Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:50

Şahağacı meşəsi qırılır...


Uşaqlar deyir ki, 3 kiloqramlıq qaz balonun ikisini 5 manata doldururlar
PREZİDENTİN TƏBRİKİ, QIRMIZI LENT VƏ YAMAQ

«Təzə yol açılışı münasibətilə sizləri təbrik etmək istəyirəm. Gözəl yoldur, bir neçə kəndi birləşdirir, 19 kilometr uzunluğu var və Astara sakinlərinin müraciətinə müsbət cavab verərək, yolun tikilməsinə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Yol tikilib. Gözəl yoldur, beynəlxalq standartlara cavab verir, baxmayaraq bu yol kənd yoludur».

Bu sözləri prezident İlham Əliyev bu ilin aprelin 16-da Astara-Şahağacı kənd yolunun açılışında deyib. Həmin yolun salınması üçün Prezidentin Ehtiyat Fondundan 3.6 milyon manat pul ayrılmışdı. Biz də yeni salınmış yolla Şahağacı kəndinə gedirik. Cəmi 3 ay keçməsinə baxmayaraq, bu yola yamaq vurmağa başlayıblar. Üstəlik, yolun kənarlarında əkilmiş ağacların çoxu baxımsızlıqdan yanıb. Kənd sakinlərinin deməsinə görə, həmin yanıb qurumuş bu ağaclar büdcə təşkilatlarında işləyənlərin hesabına yolun kənarına əkilibmiş...

Astara rayonunda ümumilikdə 90-dan çox kənd var. Bu kəndlərin yalnız 24-ə təbii qaz verilir. Təbii qaz verilməyən kəndlərdən biri də Şahağacıdır.

Xəzər dənizinin sahilində yerləşən bu kənddə 5 mindən çox insan yaşayır.

«PREZİDENTİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ BƏYƏNİRİK»

Kəndin girəcəyində əllərində qaz balonları olan bir neçə uşağa rast gəldik. Uşaqların deməsinə görə, 3 kiloqramlıq qaz balonunun ikisini 5 manata doldururlar: «Əvvəllər isə 3 manata doldurardılar».

Kənd sakinləri dəniz kənarından götürdükləri qumu və balıqqulağını kisələrə tökərək yol kənarında satırlar.
Kəndə çəkilmiş əsas qaz xəttini qapadıblar
Bu materiallar tikintidə istifadə edilir. Bir kisəsi 1 manata, tələb artanda, 2 manata satılır. Qum biznesi bir çox ailənin qazanc mənbəyi hesab olunur. Kənd sakinlərin deməsinə görə, yerli məmurlar bu sahəni də tədricən monopoliyaya götürməkdədirlər.

Kəndin çayxanasında bizə bildirdilər ki, prezidentin daxili və xarici siyasətini dəstəklədikləri üçün mətbuata deyiləsi sözləri yoxdur.

ODUNUN BİR MAŞINI 300 MANATA

Kənd yolunda rastlaşdığımız iki yaşlı adamla söhbətdə isə fərqli sözlər də eşitdik. 81 yaşlı Cəlal Səmədov deyir ki, kəndlərin çoxuna təbii qaz verirlər. Ancaq onlara yalnız vəd veriblər, qaz isə çəkmək istəmirlər. Kəndin bir tərəfi dənizdir. Cəlal Səmədovun deməsinə görə, kəndə yaxın olan meşələr də qırılmaqdadır:

«Oduna ehtiyacımız çoxdur. Odun da tapa bilmirik. Əhalinin çoxu qışı odunsuz və pis keçirdir. Gəlib deyirlər ki, bizə iki odun ver, bir odun ver. Odunun bir maşınını 300 manata alırıq. İllər görmüşdüm, lakin belə illər görməmişdim».

Cəlal kişi deyir ki, kənddə qazın kəsilməsindən 17 il keçir.

80 yaşlı Hənifə Bağırov isə mənə sual verir ki, təbii qazın, neftin bol olduğu ölkədə onlara nə üçün qaz verilmir:

«KİMİN RUSİYADA ADAMI VAR DOLANIR...»

Teymur Əhmədov da deyir ki, yeməyi ocaqda bişirirlər
«Bu yaxınlarda oduna 200 manat pul verdim. Bu, bir neçə ayın pensiya puludur. İndi nə yeməliyəm? Mən prezidentdən razıyam. Ona görə ki, çalışır, vuruşur. O məmurlar ki var, gəlirlər bura, onlar özləri üçün çalışırlar, heç nə etmirlər. Prezident dedi ki, harada qaz olub, oraya qaz veriləcək. Qonşu kəndlərin hamısında qaz var. Kənd pis gündədir. Kiminki Rusiyada adamı var dolanır, kiminki yoxdur pis dolanır. Meyvə ağaclarını kəsib odun edirlər. Meşədən odun tədarükünə də icazə vermirlər. Ancaq birtəhər gətirirlər».

Şahağacı kəndinin digər sakini Teymur Əhmədov da deyir ki, yeməyi ocaqda bişirirlər. Buna görə odun çox işlədilir.

«MEŞƏLƏR TÜKƏNİR»

Kəndə çəkilmiş əsas qaz xəttinin yanında olduq. Xətti qapadıblar. Bu vaxt bizə yaxınlaşan kənd sakini Telman Bağırov da odunun qiymətindən gileylidir:

«Odunun bir maşınını 300 manata alırdıq. İndi o da yoxdur. Odun bahalaşacaq, 350 manat olacaq. Çünki meşənin yolunu bağlayıblar».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov isə ilin sonuna kimi Şahağacı daxil olmaqla 11 kəndə təbii qazın veriləcəyini deyir. Onun deməsinə görə, işlərin 90 faizi görülüb.

Şahağacında isə təkcə tükənən meşələr deyil. İnsanlarda qazın veriləcəyinə də ümid getdikcə tükənir.
XS
SM
MD
LG