Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:49

Ermənistanda hemodializ xəstələrinə dövlət yardım edir


Ermənistan. Xəstəxana
Ermənistan. Xəstəxana
PAYTAXTDA 5 HEMODİALİZ MƏRKƏZİ VAR

Hazırda Ermənistanda 480 pasient hemodializlə təmin olunub. Onlar iki gündən bir xəstəxanaya gəlir, aparata qoşulur və 4 saatlarını müalicəyə həsr edirlər. Hemodializ xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə təyin olunur. Və pasientlər günaşırı süni böyrək funksiyasını yerinə yetirən aparata qoşulmalıdırlar. Bu proses isə hər dəfə saatlarla davam edir.

Dializ üzrə mütəxəssis Qaqik Papikyan:

«Aparat böyrəyi əvəzləyir. Onun funksiyasını öz üzərinə götürür və iki gündən bir böyrək çatışmazlığına görə orqanizmdə yığılıb-qalan şlakları təmizləyir».

Paytaxt Yerevanda 5 hemodializ mərkəzi var. Daha 4-ü isə Ermənistanın rayonlarındadır. Bölgələrdə yerləşən mərkəzlər son 3 ildə açılıb. Qaqik Papikyan bunun böyük nailiyyət olduğunu deyir:

«Artıq fəxrlə deyə bilərəm ki, hemodializə ehtiyacı olanlara imtina olunmur. Əvvəlki illərlə müqayisədə indi bütün xəstələrə yardım edilir. Qabaqlar isə hemodializ mərkəzi yox idi, olanlarda isə vəziyyət yaxşı deyildi. Xəstələrin əksəriyyətinin müalicə olunmaq imkanı yox idi. Nə qədər kədərli olsa da biz onlara imtina etməli olurduq».

XƏSTƏLƏR ÜÇÜN DÖVLƏT YARDIMI

Bir hemodializ seansının qiyməti 18 min dramdır, yəni 50 dollar. Bu məbləği dövlət ödəyir. Xəstə dövlət proqramı çərçivəsində ödənişsiz müalicə alır. Hərçənd hər seans üçün 50 dollar ödəmək dövlət üçün böyük yükdür. Belə ki, günaşırı olaraq təxminən 500 pasient hemodializlə təmin olunur.

Digər tərəfdən hemodializ aparatları da ucuz deyil. Hər birinin qiyməti orta hesabla 15 min avrodur. Ermənistanda bu cür 100 aparat var.

59 yaşlı Qoar böyrəyinə görə 9 il müalicə olunub, il yarımdır ki, hemodializ alır. Deyir ki, uşaqları var, lakin böyükdürlər və özlərini saxlamaq iqtidarındadırlar. Qoar həyat yoldaşından narahatdır, onun üçün mübarizə aparır, məhəbbətləri naminə:

Arxiv foto
«Mən hər zaman belə düşünmüşəm ki, bütün çətinlikləri həyat yoldaşımın xatirinə üstələyə bilərəm. Qızlarımın ailələri, yaxşı şəraitləri var. Ancaq yoldaşım elə yaşda deyil ki, yenidən evlənsin. Mən ona hər zaman deyirəm ki, səni tək qoymamaq üçün hər şey edərəm».

«MÜALİCƏSİZ XƏSTƏNİN YAŞAMAQ EHTİMALI YOXDUR»

Qoar danışır ki, hemodializdən sonra həyatı kəskin dəyişib. Bu ona yaşamaq üçün verilən ikinci şansdır. İndi hər dəqiqəsinin qiymətini bilir. Ancaq təəssüf ki, ürəyi istədiyi kimi yaşaya bilmir:

«Evdə bir işin qulpundan yapışmaq istəyirəm. Ev işləri ilə məşğul olmağı sevirəm, ancaq gücüm qalmır, ayaq üstündə dayana bilmirəm. Çox çətindir. Yemək bişirməyi xoşlayıram ancaq bu, mənim üçün bir arzudur».

Dializ mütəxəssisi Qaqik Papikyan deyir ki, əgər xəstə müalicə almasa onun yaşamaq ehtimalı yoxdur. Sayılı günləri qalacaq. Elə 59 yaşlı Qoar da etiraf edir ki, bəzən inamını itirir, ümidsizliyə qapılır, ancaq sonradan özünü ələ alır və yenidən mübarizəyə başlayır:

«Əgər insanda xroniki böyrək çatışmazlığı varsa və hemodializ müalicəsi almırsa uzun müddət yaşamayacaq. Dəqiq demək çətindir 10 gün, 20 gün ya bir ay yaşayacaq, ancaq çox az yaşayacaq».
XS
SM
MD
LG