Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:16

Gəl, ay turist, gəl


Nabran çimərliyi
Nabran çimərliyi
«İyunun 15-dən avqustun sonlarına qədər buralar qonaq-qaralı olur. Turistlər çox gəlir. Ona görə də biz yay fəslini çox sevirik. Sərfəlidir, gələn turistlər yer istəyir, biz də ev-eşiyi göstəririk».

Dincəlmək üçün çoxlarının üz tutduğu Xaçmaz rayonu Nabran kəndinin sakini Arif Şahmuradov üçün turizm mövsümü başlayıb. Qışın axırından ev-eşiyini səliqə-sahmana salıb, əyər-əskiyini düzəldib ki, gələnlər onun evində daha çox qalsınlar.

Bu həftə elə bütün Azərbaycan ərazisində yay turizm mövsümünə start verilib. Üstəlik, bu il Azərbaycanda Turizm ili elan olunub.

HƏLƏ QİYMƏT AŞAĞI SALINIB, YENƏ BAHAÇILIQDIR

Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun rəhbəri Vüqar Şıxməmmədov jurnalistlərə deyib ki, regionlardakı iri turist bazaları xidmət haqlarını 15% ucuzlaşdırıb. O deyib ki, «bunun da kiçik turist bazalarının işinə təsir edəcəyinə əminik».

Ancaq Azərbaycanın istirahət yerlərində dincəlmək istəyənlər bundan əvvəlki illərdə olduğu kimi, yenə qiymətlərin baha olmasından şikayətlənirlər. Bakıdakı turizm şirkətlərinin birindən çıxan Ədalət Babayev deyir ki, Quba-Qusar zonasındakı istirahət yerlərindəki qiymətlərlə maraqlanıb. Ancaq təklif olunan qiymət onu razı salmayıb:

«Bir günün qiyməti 50 manatdır. Hələ günü 120-150 manat olanları da vardı».

«Mən də soruşmuşam. Ailəmə görə çox bahadır, deyəsən, bu yay dincəlməli olmayacağıq». Qiymətin baha olmasına görə istirahətindən vaz keçən Gülbəniz Məmmədova məktəb müəlliməsidir. Deyir ki, 250 manatlıq müəllim maaşı ilə Qəbələdə ona təklif olunan günü 70 manatlıq istirahət yerini heç cürə uzlaşdıra
Şəki - Yuxarı karvansara
bilməyib.

QİYMƏT ONA GÖRƏ BAHADIR Kİ...

Turizm şirkətləri nümayəndələri deyirlər ki, ölkə daxilində dincələnlər daha çox Quba, Xaçmaz, Qax, Zaqatala, Qəbələ, Şəki, Balakən rayonlarındakı istirahət yerlərinə üstünlük verirlər.

Zaqatalada turizmlə məşğul olan Zülfüqar Qurbanov deyir ki, o, qiymətlərin baha olması ilə bağlı deyilənlərlə razıdır. Bunun səbəbini iqtisadiyyatın zəif olması, rəqabətin olmaması ilə izah edir:

«Turizmin inkişafında əhalinin yaşayış səviyyəsi böyük rol oynayır. Biz isə bu sahədə böyük çətinliklər çəkirik. Türkiyənin Qara dəniz sahillərindəki turizm obyektləri ilə müqayisədə bizdəki turizm obyektlərindəki xidmətlər bahadır. Xüsusilə regionlarda iqtisadiyyat inkişaf etməlidir. Biz əsas kənd təsərrüfatı məhsullarını kənardan gətiririksə, necə ola bilər ki, xidmətlər ucuz başa gəlsin?».

DİNCƏLMƏYƏ HARA GEDİRLƏR?

Turizm şirkətlərindən verilən məlumata görə, azərbaycanlılar xarici ölkələrdən daha çox Türkiyənin istirahət yerlərinə, keçmiş sovet məkanında isə Yesentuki, Kislovodska üz tuturlar.

