Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Hacıqabul-Kürdəmir yolu: 70 milyon + 352 milyon


Arxiv foto
Arxiv foto
Hacıqabul-Kürdəmir yolu yenidən qurulacaq. Bu layihənin maliyyələşdirilməsinə dair Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Çexiyanın «Komercni banka, A.S.» bankı arasında kredit müqaviləsi imzalanıb.

Kredit müqaviləsini Azərbaycanın nəqliyyat və maliyyə nazirləri, Çexiya tərəfdən isə «Komercni banka A.S.» bankının vitse-prezidenti imzalayıb.

352 MİLYONLUQ LAYİHƏ

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, layihə 352 milyon ABŞ dolları dəyərindədir. Layihədə Azərbaycan hökumətinin payı 15% müəyyən edilib və avans şəklində tranşlar üzrə 3 bərabər hissə ilə ödənilməlidir.

Layihənin məqsədi Hacıqabul-Kürdəmir 2 zolaqlı avtomobil yolunda əlavə 2 yol zolağının tikintisi və yenidən qurulmasıdır.

Qeyd edək ki, beynəlxalq əhəmiyyətli Bakı-Qazax avtomobil yolunun bir hissəsi olan Hacıqabul-Kürdəmir yolunun ümumi uzunluğu 85 kilometrdir.

YENİDƏNQURMANIN SƏBƏBİ AÇIQLANMALIDIR

İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, layihə ilə tanış olmadan həyata keçiriləcək işlərin həcmi haqqında fikir söyləmək çətindir. Ancaq məsələ ondadır ki, bir neçə il əvvəl o yolun tikintisinə başlanmışdı və bundan ötrü dövlət büdcəndən vəsait ayrılmışdı. Və faktiki olaraq o yolun yenidən qurulması başa çatmaq üzrə idi. Ona görə də Azər Mehdiyev hesab edir ki, indi xarici ölkələrdən kredit almaqla bu yola yenidən vəsait qoyulmasının məqsədi açıqlanmalıdır.

Ekspertin sözlərinə görə, indiyədək hökumət qurumlarının həmin yolun yenidən qurulmasının hansı zərurətdən irəli gəldiyi barədə heç biri açıqlama verməyib:

«Yolların təmir edilməsi, yenidən qurulması üçün ciddi əsaslandırmalar həyata keçirilmir. Yolun ötürmə qabiliyyəti, ondan nə qədər avtomobilin istifadə edəcəyi və digər bu kimi məsələlərlə bağlı heç bir hesablama aparmadan yollar təmir edilməyə başlanılır. Yol yenidən qurulandan, təmir edildikdən sonra isə onun genişləndirilməsi zərurətinin meydana çıxması barədə fikirlər səslənir. Bu baxımdan Azərbaycanda bu işlərin ilk növbədə bir plansızlığı diqqəti cəlb edir. Yəni əldə vəsait var, tikək, sonrasına baxarıq prinsipi ilə iş görülməsi müşahidə edilir. Və həqiqətən də yol yenidən qurulandan sonra onların genişləndirilməsinə ehtiyac yaranır. Özü də təkcə Hacıqabul-Kürdəmir yolu deyil, Azərbaycanda bir çox yollar haqda belə qərarlar qəbul olunub».

Azər Mehdiyev
Azər Mehdiyev düşünür ki, Azərbaycanda son illər yol infrastrukturuna yönəldilən investisiyaların texniki-iqtisadi əsaslandırılması ciddi şəkildə cəmiyyətə təqdim edilməlidir. Çünki bir çox hallarda magistral yollar-xüsusilə ölkə və beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması üçün böyük məbləğdə vəsaitlər ayrılır. Ekspert əlavə edir ki, bir halda ki, müqavilə nazirliklər tərəfindən imzalanır, deməli bütün hallarda gələcəkdə bu borcun ödənilməsi dövlətin üzərinə düşür.

HƏLƏLİK RƏSMİ İZAH YOXDUR

Çexiya bankı ilə müqaviləni imzalayan qurumlardan məsələyə aydınlıq gətirmək cəhdlərimiz nəticə vermədi. Maliyyə Nazirliyindən bildirdilər ki, məsələ ilə bağlı məlumat almaq üçün onlara rəsmi müraciət edilməlidir. Və belə olsa bir neçə günə sorğuya cavab ala bilərik. Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaqsa mümkün olmadı.

Azadlıq Radiosu «Kommercni Banka»ya sorğu ilə müraciət etdi ki, Nəqliyyat Nazirliyinə nə qədər kredit verilib? Neçə illiyə? İllik faiz nə qədərdir?

