Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:39

"Azərbaycan xalq dastanları" ilə ilk tanışlıq qanımı möhkəm qaraltdı...


əvvəli burda

Prof. Rəhman Bədəlov

QADINIM, XANIMIM, XATUNUM

2-ci bölüm: Məsələ nə vaxt başlanıb?

Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin tarixi barədə yetərli bilgim yoxdur (“Azərbaycan xalqı”, onun “tarix” və “mədəniyyət”i deyərkən, nəyin nəzərdə tutulduğunu soruşmayaq, çünki bunu soruşan kimi bilincimizin tin və dalanlarına ilişib qalacağıq).

Amma özüm üçün “nə vaxt”la bağlı bir başlanğıc nöqtəsi tapıb-duyub-qeydə almışam.

Bu, bəlkə də mənim fiksasiyam, “Azərbaycan tarixi” və “Azərbaycan mədəniyyəti”nə mənim verdiyim kontekstdir.

Ancaq bu halında belə, onu yanlış saymaq lazım deyil. “Azərbaycan tarixi” və “Azərbaycan mədəniyyəti” cürbəcür interpretasiyalardan – yozumlardan oluşur.

Bunu anlamağın vaxtı yetişib və belə hesab edək ki, mənim yozumum da onlardan biridir.

Bir zamanlar -- ötən yüzildə (bu sözün istər birbaşa, istərsə dolayı anlamında) namizədlik dissertasiyası üzərində çalışmağa başlamışdım.

Mövzunu belə ifadə etmişdilər: “Azərbaycan xalq dastanlarında gözəllik problemi”.

Tipik sovet mövzusu idi və mənə təklif olununca, həvəslə razılaşmışdım.

Niyəsini indi açıqlaram.

Məsələ burasında idi ki, aspirantura və buna uyğun olaraq namizədlik dissertasiyası üzərində iş mənim həyatımda iki ciddi keçid dönəmini və ya dönüşü yansıdır.

Birinci keçid dönəmində mühəndis ixtisasını humanitar yaradıcılığa dəyişdim və bütün sonrakı həyatım (artıq “bütün” deyə bilərəm) göstərdi ki, qurtuluş dönəmim başlandı. Bu keçid əməli baxımdan ömür yoldaşımın dəstəyi olmadan baş tuta bilməzdi. Söhbət dəstəyin həm də konkret məişət mənasından gedir.

Gələk 2-ci keçidə və ya dönüşə. Mənim ilk dilim – doğma Azərbaycan türkcəsi idi, çünki məni böyüdüb tərbiyə edən nənəm başqa dildə danışa bilmirdi. Sonra məni rus məktəbinə qoydular.

Daha sonra ali məktəbdə oxudum, aspiranturaya daxil oldum və beləcə, indinin özünədək mən rus dilində düşünür və əsasən, rus dilində yazıram.

Sözün qısası, dissertasiyadan yararlanaraq Azərbaycan mədəniyyətinin təməl daşlarına toxunmaq və belə demək olarsa, Azərbaycanın ruhuna varmaq istədim.

Bu yolla içimdə “Azərbaycana aid nə varsa” ona qovuşacaqdım.

Boynuma alım ki, o zamanlar çoxdan arxada qalıb və Azərbaycan mədəniyyətini dərindən (imkanım daxilində “dərindən”) anlamağa başlasam da, mahnıdan sözləri atmaq olmaz, yavaş-yavaş həmin mədəniyyətdən aralandım. İndi daha çox kosmopolit sayıram özümü.

Daha dəqiq söyləsəm – lovğalıq saymayın – bütün Azərbaycan pərçimləri ilə yanaşı, indi planetar düşüncə yiyəsiyəm.


“Azərbaycan xalq dastanları” ilə ilk tanışlıq qanımı möhkəm qaraltdı. Müqəvvaya bənzər insanlardan, yorğun-arğın ehtiraslardan, uyğunsuz-yersiz yuxulardan heç xoşlanmadım.

Bu yuxularda qəhrəmanlar bir-birinə vurulur, sonra bir-birini axtarmağa başlayırlar.

Di gəl, bu axtarışlarda əyləndirici, həyəcandan başgicəlləndirici cizgilər yetərsiz qalır.

Anlayıram ki, folklordan -- ağız ədəbiyyatından çox şey ummağa dəyməz, amma daha bu dərəcədə yox, axı. Bəlkə də o vaxtlar nəyisə anlamamışdım, elə indi də anlamadığım nələrsə var, əlbəttə.

Ancaq bütün hallarda o vaxt gözüm qorxmuşdu, çünki “gözəllik” qırıntılarını toplamaq üçün bu mətnlərin üzərində illərcə çalışmalıydım.

Qurtuluş yolu “Kitabi Dədə Qorqut”la gəldi. Xoşbəxtlikdən bəzi çalışqan ədəbiyyatşünaslar bu KİTABın da janrını dastana aid etmişdilər.

Başqa bir dünya açılmışdı – doyumlu və diricanlı, canayaxın və duyğulu, gözəl və alovlu. Alınyazısı hünər və yaşamın erkəkcə qavranışı olan bir dünya.

Və ən başlıcası (məndən ötrü əsas meyarlardan biri), bütün bu özəlliklər yalnız kişilərdə deyil, qadınlarda da olmalıydı.

Bu dünya bir tək “Azərbaycan xalq dastanları”ndan yox, əslində sonrakı bütün Azərbaycan ədəbiyyatından kəskin şəkildə fərqlənirdi (“istisnalar qaydanı təsdiqlər” – deyirlər). “Bu niyə beləydi?” sualının cavabı mənlik deyil. Özüm üçün bu sərhədi dünyaduyumunun türk və iranlı mənzərəsi arasındakı uçurum kimi bəlirləmişəm.

