Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

Bin Ladenin ailəsi Pakistanı tərk edə bilmir


Bin Laden
Bin Laden
Pakistanda Osama bin-Ladenin ölümü ilə nəticələnən ABŞ hərbçilərinin əməliyyatı ilə bağlı yaradılan komissiya deyib ki, ölkə rəhbərliyinin icazəsi olmadan Bin-Ladenin ailə üzvləri Pakistanı tərk edə bilməzlər.

Komissiya qərarını bu gün Daxili İşlər Nazirliyinə, Kəşfiyyat idarəsinə, Pakistanın media orqanlarına göndərib.

Mayın 2-də keçirilmiş əməliyyatdan sonra aralarında ən gənc həyat yoldaşı Amal Ahmed al-Sadahın da olduğu bin Ladenin arvadları və onun azı altı uşağı Pakistanın hakimiyyətinin mühafizəsində olub.

Amma hələ məlum deyil ki, güc strukturları bu qərara tabe olacaqlar, ya yox.

ABŞ-ın əməliyyatından az sonra Pakistan hakimiyyəti bildirmişdi ki, onlar bin-Ladenin qohumlarını öz ölkələrinə göndərməyə hazırlaşırlar.

Osama bin-Ladenin həyat yoldaşlarından ikisinin Səudiyyə Ərəbistanından, 29 yaşlı Sadahın isə Yəməndən olduğu güman edilir.

İyunun sonlarında verilən məlumatlara görə, Sadah Pakistanı tərk etmək istəyib. Yəmən və Səudiyyə Ərəbistanı mediası bildirmişdi ki, Sadahın öz qızı ilə vətəninə qayıtması Yəmənlə Pakistan rəsmiləri arasında razılaşdırılıb.

Məlumatlara görə, Sadah hücum zamanı yaralanıb və Pakistanda tibbi müayinə alıb.

Ali Ədalət Məhkəməsinin hakimi Javed İqbalın rəhbərliyi ilə komissiyanın 4 üzvü iyulun 5-də bağlı qapılar arxasında görüş keçirib.

Arxiv foto
KOMİSSİYA YÜKSƏK VƏZİFƏLİ MƏMURLARI DA DİNDİRƏ BİLƏCƏYİNİ DEYİR

Yeri gəlmişkən, komissiya araşdırır ki, dünyanın axtardığı terrorçu Pakistan hərbi akademiyasının olduğu Abbottabadda gizlənməyi necə bacarıb.

Bu həftənin ikinci günü yayılan açıqlamada komissiya bildirib ki, onların işi Osama bin Ladenin Pakistanda yaşaması ilə bağlı faktları aydınlaşdırmaq, ABŞ-ın Abbottabaddakı əməliyyatı zamanı vəziyyəti araşdırmaq, yol verilmiş səhvləri, o cümlədən, hakimiyyətin əlaqəsini müəyyənləşdirmək və vacib tövsiyələri ortaya qoymaqdır.

ABŞ hərbçilərinin əməliyyatı Pakistan hakimiyyətinin xəbəri olmadan həyata keçirməsi ikincini qəzəbləndirmişdi. Pakistan rəhbərliyi ABŞ-ın davanışını bu ölkənin müstəqilliyini pozmaq cəhdi kimi qiymətləndirmişdi.

Eyni zamanda, ABŞ-da bin-Ladenin Pakistanda gizlənə bilməsi ilə bağlı şübhəli məqamlar araşdırılır.

ABŞ rəsmiləri bildirib ki, onlar Pakistanın yüksək rütbəli hərbi və mülki məmurlarının bin-Ladenin yeri ilə bağlı məlumatlı olmasına heç bir dəlil tapa bilməyiblər.

Pakistan komissiyası isə deyib ki, zərurət yarandığı təqdirdə mülki, hərbi və siyasi liderlər təhqiqata cəlb oluna bilərlər. Komissiyanın açıqlamasında bildirilir ki, onların şəxsiyyəti gizli saxlanacaq.

XS
SM
MD
LG