Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Dünya Azərbaycanlılarının qurultayına kənardan baxış


Arxiv foto. İlham Əliyev.
Arxiv foto. İlham Əliyev.
İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilib.

Qurultaya Azərbaycan prezidenti də daxil olmaqla dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mətbuat, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan olan nümayəndələr qatılıblar.

AZƏRBAYCANI TÜRKİYƏDƏ TANIMIRLAR

«İki dövlət, bir millət» olmağımıza baxmayaraq, Azərbaycanı Türkiyədə tanımırlar. Ən böyük sıxıntımız budur. Yəni Türkiyədə Azərbaycanın güclü bir tanıdılmasına ehtiyac var».

Bunu qurultay öncəsi AzadlıqRadiosuna «İğdır Kültür Dərnəyi»nin Ankara başqanı Ənvər Türkoğlu deyib. Onun fikrincə, Türkiyədən Azərbaycana gələnlərdən viza tələb olunması burada diaspor işinə müəyyən əngəllər törədir.

Vahid Hüseynov isə qurultaya İtaliyadakı Azərbaycan diasporunun təmsilçisi kimi qatılıb. O deyir ki, İtaliyada diaspor işi 8 aydır qurulub:

«Hələ ki, İtaliyada o qədər də inkişaf etməmişik, yavaş-yavaş başlayırıq. Düzdür, təşkilatlar var idi, amma o qədər də çox tədbirlər keçirilmirdi. İndi səfirliyimizin köməyilə inkişaf edirik, bəzi tədbirlər həyata keçiririk».

DİASPOR TƏŞKİLATI MÜSTƏQİL OLANDA

Dünya Azərbaycanlılarının qurultayına dəvət almadıqları üçün gileylənənlər də var. İzmir Azərbaycan Kültür Mərkəzinin sədri Camal Məmmədxanoğlu AzadlıqRadiosuna deyib ki, Diaspor Komitəsi özünün əmrinə tabe olan təmsilçilər axtarır:

«Mən də azadfikirli bir insanam. Azərbaycan üçün durmadan çalışıram. Yəqin mənim məmur kimi çalışmamağım onlarda mənimlə ilgili müəyyən fikirlər ortaya çıxarır və ona görə dəvət etmirlər. İzmirdə başqa bir dərnək var. O, Diaspor Komitəsinə qulluq edən dərnəkdir. Onları çağırıblar. Komitədə belə yanlış bir fikir var, düşünürlər ki, diaspor təşkilatları bağımsız təşkilatlar olmamalıdır, mənim əmrimlə çalışmalıdır. Mən də o fikrə qarşı çıxdığımdan məni çağırmadılar...»

«BİR YUMRUQ KİMİ BİRLƏŞİN»

«Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb». APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında çıxışında deyib:

«Fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmaları və diplomatik nümayəndəliklər bir olmalıdırlar. Bəzən elə hallar olur ki, ziddiyyətlər ortaya çıxır. Buna son qoyulmalıdır. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha da güclü olmalıdır. Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklidə işləməlidir».

«AZƏRBAYCANLILARI İŞƏ GÖTÜRÜN»

Prezident İ. Əliyev xaricdəki iş adamlarına da müraciət də edib: «Ətrafınızdakı azərbaycanlılara da kömək edin, şirkətlərinizdə daha çox azərbaycanlıları işə götürün. Azərbaycan dövlət şirkətlərinin xaricdəki layihələrində daha çox azərbaycanlılar işlə təmin edilməli, o ölkələrdə azərbaycanlılara məxsus şirkətlər podratçı və digər formalarda bu layihələrə cəlb olunmalıdır».

Professor, filologiya elmləri doktoru Vaqif Arzumanlı qurultaydan yüksək təəssüratla ayrıldığını deyir:

«Mən istərdim ki, dünyanın bütün ölkələrində, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin qayğıları ilə nəfəs alsın. Bizim qayğılarımız, çətinliklərimiz də bütün dünyada məlumdur. İndiki halda bizim ən böhranlı vəziyyətimiz Dağlıq Qarabağ məsələsidir, torpaqlarımızın azad edilməsidir».

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, qurultaya 1272 nümayəndə seçilib. Ali tədbirdə dünyanın 42 ölkəsindən nümayəndə və qonaqlar iştirak edirlər.

Qurultaya müstəqil media jurnalistləri buraxılmayıb. Tədbirə jurnalistlər Prezident Administrasiyasının müəyyən etdiyi siyahı üzrə buraxılıblar.


XS
SM
MD
LG