Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:22

İslam Partiyası fəallarına qarşı yeni silah və narkotik ittihamları


Ramin Bayramov
Ramin Bayramov
Avqustun 11-i, axşam saatları, Sumqayıtda Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyev saxlanıb. İlkin məlumata görə Qəniyevin maşınından silah və narkotik tapılıb. Bu baradə AzadlıqRadiosuna Arif Qəniyevin vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə müdafiə etdiyi şəxsi MTN saxlayıb:

«MTN-də müstəntiqlə əlaqə saxladıq. Dedilər onlar bu işi MTN-in ya prokurorluğun aparacağı barədə Baş Prokurorluğun qərarını gözləyirlər. Hələlik belə bir qərar yoxdur. Amma gün ərzində olmalıdır».

İŞİN 3-NÜ DƏ EYNİ MÜSTƏNTİQ APARIR


Anar Qasımov deyir ki, avqustun 11-də Arif Qəniyevdən başqa Azərbaycan İslam Partiyasının Lahıcda və Bakıda daha 2 üzvü də saxlanıb. Onlardan da harkotik götürüldüyü bildirilir. İşin 3-nü də eyni müstəntiq aparır.

Respublika prokurorluğundan bu məsələ ilə bağlı MTN-lə əlaqə saxlamağı tövsiyyə etdilər. MTN-nin ictiamayyətlə əlaqələr şöbəsindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı.

YENƏ SİLAH, YENƏ NARKOTİKA...

Avqustun 11-də həmçinin «İslam-azeri» internet qəzetinin baş redaktoru Ramin Bayramovun da saxlanıldığı barədə məlumat var. Üzərində axtarış zamanı ondan da narkotik vasitə götürüldüyü, Xırdalandakı evindən isə silah tapıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna danışan Azərbaycan İslam Partiyasından «Dindarların hüquqlarını müdafiə komitəsi»nin sədri Natiq Kərimov baş verənlərə münasibətlərinin yaxşı olmadığını deyir. O hesab edir ki, silah, narkotik və digər bu kimi vasitələrlə həbslər həyata keçirmək dövlətə yaraşmır:

Vəkil Anar Qasımov
«Belə çıxır ki, saxlanılanlar hamısı narkomanmış, xəbərimiz yox imiş. 30 ildir mən bu işdəyəm. Belə çıxır ki, sabah məndən də narkotik tapılacaq? Biz bunu qəti qəbul eləmirik. Azərbaycan huquq sistemində belə şeylərin əmələ gəlməsini pisləyirik. Və bu deyilənlər də heç vaxt sübut edilə bilməyəcək. Çünki insanların əvvəlki həyat tərzi, sonrakı, hətta zindanda olandakı davranışı da bunun bariz nümunəsidir».

Natiq Kərimov hakimiyyət nümayəndələrinin bununla nəyə nail olmaq istədiklərini dərk edə bilmədiyini deyir.

«BU CÜR YANAŞMALAR QEYRİ CİDDİDİR»

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, deputat Fəzail Ağamalı isə deyir ki, əgər onların üzərindən, yaxud evlərindən narkotik və ya silah tapılırsa, deməli bu bir həqiqətdir:

Fəzail Ağamalı
«Bu və ya digər hallarda kiminsə özünə, yaxud da tərəfdarlarının həmin adama haqq qazandırmaq üçün istifadə etdiyi universal bir anlayış var: Filankəsin cibinə narkotik, yaxud evinə silah qoyub sonradan onun adına yazdılar. Bu cür yanaşmalar qeyri ciddi yanaşmalardır. Və düşünürəm ki, özünə hörmət edən KİV-lər də bu sözlərə sadəcə olaraq təbəssümlə yanaşmalı və inanmalı deyillər».

Fəzail Ağamalı deyir ki, Azərbaycan dindarlarının dövlətdən narazı qalmaları üçün heç bir əsəsları yoxdur. Onun sözlərinə görə, narazı qalanlar kənardan-xüsusilə də İran İslam Respublikasından təlimatlandırılan, bu və ya digər şəkildə fəaliyyətləri proqramlaşdırılan şəxslərdir. Fəzail Agamalı düşünür ki, belə insanların fəaliyyəətində Azərbaycanın dövlət quruluşuna və konstitutsiyasına kifayət qədər zidd əməllər var. Onun sözlərinə görə, bu əməllərə qarşı da Azərbaycanın hüquq mühafizə orqanlarının yeri gəldikdə müvafiq addımlar atması düzgün qarşılanmalıdır.

Vəkil Anar Qasımov isə deyir ki, ittihamları səsləndirmək hələ tezdir. Vəziyyətin nə yerdə olduğu barədə yalnız işlə tanış olduqdan sonra konkret nəsə söyləmək mümkündür.
XS
SM
MD
LG