Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:05

Ətin bahalaşması, Medvedevdən üstüörtülü xəbərdarlıq...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏT BAZARLARINDA QİYMƏT ARTIMI NƏ İLƏ ƏLAQƏDARDIR?

«Yeni Azərbaycan» qəzeti paytaxt bazarlarında ətin qiymətinin 1-2 manat artmasından, ətin satış qiymətinin maya dəyərindən 2.5-3 dəfə baha olmasından yazır:

«Ət məhsullarının satışı ilə məşğul olanlar bildirirlər ki, kiçik və ya iribuynuzlu mal-qaranın fermerlərdən alınıb Bakıya gətirilməsi, nəqliyyat vasitələrinə xərclənən vəsait baha başa gəlir. Bahalaşmaya təsir edən amil kimi yemin qiymətlərinin artması da qeyd edilir. Lakin Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib ki, bu iddialar sadəcə bəhanədir və həqiqətə uyğun deyil... Ətin qiymətinin birdən-birə kəskin qalxması bahalaşmanın süni olduğunu göstərir: «Məlum olub ki, ətin bahalaşmasını ayrı-ayrı iş adamları aparır…»».

AZƏRBAYCAN ALDIĞI KREDİTİ SƏMƏRƏLİ XƏRCLƏYƏCƏKMİ?

«Azadlıq» qəzeti Asiya İnkişaf Bankının müxtəlif layihələr üçün 2011-2013-cü illər üzrə Azərbaycana 945 milyon dollar kredit, 2 milyon dollar da qrant ayırmasından yazır:

«İqtisadçı Qubad İbadoğlu beynəlxalq təşkilatların verdiyi kreditlərin illik faizlərinin 5-6 faiz səviyyəsində olduğunu bildirir. Bu da Azərbaycanın verdiyi kreditlərlə müqayisədə xeyli çoxdur. Ekspertin fikrincə, Asiya İnkişaf Bankının həyata keçirdiyi layihənin səmərəsi Azərbaycan hökumətinin həyata keçirdiyi layihələrin səmərəsindən daha yüksək qiymətləndirilməlidir. Çünki bu bankların şəffaflıq, demokratiya, layihənin qiymətləndirilməsi, tenderlə bağlı standartları var. Bu baxımdan onların vəsaitləri daha səmərəli xərclənir, nəinki büdcədən investisiyaya yönəldilən vəsaitlər...».

MEDVEDEVDƏN ÜSTÜÖRTÜLÜ XƏBƏRDARLIQ

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi Azərbaycan və Ermənistan prezidentləri üçün ciddi dərs olub. «Ayna» qəzeti yazır:

İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Kazanda, 24 iyun 2011
«Bakı ilə arada dostluq və mehriban qonşuluqdan söhbət edilsə də, əslində Moskva Qarabağ münaqişəsində Ermənistanın yanında yer almaqdadır. 1988-ci ildən bəri heç nə dəyişməyib…».

«SADƏCƏ PREZİDENT TƏQAÜDÜ İSTƏYİRƏM»

«Bizim yol» qəzeti yazıçı, publisist Əlisa Nicatın 75 illik yubileyi ərəfəsində ondan müsahibə alıb. Yazıçı maddi sıxıntılarına baxmayaraq, 30 cildlik külliyyatının nəşrinə start verilməsindən, ölkədəki proseslər haqqında fikirlərini bölüşüb:

- Əsərlərim «Adiloğlu» mətbəəsində dost-tanışlarım və tələbələrimin hesabına nəşr olunur. Biz kitabları 100 nüsxə çap etdiririk, sonra onu satırıq. Cildi 10 manatdır. Bu maliyyə hesabı ilə növbəti cildi çap etdiririk. Mənim maliyyə imkanlarım yoxdur və heç prezident təqaüdü almağa da qoymurlar. Bu səbəbdən indi əsərləri nəşr etmək asan deyil.

- Niyə Sizə bu təqaüd verilmir, səbəb nədir?

- Mən iki dəfə Prezident Administrasiyasına məktub yazdım. Bu məktub administrasiyanın Humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin üzərinə göndərildi. Orada kollegiya var. Fatma Abdullazadə də məktubumu Anarın üstünə göndərib. Mənimlə Anarın münasibətləri yaxşı deyil. Buna baxmayaraq, Anar Fatma Abdullazadəyə cavab yazmışdı ki, mənə təqaüdün verilməsinə etiraz etmir. Ancaq buna baxmayaraq, Fatma xanım deyib ki, Əlisa Nicata prezident təqaüdü vermək olmaz. Hətta Prezident Administrasiyasının bəzi şöbə müdirləri deyiblər ki, Əlisa müəllimin kitabları var, biz oxumuşuq. Xüsusilə dünya fəlsəfə antologiyası olan «Müdrikliyin Məbədi» kitabımı onlar oxuyub dünyanı öyrənirlər. Deyiblər ki, Əlisa Nicat prezident təqaüdü almağa layiqdir. Amma Fatma xanım deyib ki, bu, mümkün deyil. Çünki o, bizim adam deyil.

- Belə çıxır ki, kimə prezident təqaüdü verilirsə, onlar Fatma Abdullazadənin adamıdır?

- Bizim adam deyil deyəndə, ümumi götürülür. Yəni hakimiyyətin adamı deyil. Mən prezidentə də müraciət etmişdim. Amma onun vaxtı olmadığından məktubu Fatma xanımın üstünə göndərib ki, baxıb həll edin. Prezidentin məni tanıyıb-tanımadığını bilmirəm, amma rəhmətlik Heydər Əliyev məni yaxşı tanıyırdı…
XS
SM
MD
LG