Ancaq «Kommercni Banka» nədənsə bu sadə və sirr olmayan suallara cavab vermək istəmədi. Bankın Xarici Kommunikasiya Xidmətinin rəhbəri Monika Klucovanın radioya yazdığı cavabda bunu bank etikası və məxfiliyi ilə izah edir.

Ancaq kreditin miqdarında və faizində nə məxfilik var? Bank nəyi gizlədir?

Bəlkə 85 km-lik yolda iki əlavə xəttin çəkilməsinə niyə 300 milyon dollar verildiyini iqtisadi əsaslandırmaq olmayacaq?

ABŞ -da əlverişli torpaqda 1 km yolun çəkilməsi təxminən 1 milyon dollardır. Düzdür, yol qayalıqdan və s. bu kimi maneələrdən keçəndə, qiyməti qalxır.
Ancaq Hacıqabul-Kürdəmir yolunda nə problem var ki, qiyməti bu qədər yüksəkdir?

VAXTİLƏ BU YOLA 70 MİLYON XƏRCLƏNİB

Əsasən avtomobil yollarının və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərən «Azərinşaatservis» MMC –nin internet saytında 2007-ci 24 dekabrında yerləşdirilən məlumatda həmin gün Bakı-Qazax avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin açılış mərasimi olduğu vurğulanır. Bildirilir ki, «Beynəlxalq əhəmiyyətli Hacıqabul-Kürdəmir avtomobil yolunun ümumi uzunluğu 85 kilometrdir. Layihəyə bu yolun 75 kilometr olan hissəsinin yenidən qurulması, Kürdəmir rayonu ərazisində 10 kilometr uzunluğunda yeni yolun, eləcə də «Kürdəmir dairəvi» yolunun tikintisi daxil idi. Tikinti işlərini «Azərinşaatservis» MMC ilə yanaşı İtalyanın «Todini konstrakşn » şirkəti aparıb. «Azərinşaatservis» MMC-nin layihədə öhdəliyinə götürdüyü iki zolaqlı yolun eni 15 metr, uzunluğu 30,5 km olub. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyələşdirdiyi bu yolun yenidənqurma işlərinə 70 milyon ABŞ dolları həcmində pul ayrılmışdı. 2005-ci ilin iyun ayında başlayan yenidənqurma işləri 2007-ci ilin dekabr ayında başa çatdırılıb».

Qubad İbadoğlu
Məlumatda o da qeyd olunur ki, «Azərinşaatservis» MMC və «Todini konstrakşn» şirkətləri layihənin icrası üçün 2004-cü ilin dekabr ayında elan olunmuş tenderdə qalib gəliblər.

Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

14 KİLOMETRLİK YOL 360 MİLYONA BAŞA GƏLMİŞDİ

İqtisadçı Ekspert Qubad İbadoğlu isə deyir ki, əslində dünya təcrübəsində belə tikililər bahalı yollara aid edilir. Onlara çəkilən xərclər isə yolun relyefindən, infrastrukturundan asılıdır.

Yenidən layihələndirmə isə, ekspertin sözlərinə görə yolun bir hissəsinin tikintisi başa çatmayanda, yaxud infrastrukturu tam formalaşmayanda, eləcə də yolda keyfiyyətsiz tikinti halları mövcud olanda və digər bu kimi səbəblərdən həyata keçirilə bilər. Amma bunun dəqiq izahı olmalıdır:

«Əslinə qalsa aeroport yolu, və ya dairəvi yolla müqayisə edəndə Hacıqabul-Kürdəmir yolu ucuz başa gəlir. Aeroport yoluna –söhbət 14 kilometrdən gedir-2011-ci ilə qədər 360 milyon dollar xərclənib».

Qubad İbadoğlu deyir ki, bu kimi layihələrdə xərclərin necə bölündüyü, ayrılan vəsaitin konkret olaraq necə sərf edildiyi barədə nəinki rəsmi açıqlama olmur, hətta sorğulara da cavab almaq mümkün deyil.

«Kommercni Banka»nın bu ilin birinci yarısı haqda hesabatında deyilir ki, «Azərbaycanda infrastruktur layihələrinə, xüsusi texnikaya və xidmətlərə «Kommercni Banka»nın kredit sazişi «Global Trade Review» jurnalının «2010-cu ilin ən yaxşı maliyyə sazişi» mükafatını alıb.”

Azərbaycanın Çexiyadakı səfirliyinin iqtisadi müşaviri Fuad Mustafayev isə AzadlıqRadiosuna bildirdi ki, Azərbaycanın Nəqliyyat Nazirliyinə «Kommercni Banka»nın kredit verməsi Nəqliyyat Nazirliyinin «Kommercni Banka» ilə birbaşa əlaqələr qurmasının nəticəsidir.
XS
SM
MD
LG