Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:01

ABŞ-da yaşamaq arzusu necə puç oldu?


Arxiv şəkil
Arxiv şəkil

GREEN CARD UDAN AİLƏ...

İlya Smirnov bu il mayın 1-də bəxti gətirənlərdən biri olduğunu öyrənəndə sevincindən nə edəcəyini bilmirmiş. Əslən Sibirdən olan və müvəqqəti viza əsasında ABŞ-da yaşayan 26 yaşlı bu gənc hər il dünyanın müxtəlif ölkələrindən 50 minə qədər şəxsin Green Card udaraq ABŞ-da məskunlaşmasına şərait yaradan Müxtəliflik Lotereyasında iştirak üçün müraciət etmişdi.

O qaliblərdən biri olduğunu biləndə, 20 yaşlı ukraynalı həyat yoldaşı Olqa Leonova ilə birlikdə bəxtlərinin gətirməsinə inana bilmirlərmiş:

«Biz dəli kimi sevinirdik. Bütün gecəni yatmadıq. Səhəri gün ikimiz də işə gözləri qıpqırmızı getdik. O qədər sevinirdik ki, sevincimizdən iki gecə yatmadıq».

İlya Smirnov həmişə ABŞ-da yaşamaq xəyalı qururmuş. Ona görə də xoş xəbəri eşidən kimi anasına zəng edib ki, bəs, maşınmı və Moskvadakı evimi sat. Lakin onun sevinci çox çəkməyib. Xoş xəbəri alandan iki həftə sonra ABŞ Dövlət Departamentinin saytında belə bir məlumat yerləşdirilib: «Təəssüf hissi ilə sizə bildiririk ki, kompüter proqramındakı səhv üzündən 2012-ci il Müxtəliflik Lotereyasının nəticələri ləğv olunur».

İlya Smirnov xanımı Olqa Leonova ilə
Bu hadisə təkcə Smirnovun başına gəlməyib. Onun kimi daha 22 min adama əvvəlcə udmaları, sonra isə səhv olması haqqına məlumat verilib. Onlar arasında Moskvada yaşayan dövlət qulluqçusu, Ukraynadan olan hüquqşünas, Afrikadan olan texnik, Bolqarıstandan olan Harvard məzunu, Özbəkistandan olan müəllim də var.

TOPLU İDDİA

İndi Smirnov Vaşinqtonda iyunun 16-da Dövlət Departamentinə qarşı qaldırılmış toplu iddia üzrə başlanmış məhkəmə işinin əsas iddiaçılarından biridir. O 35 nəfər başqa iddiaçı ilə birlikdə sözügedən lotereyada qalib statuslarını bərpa etmək istəyir.

Bu iş üzrə vəkil qismində «White –Associates» hüquq şirkətinin hüquqşünası Kenneth White çıxış edir. Onun immiqrasiya sahəsində böyük təcrübəsi var:

«İş üzrə 20 müxtəlif ölkədən 36 iddiaçı var. Biz məhkəmədən xahiş edəcəyik ki, işimizi toplu iddia kimi qəbul etsin. Çünki bu hadisə üzrə 22 min potensial iddiaçı var. Əgər məhkəmə bu işi toplu iddia kimi qəbul etsə, həmin 22 min şəxsin hamısı bu işin tərkib hissəsi olacaq».

İyulun 15-də yeni lotereya keçirməyə hazırlaşan Dövlət Departamenti isə baş vermiş hadisənin araşdırıldığını bildirib və əlavə şərh verməyib.

Vəkil Kenneth White isə yeni keçiriləcək lotereyaya qadağa qoyulması üçün məhkəməyə müraciət edib.

EMOSİONAL SARSINTI

Green Card Lotereya qurbanları isə emosional sarsıntıdan başqa şəxsi həyatlarında da itkilərə məruz qalıb. Onlardan biri İqor Smirnov əmlak bazarından ev elanını yığışdırsa da, maşınını xeyli ucuz qiymətə satıb.

İrina Voropaeva ailəsi ilə

ABŞ-ın Qərb sahilinə səfər etdikdən sonra bu ölkəyə heyran olmuş 33 yaşlı İrina Voropaeva Moskvada dövlət qulluqçusu işləyir. Deyir ki, Green Card udduğunu eşidəndə uçmağa qanadı olmayıb. O indi qorxur ki, bundan sonra heç ona turist vizası da verməsinlər:

«Cümə günü mayın 13-ü axşam öyrəndik ki, nəticələr ləğv olunub. Şok oldum. Elə vəziyyətdə idim ki, işdən xəstəliklə bağlı məzuniyyət götürdüm. Çünki başqa heç nə düşünə bilmirdim. Bəzən oturub ağlayıram. Bu işlərin axırının necə qurtaracağını bilmirəm. Qorxuram ki, bu bizim üçün daha pis nəticələnsin. Çünki biz Green Carda müraciət etməklə əslində Amerikaya immiqrasiya etmək niyyətimizi açıqlamışıq. Ona görə çox güman ki, bizə bir daha turist vizası verməyəcəklər».

MƏSƏLƏ NECƏ HƏLL OLUNACAQ?

ABŞ qanunvericiliyinə görə, bu ölkəyə qeyri immiqrasiya vizası almaq istəyən şəxs Amerikaya mühacirət etmək niyyətində olmadığını bildirməlidir. Əgər konsulluq əməkdaşı müəyyən etsə ki, viza üçün müraciət etmiş şəxsin Amerikaya mühacirət etmək riski var, onda ona viza verməkdən imtina edə bilər.

Bəziləri isə hətta bu məsələni sosial mediada fəal işıqlandırılar. Əslən abxaziyalı, Moskvada yaşayan 23 yaşlı Anna Guniya «Facebook»da açılmış «2000 Göz Yaşı» qrupunun admistratorudur. O deyir ki, əvvəlcə «Facebook»da Almaniyadan olan bir gəncin belə bir qrup yaratdığını görüb. Bu qrupda o qədər fəal olub ki, sonradan həmin oğlan qrupdakı administratorluğu ona təklif edib. Həmin vaxtdan Anna Guniya bu məsələnin diqqətdə saxlamaları, məsələnin ədalətli həll olunması üçün ABŞ siyasətçiləri, senat üzvləri ilə belə əlaqə saxlayır.
XS
SM
MD
LG