Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32

Prezidentə 100 minlik müraciət nəyi dəyişəcək?



“Prezidentə 100 minlik müraciət” adlı kampaniya başa çatıb. Bir ay ərzində davam edən kampaniyanın məqsədi 100 min insanın imzası ilə Azərbaycan prezidentinə müraciət edərək orta məktəblərdə hicab qadağasına son verilməsini xahiş etməkdir.

“İslam və demokratiya” verilişində kampaniyanın səbəbləri və gözlənilən nəticələri barədə müzakirə açılıb.

Bu kampaniya radikal çıxışların qarşısını aldı

«Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu hesab edir ki, ictimaiyyət bu təşəbbüsü irəli sürən Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzinə təşəkkür etməlidir. Çünki ölkədə bəzi qruplar sekulyar və dindarlar arasındakı münasibətlərin gərginləşməsindən istifadə edərək cəmiyyətdə qarşıdurmanı daha da dərinləşdirmək istəyirdilər.

“İmza toplamaqla bu məsələnin daha dinc, daha tolerant, daha dözümlü formada tənzimlənməsi üçün addımlar atdı. Bildiyim qədər, yəhudi məktəblərində dini atributları daşımaq imkanı var. Onda böyük əksəriyyəti genetik müsəlman olan ölkədə islam atributlarına qoyulan qadağa dini zəmində narazılıq yarada bilərdi. Bu kampaniya isə u zəmində radikal çıxışların qarşısını aldı”.

Hicab problemini qaldırmaqla təhsildə rüşvətxorluqdan fikri yayındırırlar

A.Rəşidoğlu məsələyə dini baxımdan deyil, sırf insan haqları kontekstindən yanaşmağın tərəfdarıdır. Onun sözlərinə görə, demokratik cəmiyyətlərdə insanlarına başını bağlayıb, ya açmaq haqda qərar vermək imkanı tanınmalıdır.

“Mən kiməsə zorla hicab geyindirməyin əleyhinəyəm Amma kiminsə hicabını zorla başından açılmasından əleyhinəyəm. Önəmli olanı kiminsə hicab taxıb-taxmadığı deyil. Önəmli olan odur ki, qarşımdakı həkim, ya müəllim savadlı insan olsun. Əgər bu proses çoxsaylı insanları təhsildən kənarda qoyursa, prosesin qarşı alınmalıdır. Axı Azərbaycanda təhsil problemləri hansısa qız şagirdin başını bağlamasındadır? Ya, rüşvətxorlun, savadsızlığına baş alıb getməsində? Hicab məsələsini qaldırmaqla rüşvətxorluq korrupsiya problemlərindən fikir yayındırılır”

Hicabın məktəblərdə olmasının əleyhinəyəm

Yazıçı Əli Əkbər isə orta məktəblərə dini simvolikanın olmasının tərəfdarı deyil. Amma onunla da razılaşır ki, problem süni şəkildə qabardılır.

“Ola bilsin Qərbə nümayiş etdirmək üçünmü, ya başqa səbəbdən. Buna baxmayaraq, hicabın məktəblərdə olmasının əleyhinəyəm. Xüsusilə də söhbət azad seçim etmək şüurunda olmayan körpələrdən gedirsə, mən bunun beşqat əleyhinəyəm. Təbii, əgər gələcəkdə öz qızım hicab bağlamaq istəsəydi, ata kimi bu barədə fikirlərimi deyərdim”.

Dindarlarla həmrəylik nümayiş etdirmərəm

İnsan haqlarının pozulmasına gəlincə, Əli Əkbər hesab edir ki, digərlərindən dözümlülük tələb edən dindarların özləri tolerant deyillər.

“İslam rejiminin hakim olduğu ölkələrdə insan hüquqlarından söz salınmır. Orda hər kəsi başını bağlamağa məcbur edirlər. Bunların arzuladığı dövlət modeli budur. Dindarlarla heç bir formada həmrəylik nümayiş etdirmək istəməzdim. İstərdim ki Belçika, Fransa kimi azad cəmiyyətdə belə müzakirələri aparaq”.

İslamçılardan “xoxan” surəti düzəldib Qərbə göstərirlər

Müzakirələr iştirakçılarını hər ikisi razılaşır ki, təhsilin əsas problemi hicabda deyil, bu sistemdə hökm sürən korrupsiya və rüşvətxorluqdadır. A.Rəşidoğlu hesab edir ki, mövcud siyasi rejim təhsil sistemində islahatlar aparmaq istəmir.

“Ona görə də süni “xoxan” surəti düzəldib Qərbə nümayiş etdirirlər. İndi müxalif düşərgə məhv olduğundan, islamçıların qismində bunu göstərməyə çalışırlar”.

Məktəbə getməyənlər çox şey itirmirlər

Yaziçi Əli Əkbər hesab edir ki, dini baxışlarına görə məktəblərə getməyən qız şagirdlər elə də çox şey itirmirlər.

“Azərbaycanda təhsil sistemi o qədər bərbad vəziyyətdədir ki, imkanım olsaydı, mən də uşaqlarımın Azərbaycan məktəbinə getməkdənsə, evdə oturub kitab oxumasını istəyərdim”.
XS
SM
MD
LG