Turizm şirkətində çalışan Qoşqar Xəlilov sonuncu istirahət yerlərindəki qiymətlər haqqında bunları deyir:

«Bir adam üçün bir günlük qiymət 70-80 manat arasındadır. Bura gündə 3 dəfə müalicəvi yemək, müalicənin özü və sanatoriyada qalmaq xərcləri daxildir. Təyyarə bileti, gediş-gəliş 315 manatdır».

Türkiyə - Antalya, 26 iyun 2007
Son vaxtlar Türkiyənin kurort şəhərlərinə təyyarə biletlərinin qiyməti qalxıb. Belə fikirlər var ki, bu, həmin ölkəyə gedən turistləri ölkədəki istirahət yerlərinə cəlb etmək üçündür. Mədəniyyət və Turizm Nazirliyində isə bu fikirlə razılaşmırlar. Nazirliyin şöbə müdiri Aydın İsmiyev deyir ki, bu, Türkiyədəki aeroport rüsumlarının və yanacağın qiymətinin bahalaşması ilə bağlıdır.

BAHALIQDAN NECƏ XİLAS OLMALI?

Bəs xarici gedə bilməyən, ölkə daxilində isə elə həmin qiymətə istirahət etmək istəməyən turist, turist kasadlığından əziyyət çəkən sahibkar nə etməlidir?

Ekspertlər müxtəlif yollar təklif edir. İqtisadçı ekspert Vüqar Bayramov çıxış yolundan biri kimi turist obyektlərinin sayının artırılmasında görür:

«Turist obyektlərini sayı çox olsa, qiymət də aşağı düşəcək».

Başqa bir iqtisadçı Məhəmməd Talıblı isə deyir ki, turizmlə məşğul olan sahibkarlara ilkin dövrdə güzəştlər olunmalıdır:

«Həmin şirkətlər müəyyən dövrdə vergidən azad olsalar, onlara güzəştlər olsa, dirçəlib inkişaf edə bilərlər».

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev deyir ki, hələ ki, güzəştlər haqqında düşünülmür. Nazirlik rəsmisi istirahət yerlərinin az olmasının qiymət bahalığına təsir etməsi fikrilə razılaşır:

«Əlbəttə, nə qədər otel çox olsa, qiymətlər də enər».

Nabranda evini kirayə verən Arif Şahmuradov isə başqa bir yol təklif edir. Deyir ki, ev turizmini inkişaf etdirmək lazımdır. Onun qonşuluğunda yerləşən istirahət yerləri bir gün üçün müştəridən 70-90 dollar alır. O və onun kimi evini kirayə verənlər isə 30-40 manat:

50-60 min turistin gələcəyi proqnozlaşdırılır
«Çox qalmaq istəyənlərə güzəştlər də olunur. Bu sahə inkişaf etsə, həmin otellər də qiyməti aşağı salar».

Rəsmi rəqəmlərə əsasən, keçən il Azərbaycandan 60-70 min adam xaricdə dincəlib. Ölkə daxilində dincələnlərin sayı isə 200 min nəfər olub.

GƏLƏN İL 60 MİN TURİST GƏLƏCƏK

«Eurovision» mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı gələn il Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir. Bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib:

«Almaniyaya 100 mindən artıq adam gəlmişdi. Almaniya Avropanın mərkəzidir, sözsüz ki, oradakı infrastruktur daha genişdir. Bizdə təxminən 50-60 min turistin gələcəyini düşünürəm».

Gələcək turistlərin harada yerləşdirilməsi mövzusu da aktualdır. Azərbaycana gələcək qonaqların yerləşdirilməsində problem olmayacaq. Hotellərlə yanaşı, Xəzər dənizindəki gəmilərdə yaradılan «full-hotel»lərdən də istifadə edilə bilər.

Bu haqda Azərbaycan Turizm Assosiasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, qonaqların yerləşdirilməsində problem olmasa da, onlara xidmət göstərmək üçün kadr hazırlığı aparılmalıdır.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, hazırda regionlarda 43 otel tikilir. Bakıda 6 beşulduzlu otel inşa edilir.
XS
SM
MD
LG