Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:34

Yeni hesablanmış pensiyanın təsiri


Təqaüdçülər. Arxiv foto
Təqaüdçülər. Arxiv foto
Təqaüdçü Zabit Məmmədov deyir ki, bu gün 1 manat xərcləyib. 30 qəpiyə bir çörək, 60 qəpiyə bir kilo kartof alıb. 10 qəpik pulu qalıb.
Müəllimlikdən təqaüdə çıxmış Zabit Məmmədov indiyə qədər 85 manat təqaüd alıb. Deyir ki, hər gün uzağı 2 manat pul xərcləyir, nəqliyyatdan istifadə etmək lazım olanda belə mənzil başına pay-piyada gedir:
«40 il müəllim işləyəndən sonra pensiyaya çıxmışam. Bu dəqiqə cibimdə bir abbasım yoxdur. Gəl dolan görək. Danışanda da neft gəlirlərindən, firavanlıqdan danışırlar. Elə deyil axı».
Zabit müəllim deyir ki, iyuldan pensiyasını 40 faiz artımla alacağını səbirsizliklə gözləyir. Deyir, iş stajı ilə birlikdə hesablayıb, təxminən 160 manat olacaq:
«Bu da dərdimə dərman deyil, ancaq nə qədər olmasa, yenə artımdır».
PENSİYALARIN ARTIMI NECƏ OLACAQ?
Bəzi pensiyaçılar təqaüdlərinin hansı formada artacağını bilmir. Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Əjdər Cəbiyev deyir ki, artım bu cür hesablanmalıdır:
«İş stajı nə qədərdirsə, onun əsasında pensiyası formalaşacaq. Yəni 2006-cı ilə qədər şəxs nə qədər işləyibsə, staj toplayıbsa, o, 1 manat 94 qəpiyə vurulur, üstünə də 85 manat gəlinir. Elə adam var 10 il stajı var, eləsi var 45-50 il stajı var. Stajdan asılı olaraq o pensiyanın məbləği artır».
«DÜNYA MİQYASINDA BUNA BƏNZƏR HADİSƏ OLMAYIB»
Prezident İlham Əliyev iyulun 12-də bildirib ki, bu aydan pensiyaçıların orta pensiyası təxminən 40 faizə yaxın artacaq ki, bu da böyük uğurdur. Prezidentin fikrincə, bəlkə də dünya miqyasında buna bənzər hadisə bu illər ərzində olmayıb:
İlham Əliyev
«Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilmiş qərarlar nəticəsində 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası iyulun 1-dən təxminən 40 faiz artıb. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır. Bu çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında buna bənzər bu illər ərzində hadisə olmayıb».
İSLAHAT YOX, POZULMUŞ HÜQUQLARIN BƏRPASI
Pensiyaların yeni hesablanma qaydası 2006-cı il yanvarın 1-dən və həmin dövrə qədər pensiyaya çıxanlara şamil edilir.
«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, indi 2006-cı ilə qədər pensiyaya çıxanlara da həmin qayda şamil edilir. Ancaq bu, böyük uğur, artım kimi qələmə verilməməlidir, sadəcə bu vaxta qədər hüququ pozulmuş adamların hüquqlarının bərpasıdır:
«Əslində bu, pensiya islahatı deyil. Sadəcə olaraq 5 il yarım müddətində böyük bir təbəqənin iş stajı nəzərə alınmadan pensiya təyin olunmuşdu, bu, çox ədalətsiz bir qərar idi, indi həmin qərar aradan qaldırılır. Burda pensiya islahatı deyilən nəsə yoxdur. Bu 875 min əmək pensiyaçısının pozulmuş hüquqlarının bərpasıdır. İkinci də bu artım nəticəsində pensiyaçıların pensiyasına 30-35 manat əlavə olunur. İndiki bazar qiymətlərinə baxanda bu elə də böyük məbləğ deyil».
ARTIMLA BAĞLI TƏBLİĞATIN GETMƏSİ BAZARDA AJİOTAJ YARADIR
İqtisadçı Samir Əliyev isə deyir ki, Azərbaycanda təkmil pensiya sistemi yoxdur:
İqtisadçı Samir Əliyev
«Həm də pensiyanın məbləği o qədər azdır ki, o nəinki 40 faiz, hətta 3-4 dəfə qalxsa belə elə bir böyük rəqəm alınmır. Çünki ötən ilin sonlarından başlayaraq inflyasiyanın səviyyəsi yüksəlib. Ancaq pensiya artımında ciddi addımlara rast gəlinməyib. Ona görə də nəinki pensiyalar, büdcədən maliyyələşən digər sahələr, məsələn müəllimlərin, səhiyyə işçilərinin maaşları 2-3 dəfə artsa belə, onların sosial vəziyyətinin yaxşılaşmasına təsir göstərməyəcək. Üstəgəl artımla bağlı təbliğatın getməsi bazarda ajiotaj yaradır, qiymətlərin qalxmasını şərtləndirir».
İSLAHATLAR DAVAM EDƏCƏK
Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Əjdər Cəbiyev isə deyir ki, pensiya islahatları bundan sonra da davam edəcək:
«Kimlərsə həmişə narazı olur, ona lap 1000 manat da versən, yenə narazı olacaq. Ancaq ümumi ölkənin durumu var, dünyadakı müqayisələr var. Azərbaycanda minimum pensiyanın məbləği MDB ölkələri ilə müqayisədə üstündür. Proseslər davam edir, islahatlar gedir. Bunun da nəticəsində gələcəkdə heç şübhəsiz ki, pensiyaların artırılması üçün yeni mənbələr axtarılacaq».
Yeni qaydalar 875 min əmək pensiyaçısını əhatə edir. Yeni hesablanmış qayda ilə artırılmış məbləğ isə pensiyaçılara bu ay veriləcək.
Ekspertlər deyirlər ki, Azərbaycanda pensiya region ölkələrindən yalnız Ermənistandan yüksəkdir. MDB ölkələrinin çoxundan isə geri qalır. İqtisadçıların fikrincə, hər bir ölkədə pensiyalar orta aylıq əmək haqqına (Azərbaycanda orta əmək haqqı 340 manatdır) yaxın olarsa pensiyaçıların həyat şəraitinə müsbət təsir göstərə bilər.
2009-cu ilin rəqəmlərinə görə, Rusiyada orta aylıq pensiya 186 dollar, Belarusda 140 dolar, Qazaxıstanda 114 dolar, Ermənistanda 63 dolardır.
XS
SM
MD
LG