Öz fikrimi heç kimə sırımaq niyyətim yoxdur və bu, bir fərziyyə, bir güman deyil.

Bunun elmi hipotez olmasından da söhbət getmir, çünki faktların duyğularla anladılması üzərində qurulmayıb. Bu, olsa-olsa, mənim obrazım, məmin təcrübəm və almanlar demiş, mənim “gestalt”ım, yəni yoxdan var olan biçimim, quruluşumdur.

Heç vaxt pantürkist olmasam da, kiminsə aşağılayıcı tərzdə “fars xasiyyəti” və ya “fars bicliyi” dediyi (çox güman, söhbət bəsit-publisistik atmacadan, işıltılı və hamar bənzətmədən gedir, amma mənim “gestalt”ımın açıqlanıb-anladılmasına yararlıdır) özəllikdən fərqli olaraq, sözün geniş anlamında, türklüyə ruhca yaxınlığımı həmişə duymuşam.

Bax bu sərhədi, bu ayırıcı cizgini -- “Kitabi Dədə Qorqut”la “Azərbaycan xalq dastanları” arasındakı bu uçurumu, qəfildən də olsa, çox tez hiss etdim.

“Kitabi Dədə Qorqut”dan bizi bu yazının leytmotivi olan “ana” və “həyat yoldaşı” mövzusuna aparıb çıxaran iki örnək gətirim. Biri “Kitabi Dədə Qorqut”u araşdırdığım

dönəmlərdən yadımda qalıb, digəri nəvəm Azərbaycan ədəbiyyatından bir dərsə hazırlaşarkən.

Birinci örnək. “Qanlı qoca oglu Qanturali boyu”nda belə bir epizod var: Qanlı Qoca oğlu Qanturalını evləndirmək istərkən, o, atasına evlənəcəyi qıza tələblərindən söz açır (“Kitabi Dədə Qorqut”un 1988-ci ildə Bakıda buraxılan və çağdaş dilə uyğunlaşdırılan nəşrindən örnək verirəm):

Oğlan dedi: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır? .. Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş olsun! Mən qanlı kafir elinə getməmiş o gedib mənə baş gətirmiş olsun!”

Qanlı qoca dedi: “Oğul, sən qız istəmirsənmiş, bir cəsur pəhləvan istəyirsənmiş, onun arxasında yeyəsən-içəsən, gününü xoş keçirəsən!” Dedi: “Bəli, atacan, eləsini istəyirəm. Bəs gedəsən, bir cici-mici türkman qızını alasan, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?” Qanlı qoca dedi: “Oğul, qız tapmaq səndən, mal-pul xərcləmək məndən!”

Sözümün canı heç də “cici-mici türkman qızı”nda deyil, oğulla atanın danışığında, bu söhbətin intonasiyasında gizlənib. Həmin söhbətdə bircə damcı yalançı tərbiyə, yalançı utancaqlıq gördünüz?

İkinci örnək. “Uşun qoca oğlu Səyrək boyu”nda Səyrək öyrənir ki, sən demə, kafirlərin əlində əsir qalan bir qardaşı olduğunu ondan gizlədiblər. O, qardaşını əsirlikdən qurtarmağa yollananda ata-anası onu bu niyyətindən çəkindirmək üçün dilə tutur. Baxın, o anda, görün, Səyrək öz anasına necə qəzəbli sözlər yağdırır (yenə eyni nəşrdən örnək gətirirəm):

Oğlan anasına söyləmış, görək, nə söyləyib demişdir:
Ana, ağzın qurusun!
Ana, dilin çürüsün!
Mənim öz qardaşım varmış,
yolumdan qayıtmaram!
Oğuz elində qardaşsız durmaram!
Ana haqqı, tanrı haqqı olmasaydı,
Böyük, iti polad qılıncımı götürərdim,
Bircə anda gözəl başını kəsərdim,
Al qanını yer üzünə tökərdim,
ana, zalım ana!


Daha sonrakı dönəmlərin Azərbaycan ədəbiyyatından buna bənzər bir misal gətirə bilərsiniz (bir daha vurğulayıram ki, istisnalar qaydanı təsdiqləyir)?

Bu baxımdan həmin mətnin məktəb dərsliyinə salınmasına təəccüblənmək olar (sözügedən mətn hətta mənim 11 yaşlı nəvəmi də mat qoymuşdu, çünki onun məzmunu “Azərbaycan ədəbiyyatı” dərsliyindəki başqa fraqmentlərdən kəskin şəkildə haçalanırdı).

Bürokratik get-gəlləri azaltmaq üçün dissertasiyanın adını dəyişmədim, amma “Kitabi Dədə Qorqut”un mətnini əsas qaynaq kimi saxladım.

Xoşbəxtlikdən həmin mətndə sayrışan gözəllik inciləri mənim estetik təsəvvürlərimə tam cavab verirdi.

Düzdür, yenə mahnının sözlərini bir qırağa tullamasaq, o vaxtdan bəri mənim “Kitabi Dədə Qorqut” heyranlığım azalıb və bu azalma təkcə “Kitabi Dədə Qorqut”a deyil, əslində bütün qəhrəmanlıq dastanlarına aiddir.

Ancaq Homerin “İliada”sını çıxmaqla. Düşünürəm ki, dünya ədəbiyyatının ən böyük KİTABı “İliada”dır.

(ardı var)
XS
SM
MD
LG