Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:57

Salam Sarvan. İntihar qərarına gəlmiş bu qadın


(Şeirlər)


KIŞI

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə-
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.


SEVGI

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.


VƏZIYYƏT

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!


YAŞAYIŞ

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl - get üçün.


CƏBRAYIL ÜÇÜN

Daha nələr?..
Kötük postamentlər
üzərində həmişəyaşıl abidələr.


Daha haralar?..
Asfalt yolların üstündə
yolundan çıxmış çalalar.

Daha kimlər ?..
Pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar.


KÖRPÜ

Bu gün bildim ki,
ən etibarlı körpü suyun öz səthidi -
heç vaxt uçmayacaq, sökülməyəcək.


İNTIHAR QƏRARINA GƏLMIŞ BU QADIN


İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.

Son dəfə qışqırar:
- silləni sığaldan gözəl çəkə bilirsizsə
qadınçün fərqi yoxdu.

İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən bir ulduzun altına.


XƏTLƏR


Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»


KƏND

Kənd göylərində
təkcə təyyarələrin səsi
özündən geridə qalır.
Heç kəsilmiş qurbanların da
itmir son xırıltısı,
soyulmuş dəridə qalır.

Kənddə eyni sürətlə gedir
inəklər, maşınlar, adamlar.

Tumanını çirmələyib
kərpic palçığı tapdayan kənd qızlarını
topuğundan sevir kənd oğlanları.


XƏRITƏ

Orta məktəb şagirdi
baxıb düşünürdü
insan skletinin şəklinə:
- dünyanın kontur xəritəsi budurmu?


TALE


Xəyalında tikdiyi evi
yenə uçdu bu yazığın-
içindəki torpaq sürüşməsindən.


BIR SƏHƏR

Ya tez, ya gec olacaq bu,
ya sabah, ya biri gün:
Bütün həmvətənlərimizin bir səhər
salamlaşmaq əvəzinə
bir-birindən üzr istəyəcəkləri gün…


***


Bir boş oturacaq olmayan qatarda
ayaq üstə qalmış Sərnişin xanım…
Dünyada nə qədər yerim vardısa
durdum hamısından, əyləşin, Xanım.


***


Darıxıram…
Başımda Sənin fikrin -
gərdiş eləməkdən bir cığır açmışam
parket döşəmə üstündə…
Hərdən o «cığırda» qardaşım uşağı
velosiped də sürür.


***


Əvvəl «azadlıq» qışqırıb
səsini qaldırdın.
Sonra imperiyaya
yumruğunu qaldırdın.

Sonra bayraq qaldırdın.

Sonra saray divarlarına
daş qaldırdın, taxta qaldırdın
Sonra kimlərisə seçib TAXTa qaldırdın.


Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.


***


Ad günü…
Şir bürcü, At ili, İt günü.
XS
SM
MD
LG