Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:13

Bəxtiyar Hacıyevə vəkili ilə görüş verilmir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
«Bəxtiyarı digər məhbuslardan müxtəlif formalarda uzaqlaşdırırlar. Bəxtiyara yaxınlaşan, onunla söhbət edən dustaqlar sonradan danlanır, nalayiq ifadələrlə təhqir olunurlar. Dustaqlar eni təxminən 70 santimetr olan çarpayılarda yatırlar. Hətta bəzən elə olur ki, 20 nəfərlik baraklara 30-35 nəfər doldururlar. Və bir neçə gün eyni çarpayıda iki nəfər yatmalı olur. Su ilə bağlı ciddi problemlər mövcuddur, içməli su isə ümumiyyətlə yoxdur».

BƏXTİYAR SƏHHƏTİNDƏN GİLEYLƏNİB

Bunu AzadlıqRadiosuna həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev deyir. O, Bəxtiyarla avqustun 1-də Qızıldaş qəsəbəsi 14 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Deyir görüş zamanı Bəxtiyar Hacıyev ona saxlanma şəraitindən şikayət edib. Bildirib ki, 20 nəfərlik baraklarda 30-35 nəfər saxlanılır, hətta dustaqlar arasında yoluxucu xəstəlikləri olanlar da var. Vüqar Hacıyev deyir ki, qardaşı səhhətindən də gileylənib:

«Bəxtiyarın sağ gözündə problem var. Hələ Harvard universitetində oxuyarkən həkim müayinəsindən keçəndə onun kiçik əməliyyat olunması və xəstəliyin yayılmaması üçün özünü günəş şüası və tozdan qoruması tövsiyə edilmişdi. Bəxtiyarın gözündəki xəstəlik bir xeyli artıb və o, bununla bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etsə də həkimlə təmin olunmayıb».

BƏXTİYARIN VƏKİLİ ONUNLA GÖRÜŞƏ BİLMİR

Bəxtiyar Hacıyevin vəkili Sadiq Bağırov isə bir neçə müddətdir hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmir. Vəkil iddia edir ki, görüşün qarşısı qanunsuz olaraq, süni əngəllər yaratmaqla alınır:

«Mənim Bəxtiyar Hacıyevlə görüşməyim üçün təcridxana müəssisəsi Penitensiar Xidmətin adından icazə məktubu tələb edir. Bildirirlər ki, həmin məktub olmadan görüşə icazə verilməyəcək. Mən on gün əvvəl görüşlə bağlı Penitensiar Xidmətə müraciət etmişəm. Lakin onlar mənim poçt ünvanıma cavab məktubunun göndərildiyini bildirsələr də, məktub hələ mənə çatmayıb. Cavab məktubunun surətini təqdim etməkdənsə imtina edilir. Buna görə də mən Bəxtiyar Hacıyevlə görüşə bilmirəm».

Bəxtiyar Hacıyev məhkəmə prosesi zamanı
PENİTENSİAR XİDMƏT XƏBƏRDAR OLUNMALIDIR

14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov bu barədə suallarımızı cavablandırmaqdan imtina etdi:

«Mənim ixtiyarım yoxdur, heç bir suala cavab verə bilmərəm. Siz bütün suallarınızla bağlı Penitensiar xidmətə müraciət edin».

Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə vəkillə müdafiə etdiyi şəxsin görüşü üçün süni əngəl yaradılması iddiasımı qəbul etmir:

«İstənilən vaxtı vəkil gedib, məhdudiyyətsiz görüşə bilər. Cəzaçəkmə müəssisəsi xüsusi mühafizə olunan obyektdir. Vəkilin məhbus ilə görüşü üçün hər hansı icazə məktubu tələb olunmur, yalnız rəsmi şəkildə Penitensiar xidmət xəbərdar olunmalıdır. Və orda vəkil görüşərkən müqaviləni və orderini təqdim etməlidir».

ANCAQ XƏBƏRDARLIQ TƏLƏB OLUNURSA...

«Əgər xəbərdarlıqdırsa, mən görüşlə bağlı onlara müraciət etmişəm və bu, bizim görüşümüz üçün kifayətdir. Amma cəzaçəkmə müəssisəsi mənim görüşümə icazə vermir ki, gərək Penitensar xidmət tərəfindən görüşə icazə verilsin. Əgər xəbərdarlıqdırsa, əlavə icazə, cavab məktubuna nə ehtiyac var?»

Bu sualı isə vəkil Sadiq Bağırov verir. Vəkil deyir ki, hüquqlarını müdafiə etdiyi şəxslə görüşünə şərait yaradılmaması ilə bağlı məhkəməyə müraciət edəcək.

VƏKİLLƏ GÖRÜŞÜN PROSEDUR QAYDALARI YOXDUR

Müzəffər Baxışov
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, bu cür problemlərin yaranmasının əsas səbəbi vəkillə görüşün Penitensiar xidmətlə bağlı prosedur qaydalarının təsbit edilməməsidir:

«Cinayət Prosessual Məcəllənin 92.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqana vəkillik səlahiyyətini təsdiq edən sənədi və orderi təqdim etməklə müdafiə etdiyi şəxslə görüşə bilər. Lakin Penitensiar xidmətlə bağlı vəkil necə görüşməlidir, bunun prosedur qaydaları indiyə kimi Azərbaycan qanunvericiliyində təsbit olunmayıb. Cinayət Prosessual Məcəllədə və ya Cəzaların İcrası Məcəlləsində vəkilin görüşünün qaydaları təsbit olunmalıdır».

Bəxtiyar Hacıyev iyulun 23-də 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

O, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə hərbi xidmətdən yayınma ittihamı ilə həbs edilib. Həmin ittihamla bu ilin mayında iki illik həbs cəzası alıb. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Bəxtiyar Hacıyev ötən ilin parlament seçkilərində namizədliyini də vermişdi.
XS
SM
MD
LG