas, ərik kimi meyvələrin dadına baxmayıb. Ümidini qiymətlərin lap aşağı düşəcəyi günə bağlayıb.

AVROPA İLƏ QİYMƏT VƏ MAAŞ MÜQAYİSƏSİ

Mahmud Həsənov deyir ki, rəsmilər çox zaman Azərbaycandakı qiymətləri Avropadakı qiymətlərlə müqayisə edirlər, amma nədənsə o ölkələrdəki maaş və təqaüdlə müqayisə aparılmır.

Avropadan söz düşmüşkən, Böyük Britaniyada almanın 1 kiloqramı 1 manat 90 qəpik, pomidor 2 manat, xiyar 2 manat 55 qəpik, gilas 7 manat 50 qəpik, ərik 9 manatdır. Bu ölkədə ən aşağı aylıq əməkhaqqı isə 1200-1400 manat arasıdır.

Nazirlik rəsmisi hesab edir ki, ötən ilin indiki dövrü ilə müqayisədə ciddi qiymət fərqi yoxdur
Azərbaycanda qarpızın 1 kiloqramı 1 manat 50 qəpik olsa da, Çexiyanın paytaxtı Praqada 35 qəpik, ən yaxşı alma 1 manat 20 qəpikdir. Azərbaycan bazarlarında 2 manatdan ucuz alma yoxdur.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 10 GÜNƏ UCUZLUQ OLACAĞINI PROQNOZLAŞDIRIR

Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, əksinə, indi qiymətlər may ayı ilə müqayisədə 50 faiz ucuzlaşıb.

Nazirliyin Mətbuat katibi Murtuzəli Hacıyev deyir ki, təxminən 10 gün sonra gilas və digər çəyirdəkli meyvələrin qiymətində 50-80 qəpik ucuzlaşma gözlənilir. Yerli meyvə məhsulları bazara yenicə çıxmağa başlayıb:

«Hələ bu kütləvi çıxım deyil. Ona görə qiymətlər yüksəkdir. Yəni, məhsulların kütləvi yetişmə dövrü var. Bir həftə -10 gündən sonra çoxalma və ucuzlaşma müşahidə olunacaq».

Nazirlik rəsmisi hesab edir ki, ötən ilin indiki dövrü ilə müqayisədə ciddi qiymət fərqi yoxdur. O, meyvə-tərəvəz qıtlığı ilə bağlı narahatlığa da əsas görmür. Deyir bütün sahələr üzrə ötən ilkindən artıq məhsul proqnozlaşdırılır:

«Misal üçün, kartof tələbatdan iki dəfə çox istehsal olunub. Tələbat 400 min tondur, amma 900 min ton kartof istehsal olunub».

Bakıdakı «Yaşıl bazar»ın direktoru Məhərrəm Rəcəbov da bahalığın müvəqqəti olduğunu deyir:

«Bir həftə -10 gündən sonra çoxalma və ucuzlaşma müşahidə olunacaq»
«İndi 4 manata aldığın gilası sabah 3 manata ala biləcəksən, hətta 2 manata belə olacaq, mövsümün əvvəlində 10 manata idi».

YERDƏYİŞMƏNİN YARATDIĞI QITLIQ VƏ BAHALIQ

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov kənd təsərrüfatı məhsullarının mövsüm dövründə belə baha olmasını mənfi hal kimi dəyərləndirir. Deyir adamların alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, qiymətlərin günbəgün bahalaşması ilk növbədə ölkədə ticarətin anormallığı ilə bağlıdır:

«Ticarət obyektləri həddindən artıq çoxdur. Mal həmin obyektlərə bölünəndə, az görünür, qıtlıq yaranır. Hər bir ticarət obyektinin sahibi də gəlir əldə etmək istəyir. Dövriyyə az olduğundan sahibkar pul qazana bilmir və məcbur olub satdığı malın qiymətini qaldırmaqla gəlir əldə etmək istəyir. Bu səbəbdən də bahalıq yaranır».

Vahid Məhərrəmova görə, kənd təsərrüfatı gəlirli sahə olmadığından, bu sahədə çalışanların çoxu tikinti və ticarət sektoruna üz tuturlar. Bu yerdəyişmə də qıtlıq və bahalaşmaya səbəb olan əsas amillərdən biri sayıla bilər.
XS
SM
MD
LG