Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

Ramiz Rövşən. Kim deyir, yuxuda ölmək asandır?..


Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi .
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.

Kim deyir, yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.

Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.

Yuxuda ölməkdi ən rahat əcəl...
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!

Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.

Gecə qorxu çökər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.

Bəlkə heç yatmayaq -hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq -ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.

Amma yuxun gəlir -görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat... sabah oyanmaq ümidi ilə...
Yuxun şirin olsun -
uyu, əzizim...
XS
SM
MD
LG